Məhkəmə qərarları › İş №2(011)-5783/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5783/2025

15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5783/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası xx.xx.1956-cı il təvəllüdlü X1 rayonu, Talalar kəndində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixində qəflətən yaşadıqları binanın yanında yerləşən 245 saylı məktəbin yanında vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri 3 saylı qəbirstanlığında dəfn olunmuşdur. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X2 adına ölüm haqqında şəhadətnamə verilmədi. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında X3 şahid qismində ifadə verərək izahatında bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşıdır, X5 isə onun qayınatasıdır. Yoldaşı, qayınatası və uşaqlarla birlikdə parka getmişdilər, parkdan qayıdanda uşaqlarla evə qalxdılar, qayınatsı binanın həyətində qaldı, elə orda da öldü. Heç bir xəstəliyi yox idi, ölümü qəfil oldu. Ölümündən 7 dəqiqə qabaq bir yerdə olmuşdurlar. Ölüm xəbəri ilk öncə mərhumun bacısına, sonra onlara gəlmişdi. Ölüm hadisəsi ayın 19-u olub, Sabunçu rayon Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək izahatında bildirmişdir ki, o, Ərizəçi bacanağıdır, ölüm faktını təsdiqləyir, özü dəfn mərasimində iştirak edib. Mərhum Sabunçu rayonunda Zabratda dəfn olunub. İş materiallarında olan AZE seriyalı, 08454781 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixində Balakən rayonu, Talalar kəndində doğulmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 3-16/5/8-4xx-xx/2025 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq Ərizəçi bildirilmişdir ki, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilmesi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır." Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə Ərizəçi tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərizəçinin atası X2 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 38 nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-1-44/2-97/2025 saylı Arayışdan görünür ki, vətəndaş xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixində 245 saylı məktəbin yanı ünvanında vəfat edib. 38 nömrəli Şəhər poliknikasına son 2 (iki) ildə ölümə səbəb olacaq heç bir xəstəliklə müraciət olunmayıb. Sonuncu müraciət xx.xx.2023-cü il tarixində kardioloq və xx.xx.2025-ci il tarixində oftalmoloqun müayinəsində olub. Bununla əlaqədar poliknikadan Forma 106 verilməsi mümkün olmadı. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Respublika Təcili və X4 Mərkəzi” X12 tərəfindən Bakı şəhəri Xətai rayon Prokurorluğuna göndərilmiş xx.xx.2025-ci il tarixlİ, 18-1-88/2-2072/2025 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 21:23-də “Respublika Təcili və X4 Mərkəzi” X11 Mərkəzi Çağrı Xidmətinə (103), Xətai rayonu Xudu Məmmədov küçəsi 245 saylı məktəbin yanı ünvanından “naməlum kişi cinsli meyid“ adına çağırış daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 138 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. O, Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında vəfat etmiş, ünvan 2 qəbirstanlıqda dəfn olunmuşdur. Ərizəçi mərhumun oğludur, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməldir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar