Məhkəmə qərarları › İş №2(011)-5843/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5843/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5843/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il tarixdə doğulmuş əri X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və izahat verərək bildirdi ki, həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə qəflətən kirvələrinin evində, qonaq getdiyi Mehmandarov 70, blok 3 ünvanında vəfat etmişdir. Mərhum hadisədən qabaq 2 dəfə infakt keçirib. Yoldaşının ölüm xəbəri ona bildirilən kimi, həmin ünvana gedib və orada təcili təbbi yardımın olduğunu görüb. Onun vəfatından sonra elə həmin günü Lənkəran rayonu Y.Nüvədi kəndində dəfn olunmuşdur. Hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: 2 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/1686/70 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Bakı Baş Səhiyyə Mərkəzi” X5 38 Nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixli 273 saylı arayışdan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnamənin (Forma N106) verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibat ərazi dairəsi üzrə nümayəndəliy tərəfindən xx.xx.2022-ci il tarixli 567 №-li arayışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı Nuvədi kənd qəbirstanlığında dəfn olunub. Hal-hazırda qəbirüstü daşı da vardır. Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16 avqust 2022-ci il tarixdə, saat 07.53-də Mehmandarov 70, blok 3 ünvanına X1 adına çağırış olmuş və kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 04350447 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1955-ci il tarixdə Azərbaycan, Lənkəran ray., Y.Nüvədi kəndində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Azərbaycan, Lənkəran ray., Y.Nüvədi kəndində doğulmuşdur. İ-ЖГ seriyalı 487824 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ruslan Məmmədov ifadəsində göstərdi ki, mərhumun oğludur. Həmin gün lift işləmədiyi üçün qonaq getdiyi evə pilləkanları qalxaraq çıxıb və daha sonra vəziyyəti pisləşib. İşdən çıxıb ora gedəndə atası artıq vəfat etmişdir. Orada ev yiyəsi, uşaqları və təcili tibbi yardım var idi. Hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Mərhum Lənkəran rayonunda dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Fəxriyə Əliyeva ifadəsində göstərdi ki, 40 ildir mərhumun qapı bir qonşusu olmuşdur. Həmin gün bloku supürəndə görmüşdur ki, mərhum gedir kirvələrinin evinə, hətta ona hava çox isti olduğu üçün bayıra çıxmamağı məsləhət bilib. Çünki onun əvvəllər infakt keçirdiyini bilib. O isə narahat olmamağı bildirib. Daha sonra o eşidib ki, mərhum qonşusu getdiyi evdə halı pisləşib və vəfat edib. Həmin gün o da dəfndə iştirak etmək üçün Lənkəran rayonuna gedib və dəfndə iştirak edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2022--ci il tarixdə ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 04 mart 1955-ci il tarixdə Lənkəran rayonunun Y.Nüvədi kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar