Məhkəmə qərarları › İş №2(011)-5982/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5982/2023

08.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5982/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış sazişin təsdiq olunması barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən, hər iki tərəf aralarında bağlanmış nikahın pozulmasına razılıq verirlər, həmçinin Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2013-cü il təvəllüdlü X2 hər ayın 1-dən 10-na qədər hər uşağa aylıq 200 (iki yüz) manat ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X3 AZ-İV 774683 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında müəyyənləşdirilmiş soyad və ata adının dəyişdirilməsinə razılıq vermələri də qeyd edilən barışıq sazişinin şərtlərində öz əksini tapmışdır. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi sazişi bağlanmış və bütün şərtlər razılaşdırılmışdır. Qeyd olunanlara əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə ərizəçinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə “tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X3 AZ- İV 774683 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında müəyyənləşdirilmiş soyad və ata adının dəyişdirilməsinə razılıq vermələri” barədə sazişin 2.3-cü maddəsinin təsdiq edilməsi hissəsində təmin edilməli deyil. Belə ki, iş materiallarında olan Ərizəçi (“Birinci tərəf”) ilə Maraqlı şəxs (“İkinci tərəf”) arasında bağlanmış və mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinə əsasən Ərizəçi və Maraqlı şəxs nikahın pozulmasın razılıq verirlər. Həmin sazişin 2.2-ci bəndinə əsasən Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2013-cü il təvəllüdlü X2 hər ayın 1-dən 10-na qədər hər uşağa aylıq 200 (iki yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin sazişin 2.3-cü bəndinə əsasən tərəflər xx.xx.2023-cü il təvəllüdlü X3 AZ-İV 774683 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında müəyyənləşdirilmiş soyad və ata adının dəyişdirilməsinə razılıq verirlər. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Nəbiyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəbiyeva Vəfanın atası “Ərizəçi” anası isə “Maraqlı şəxs” göstərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəbiyev Sübhanın atası “Ərizəçi” anası isə “Maraqlı şəxs” göstərilmişdir. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə izahatından görünür ki, sazişi bağlayan tərəflər xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərini pozmayıblar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Belə ki, iş materiallarından görünür ki, ərizəçi tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X1 AZ-İV 774683 nömrəli doğum haqqında şəhadətnaməsində ata qrafasında müəyyənləşdirilmiş soyad və ata adının dəyişdirilməsinə razılıqlarının verilməsi barədə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin 2.3-cü maddəsinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan sazişin 2.3-cü maddəsinin məzmunu qanunun tələblərinə zidd olduğundan, sazişin həmin hissədə təsdiq olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Belə ki, doğum haqqında şəhadətnamənin “ata” qrafasında aparılan qeydlər mediasiya prosesi nəticəsində bağlanılan barışıq sazişi əsasında deyil, qanunda birbaşa göstərilmiş prosedur daxilində aparılır. (Ailə Məcəlləsinin 46.1, 46.2, 47.1-ci maddələri). Buna görə də doğum haqqında şəhadətnamənin ata qrafasının məzmununun tərəflərin mediasiya prosesi nəticəsində bağladıqları sazişin əsasında müəyyənləşdirilməsi barədə müddəaları nəzərdə tutan sözügedən sazişin 2.3-cü maddəsinin təsdiq olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizəçi “Birinci tərəf” Ərizəçi ilə “İkinci tərəf” Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin təsdiq edilməsi barədə ərizəsi həmin sazişin “Tərəflərin xx.xx.2022-ci il təvəllüdlü X1 AZ-İV 774683 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında müəyyənləşdirilmiş soyad və ata dəyişdirilməsinə razılıqlarının verilməsi barədə” 2.3-ci maddəsinin təsdiq edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar