Məhkəmə qərarları › İş №2(011)-6027/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6027/2024

09.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6027/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı Nikah Evində 1598 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur.

2. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün maraqlı şəxsdən xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 15-dən 20-dək qədər hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi ilə bağlı tərəflər razılığa gəlmişlər.

3. Maraqlı şəxs tərəfindən Barışıq sazişinin şərtləri icra edilmir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

4. Ərizəçi xx.xx.2023-cü il tarixdə maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi ərizəsində qeyd etmişdır ki, maraqlı şəxlə nikaha daxil olmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Maraqlı şəxslə aralarında mübahisə olduğundan, nikahın pozulması ilə bağlı əvvəl 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, sonra nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinə iddia tələbi irəli sürmüşdür. Məhkəmə iclasında uşaqların saxlanması barədə razılığa gəldiklərinə görə alimentin tutulması hissəsində imtina etmişdr. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, N92(011)-2820/2023 nömrəli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, maraqlı şəxslə xx.xx.2023-cü il tarixdə 1598 nömrəli akt qeydi ilə Bakı nikah evində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra, birgə nikahdan olan uşaqların onun yanında saxlanması qət edilmişdir. Qısa müddət keçdikdən sonra maraqlı şəxs uşaqların saxlanması üçün aliment barədə aralarında olan razılaşmanı pozduğundan, o, alimentin tutulması barədə Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. O, maraqlı şəxslə xx.xx.2023-cü il tarixində, mediator X1 iştirakı ilə Bakı 8 saylı Mediasiya təşkilatında alimentin verilməsi bağlı barışıq sazişi imzalamışlar. b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:

6. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxsə məhkəmə iclasında izahat verərək bildirdi ki, barışıq sazişini imzalasa da, hər ay 400 manat məbləğində alimenti ödəməyə maddi imkanı çatmır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəllləsi:

9. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

10. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

11. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

18. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

19. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

21. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır.

23. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.

24. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

25. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin 1-ci bəndində maraqlı şəxsin ərizəçiyə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq övladları hər ayın 15-dən 20-dək ərizəçinin təqdim etdiyi bank hesabına hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimenti ödəməyi öhdəsinə götürməsi, Sazişin 2-ci bəndində isə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment məbləğinə görə maraqlı şəxsin yaratdığı 3080 manat aliment borcunu etiraf etməsi, və bu vəsaitin xx.xx.2023-cü il tarxidən etibarən ərizəçiyə hissə-hissə 6 ay olmaqla, hər ayın 15-dən 20dək birici ay üçün 580 manat, sonrakı 5 ay üzrə 500 manat olmaqla 2024-cü ilin mart ayına qədər ödənilməsi barədə maraqlı şəxsin öhdəlik götürməsi nəzərdə tutulmuşdur.

26. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndləri qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin həmin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 1-ci və 2-ci bəndlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndləri ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

27. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndləri qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişinin 1-ci və 2-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin:

1. Birinci tərəf: Ərizəçi bu sazişi imzalamaqla Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 15-dən 20-dək (Ərizəçi təqdim edəcəyi bank hesabına) hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf: Ərizəçi bu sazişi imzalamaqla Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün ona xx.xx.2023-cü il tarixdən etibarən hər uşağa görə 220 manat olmaqla, ümumilikdə isə hər ay 440 manat aliment məbləğinə görə yaratdığı 3080 manat borcu etiraf etməsi ilə və bu vəsaitin xx.xx.2023-cü il tarixdən etibarən ona hissə-hissə 6 ay müddətinə hər ayın 15-dən 20-dək, birinci ay üçün 580 manat, sonrakı 5 ay müddətində isə 500 manat olmaqla, 2024-cü ilin mart ayına kimi (Maraqlı şəxs təqdim edəcəyi bank hesabına) ödəyəcəyi ilə bağlı öz üzərinə öhdəliklə razıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar