Məhkəmə qərarları › İş №2(011)-6000/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6000/2022

17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6000/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1910-cu il təvəllüdlü XXX Nazdı İsak qızının xx.xx.2020-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1910-cu il təvəllüdlü nənəsi XXX Nazdı İsak qızı xx.xx.2020-ci il tarixində dünyasını dəyişmişdir. xx.xx.2020-ci il tarixində nənəsinin vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X3 Stansiyası çağırılmışdır. Lakin Təcili və X3 Stansiyası gəldikdə nənəsi artıq dünyasını dəyişmişdi. Yaxın qohumların iştirakı ilə nənəsi Kürdəxanı qəbiristanlığında dəfn edilmişdir. Nənəsinin dəfn mərasimindən sonra ilk öncə ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 6 nömrəli şəhər Poliklinkası tərəfindən təqdim edilməsini xahiş etmiş, mərhumun tibbi kartası araşdırılmış və vəfatının əsaslı səbəbi müəyyən olunmadığından ölüm arayışı (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan başqa, ölüm haqqında şəhadətnamənin alınması üçün 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsnəi müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli 05/Q-1706/15 saylı məktubla şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.1910-cu il təvəllüdlü nənəsi XXX Nazdı İsak qızının ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İsak qızının qızı, ərizəçinin bibisi olduğunu, anası Nazdı İsak qızının xx.xx.2020-ci ildə vəfat etdiyini və Kürdəxanı kənd qəbirsanlığında dəfn olunduğunu, özünün də dəfn mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində ərizəçinin işçisi və X4 ərizəçinin dostu olduğunu göstərərək, onun nənəsi Nazdı İsak qızının xx.xx.2020-ci ildə vəfat etdiyini və Kürdəxanı kənd qəbirsanlığında dəfn olunduğunu, özlərinin də dəfn mərasimində iştirak etdiyini bildirdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Gürcüstan, Mtsxeta rayonu, Aqaraki kəndində anadan olmuşdur. Atası qrafasında Əliqara Novruz oğlu qeyd olunmuşdur. AZ-İİ seriyalı 263791 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliqara Novruz oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, Nazdı İsak qızının qəbir daşının üzərində xx.xx.1910-cu il tarixdə anadan olması, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Onun qəbri Əliqara Novruz oğlunun qəbrinin yanında yerləşir. Xətai rayon 90 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Nazdı İsak qızı vəfat etdiyi günədək nəvəsi Ərizəçi ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 288 nömrəli arayışından görünür ki, Nazdı İsak qızı xx.xx.2020-ci ildə dünyasını dəyişmiş və Abşeron rayonu Məmmədli kənd X9 Kürdəxanı qəbiristanlığında dəfn olunmuşdur. 6 nömrəli Şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 197 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, 1910-cu il təvəllüdlü Nazdı İsak qızı xx.xx.2020-ci il tarixdə vəfat etdiyi və yaşadığı müddətdə poliklinikaya müraciət etmədiyi üçün ona ölüm haqqında sənədin (f-a 106) verilə bilmədiyi göstərilmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 1706/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum nənəsi xx.xx.1910-cu il təvəllüdlü XXX Nazdı İsak qızının ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasına görə məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə Nazdı İsak qızının ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi müyyən edilməmişdir və ərizəçi bu səbəbdən məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.” Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi nənəsi, xx.xx.1910-cu il təvəllüdlü XXX Nazdı İsak qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1910-cu il təvəllüdlü XXX Nazdı İsak qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar