Məhkəmə qərarları › İş №2(011)-60/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-60/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-60/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «qarajın sahiblik və istifadəsinə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən birmaşınlıq qarajın onun sahibliyinə və istifadəsinə verilməsi vəzifələrinin Cavabdehnə həvalə edilməsi və ya tərəfindən ödənilmiş 10000 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən 1 (bir) maşınlıq qarajın onun sahibliyinə və istifadəsinə verilməsi vəzifələrinin Cavabdehnə həvalə edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 14 avqust 2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən 1 maşınlıq qarajı əvvəlki payçı X2 öz razılıq ərizəsi ilə gələcəkdə payçı olan İddiaçı adına sənədləşdirmiş, payçı İddiaçı qarajın dəyərini - 10000 (on min) manatı əvvəlki payçı Sevinc Hacılarovaya ödəmişdir. Cavabdeh MMC-nin direktoru Cəfərov tərəfindən verilmiş 14 avqust 2011-ci il tarixli maliyyə araşından da görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış binası Cavabdehnə məxsusdur, bu yaşayış binasının zirzəmisində yerləşən qarajın pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliklər lazımi qaydada yerinə yetirilmiş, qarajın dəyəri tam şəkildə əvvəlki payçıya ödənilmişdir. Lakin Cavabdeh ilə artıq 11 ildir ki, müqavilə bağlanmasına baxmayaraq, həmin qaraj bu günə kimi iddiaçının sahiblik və istifadəsinə verilmir. İddiaçı cavabdeh tərəflə dəfələrlə əlaqə saxlayıb qarajın təhvil verilməsi ilə bağlı müraciətlər etsə də qarşı tərəf üzərinə düşən öhdəlikləri bu günə qədər yerinə yetirməmişdir. Yaranmış bu vəziyyət isə iddiaçının mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. İddiaçı Cavabdeh MMC-yə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, qarajın 1 həftə ərzində təhvil verilməsi ilə bağlı pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh tərəfindən qarajın təhvil verilməsi ilə bağlı hər hansısa bir tədbir görülməmişdir. Odur ki, yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddianı müdafiə edib, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən 1(bir) maşınlıq qarajın onun sahibliyinə və istifadəsinə verilməsi vəzifələrinin Cavabdehnə həvalə edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. İddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-yə müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi, qarajın 1 həftə ərzində ona təhvil verilməsi ilə bağlı xəbərdarlıq etmiş, əks halda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə bildirmişdir. İş materiallarında olan 14 avqust 2011-ci il tarixli 89 saylı müqavilənin surətindən görünür ki, “Satıcı” ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının (“bundan sonra yaşayış binası”), 23-cü mərtəbəsində tikinti sahəsi 191,4 kv.m-dən ibarət olan 4otaqlı mənzil № 104 “Alıcı”ya təhvil verilir. Mənzilin ümumi dəyəri: 153120 (bir yüz əlli üç min yüz iyirmi) manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X1 ödənilmişdir. İş materiallarında olan 14 avqust 2011-ci il tarixli müqavilənin surətindən görünür ki,

1. Əvvəlki payçı X2 1 maşınlıq qarajı öz razılıq ərizəsi ilə gələcəkdə payçı olan İddiaçı adına sənədləşdirir. 2. Payçı İddiaçı qarajın dəyərini 10000 (on min) manatı əvvəlki payçı X1 ödəyir. 3 Qaraj, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşir. (Bina 4) İş materiallarında olan Cavabdeh MMC-nin 14 avqust 2011-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 191,4 kv.m olan 4-otaqlı 104 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC-nin 14 avqust 2011-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının zirzəmisində yerləşən qarajın pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 5/980-4/1236 saylı ekspert rəyindən görünür ki:

1. Təqdim edilmiş X2 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2011-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef kilşe vasitəsi ilə sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar.

2. Tədqiq olunan X2 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2011-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında “Direktor” sözlərinin qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdirlər.

3. Təqdim edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 14 avqust 2011-ci il tarixli, 89 nömrəli müqavilənin reproqrafik surətlərinin üzərində olan möhür əksi və “Direktor” sözünün qarşısındakı imza reproqrafik surət olub surətçıxaran aparat vasitəsilə sənədlərin üzərlərinə köçürülmüşdürlər.

4. Tədqiq edilmiş X2 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2011-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının və Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 14 avqust 2011-ci il tarixli, 89 nömrəli müqavilənin reproqrafik surətinin üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” Cavabdeh məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhür sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.

5. Ekspertizaya təqdim edilmiş, mülki işin 44-cü vərəqində olan 14 avqust 2011-ci il tarixli, müqavilədə “Direktor” qrafasındakı imza və 43-cü vərəqində olan 14 avqust 2011-ci il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru” qrafasındakı imza – X4 tərəfindən icra olunmuşdur.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762.1-762.3-cü maddələrinə əsasən, podratçı sifarişci ücün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, ücüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə ücün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh MMC arasında 14 avqust 2011-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən 1 avtomobillik qarajı əvvəlki payçı X2 öz razılıq ərizəsi ilə gələcəkdə payçı olan İddiaçı adına sənədləşdirmiş, payçı İddiaçı qarajın dəyərini - 10000 (on min) manatı əvvəlki payçı Sevinc Hacılarovaya ödəmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 14 avqust 2011-ci il tarixli maliyyə araşından da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış binası Cavabdehnə məxsusdur, bu yaşayış binasının zirzəmisində yerləşən qarajın pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliklər lazımi qaydada yerinə yetirilmiş, qarajın dəyəri tam şəkildə əvvəlki payçıya ödənilmişdir. Lakin Cavabdeh ilə artıq 11 ildir ki, müqavilə bağlanmasına baxmayaraq, həmin qaraj bu günə kimi iddiaçının sahiblik və istifadəsinə verilmir. İddiaçı cavabdeh tərəflə dəfələrlə əlaqə saxlayıb qarajın təhvil verilməsi ilə bağlı müraciətlər etsə də qarşı tərəf üzərinə düşən öhdəlikləri bu günə qədər yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi bağlanmış müqavilə əsasında yalnız iddiaçıya məxsus olduğundan, bununla da fərdi müəyyən əşya hesab olunduğundan, iddiaçı göstərilən qeyri-yaşayış sahəsinin ona sahibliyə və istifadəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdehnə məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış binasının zirzəmisində yerləşən qarajın İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsi cavabdeh Sahil-D Kompani» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən 1 avtomobillik qaraj İddiaçı sahibliyə və istifadəyə verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar