Məhkəmə qərarları › İş №2(011)-6037/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6037/2024

28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6037/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər iddiaçı ilə iş yoldaşı Ayaz Bayramovun (Ayaz Bayramov cavabdehlərin sinif yoldaşı olmuşdur) vasitəçiliyi ilə tanış olmuşlar. Tanışlıqdan sonra məlum olmuşdur ki, Cavabdeh1 sifarişlə satış məqsədilə xarici ölkədən avtomobil gətirir. İddiaçı da Cavabdeh1 ona xarici ölkədən avtomobil alıb gətirməyi tapşırmış və bununla bağlı onlar arasında 2023-cü ilin əvvəllərində şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsasən Gürcüstan Respublikasında yaşayır.

2. İddiaçı ilə Cavabdeh1 arasında “WhatsApp” sosial şəbəkəsində aparılan yazışmaların surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə sonuncunun göndərdiyi, üzərində “MEHMAN AGHAKİSHİ” adı qeyd edilən **********219247 nömrəli karta iddiaçı tərəfindən 3770 manat pul göndərilmişdir.

3. İşdə olan “Zolotaya Karona” beynəlxalq pul köçürmə sistemi vasitəsi ilə göndərişin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 5765 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Cavabdeh1 Cavabdeh2 qardaşdır.

4. Bundan başqa, iddiaçının şikayəti əsasında Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılmış və İŞ-nin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin bağlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının şikayəti polis orqanında araşdırılarkən Cavabdeh1 tərəfindən ona 1500 ABŞ dolları məbləğində pul ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehlərdən 14500 ABŞ dolları və ödənilmiş 165 manat dövlət rümumunun müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlər 2023-cü il tarixdə vədlər verərək ondan 14000 ABŞ dolları və 3370 manat pul vəsaitini ələ keçirmişlər. Cavabdehlər iddiaçının iş yoldaşı Ayaz Bayramovun sinif yoldaşlarıdır. İddiaçı özünə avtomobil almaq istədiyini Ayaza bildirəndə o, demişdir ki, tanışları (cavabdehlər) bu işlə məşğul olurlar. 2023-cü il tarixdə ona avtomobil gətirməyi barədə vədlər verərək güya Alim ona Gürcüstan Respublikasından “BMW F10” markalı avtomobil gətirəcək. xx.xx.2023-cü il tarixdə 3370 manat pulu yaşadiğı evin yaxınlığında yerləşən marketdə olan terminal vasitəsi ilə Alimin 4139-8000-8021-9247 nömrəli kart hesabına, qalan 7000 ABŞ dollarını isə iş yoldaşı Şahid2 vasitəsi ilə Gürcüstan Respublikasında yaşayan Alimə göndərmişdir. Bir müddət sonra isə avtomobilin təmiri üçün 1000 ABŞ dolları pulu da Gürcüstanda olan Cavabdeh1 göndərimiş, daha sonra iş yoldaşı Allahverdiyev Şahid1 Süleyman oğlu da özünə xarici ölkədən avtomobil almaq istədiyini bildirdikdə iddiaçı Şahid1 Alimlə tanış etmiş, Şahid1 də onun vasitəsi ilə 6000 ABŞ dolları pulu Gürcüstana Cavabdeh1 göndərilmişdir. Daha sonra, "xxxx" ASC-nin Sumqayıt filialında MCTRANS şirkətinin hesabına 28.238 ABŞ dolları pul vəsaiti göndərilmişdir. Bir müddət sonra Cavabdeh1 6000 ABŞ dolları pulu şəxsi ehtiyaclarına xərclədiyini dediyi üçün iddiaçı bu barədə iş yoldaşı Şahid1 deməkdən utanmış və 6000 ABŞ dolları pulu öz hesabına qaytarmışdır. Sonuncu dəfə isə iddiaçı Alimin qardaşı Azim ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Zəmzəm” adlı çay evində görüşüb ona 6000 ABŞ dolları vermişdir. Ona ümumilikdə 3370 manat və 48238 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Həmçinin iş yoldaşı Şahid1 üçün sifariş etdiyi avtomobil gəlmiş, lakin onun avtomobili bu günə kimi gəlməmişdir. Buna görə də, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmiş və xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-də “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı” nda HK-İ/İ 18 nömrəli ilə qeydə alnaraq araşdırma aparılmışdır. Toplanmış material baxılması üçün xx.xx.2024-cü il tarixdə İstintaq şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi polis mayoru Məhəmmədəli Cümşüdovun icratına daxıla olaraq araşdırılmış və həmin mübahisə Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən mülki mübahisələrdən irəli gələn işlərlə ümumi məhkəmələrdə baxılmalı olduğundan həmin iş ilə əlaqədar ümumi məhkəmələrə müraciət etmək hüququnun olması ona izah edilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

7. Cavabdeh2 vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı cavabdehlər sırasında Cavabdeh2 qeyd etməklə tərs mütənasiblik yaratmışdır. O, məhkəməyə şahid qismində çağırılan və dindirilən Şahid2 Qoşqarova da Cavabdeh1 pul çatdırması üçün tapşırıq verdiyi kimi Cavabdeh2 qohumluq münasibətinə görə qardaşına pul köçürməsini xahiş edərək tapşırıq vermişdir. Lakin mübahisə yarandıqda o hər iki şəxsi, yəni Şahid2 Qoşqarov və Cavabdeh2 cavabdeh qismində deyil yalnız Cavabdeh2 cavabdeh qismində qeyd etmişdir. Bu isə qanuna ziddir. İddiaçı Mehman Atakişiyevin kart hesabına köçürdüyü pula münasibətdə iddiaçı cavabdehin subyektini düzgün seçməmişdir. Mehman Ağakişiyevin kart hesabına kördüyü pulu iddiaçının Mehman Ağakişiyevdən tələb etmək hüququ vardır. Şahid2 Qoşqarov şahid ifadəsində pulun məhz Avtomobil üçün ödənildiyi barədə məlumatı olmadığını bildirmişdir. Şahid1 adlı şəxsin adına rəsmiləşən avtomobil isə onun özünə təhvil verilmiş və bu barədə heç bir iddia yoxdur. İş materialında olan 1000 ABŞ dollarının Cavabdeh1 tərəfindən Ayaz adlı şəxsin hesabına pul ödəməsi Cavabdeh2 münasibətdə heç bir əhəmiyyəti yoxdur.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 6000 ABŞ dolları məbləğində pulu Rafikin əvəzinə o ödədi, çünki, Rafikin ödədiyi 6000 ABŞ dolları mbləğində pulu Alim öz şəxsi ehtiyaclarına xərcləmişdi. Azim isə ona zəmanət vermişdi ki, lazım olsa, pulu özü qaytaracaq. Hətta, o, Alimlə danışmaq üçün qohumu ilə birlikdə Gürcüstana getmiş, lakin, ora getdikdən sonra Alimin Polşaya getdiyini öyrənmişlər.

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlər qardaşdırlar, onlar bir işləyiblər. Cavabdeh1 Gürcüstanda yaşasa da, Cavabdeh2 burada iddiaçını arxayın salmışdır ki, narahat olmasın, sifariş etdiyi Avtomobil gələcək.

10. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Avtomobilə dair ödənişlərin heç biri cavabdehlərin istifadəsində olan kart hesablarına köçürülməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsini xahiş etdi.

11. Cavabandeh Cavabdeh2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, qardaşı Alim iddiaçıya “Toyota Highlander” markalı avtomobil gətirməliydi. Amma həmin məbləğin 6000 ABŞ dolları çatmırdı, çünki ümumi məbləğin üstündən Alim xərcləmşdi. Bir gün sinif yoldaşı Ayaz ona zəng etdi ki, iddiaçını polis saxlayıb, kiməsə maşın gətirib, qadaşına desin, kömək etsinlər. Başqa qohumlar vasitəsi ilə Alimlə danışdıqan sonra iddiaçı ilə danışaraq bildirmişdir ki, Alim deyib ki, hissə-hissə qaytarmaq üçün 6000 ABŞ dolları ona borc versin. İddiaçı əvvəl razı olmasa da, sonradan ona demişdir ki, pulu tapıb. Baxıxanov qəsəbəsində iddiaçı ilə görüçdülər, iddiaçı ona 6000 ABŞ dolları verdi və dedi ki, avtomobil (“Toyota Highlander” markalı avtomobili nəzərdə tutur). Ona veriləcək 200 ABŞ dollarını başqa bitr adamdan götürəcəyi üçün qardaşı ona iddiaçı göndərdiyi puldan 200 ABŞ dolları götürüb qalanını qardaşına göndərdi.

12. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında şahid X1 izahatında bildirdi ki, cavabdehlər onun sinif yoldaşları olub. 2023-cü ildə Alim ona “BMW” markalı avtomobilin şəklini atmış, o həmin avtomobili 3500 dollara almışdır. Bu barədə dedikdə iddiaçı avtomobil almaq istədiyini bildirmişdir. 2023-cü ilin may ayında onun avtomobili gəlmiş, amma pulu olmadığından sərhəddən keçirə bilməmişdir. İddiaçının Avtomobili isə şirkətdə qalmışdır. Alim hər dəfə deyirdi ki, “Mehman adlı şəxs onu aldadıb. Onlar isə bunun onlara heç bir aidiyyatı olmadığını bildiriblər. İddiaçının sifariş etdiyi avtomobil “BMW” markalı avtomobili idi. Daha sonra, “Toyota” markalı avtomobili də danışdı ki, göndərəcəklər. İddiaçı 6000 dolları məbləğində pulu “Toyota” markalı avtomobil üçün göndərdi ki, onu tam təmir elətdirib göndərsinlər. Amma sonra Azim dedi ki, həmin 6000 ABŞ dolları məbləğində pulu Alim öz borclarına xərcləyib. “Toyota” markalı avtomobilin alıcısı da hər gün avtomobilini tələb edirdi və iddiaçı da məcbur olub təkrar öz cibindən 6000 ABŞ dolları göndərdi ki, “Toyota” markalı avtomobili alıcısına göndərsinlər. Azim Gürcüstana gedirdi, onda onunla danışdı ki, ikinci dəfə göndərilən 6000 dolları Alimə çatdırsın. Həmin pulu Bakıxanov qəsəbəsində “Aygün Mall”ın arxasında verdilər. Orada görüşəndə Azim dedi ki, narahat olmasınlar, avtomobillər gələcək. X2 özü aparmadı, bank vasitəsi ilə göndərdi. Onlar pulu Azimə verəndə dedi ki, “narahat olmayın. Mən Gürcüstana gedəndə orda atamın da, Alimin də maşını var. Lazım olsa o avtomobilləri satdırıb bu pulu qaytaracam.” Amma sonra dedi ki, “məni narahat etməyin, mənim öz problemlərim var, mənim bu işə aidiyyatım yoxdur.” Azim sonra Polşaya getdi. 2024-cü ilin yanvar-fevral ayları idi, Alim ona zəng edərək bildirdi ki, hesab göndərsin, iddiaçının pulundan 1500 dollar göndərəcək. İddiaçı isə razı olmadı və bildirdi ki, pulu polislə qaytarsınlar. İddiaçı “BMW” markalı avtomobil üçün əvvəl 10000 ABŞ dolları göndərdi. Avtomobil gəldi Batumiyə, ordan Tbilisidə gömrükdən keçməli idi, ancaq Alim bunu etmədi və avtomobil gömrükdə qaldı. Avtomobil Mehman adlı şəxsin adına gətirilmişdi. Alimin də Mehmana borcu olduğuna görə Mehman Rizvanın avtomobilini satdı. Alim onun yanında deyib ki, Rizvan ona 10.000 ABŞ dolları göndərib.

14. Məhkəmə iclasında şahid Qoşqarov Şahid2 Tomay oğlu izahatında bildirdi ki, o, iddiaçı ilə qonşu olmuşdur. O, təxminən 2 il əvvəl Gürcüstan Respublikasına gedəndə iddiaçı ona zəng edərək bildirdi ki, Cavabdeh1 7000 ABŞ dolları məbləğində pul çatdırmalıdır. Həmin pul iddiaçıya avtomobilin alınması üçün gönədərilmişdir. O, Gürcüstan Respublikasına getdikdən 2 gün sonra Cavabdeh1 onun yaşadığı evə gələrək 7000 ABŞ dolları pulu götürmüşdür. Cavabdeh1 pulu götürdükdən sonra iddiaçıya bu barədə məlumat vermişdir. İddiaçı ona bildirmişdi ki, pulu Cavabdeh1a avtomobil satın alınması üçün verir, pulu verərkən də saymışdı və 7000 ABŞ dolları olduğunu dəqiq bilir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

16. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

17. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

20. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

26. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

27. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

33. Məhkəmə işdə iştiak edən şəxslərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

34. Məhkəmə hesab edir ki, iddia tələbi şərti olaraq iki hissəyə ayırmaqla hüquqi qiymət verilməlidir. Tələbin birinci hissəsinə xarici ölkədən iddiaçıya avtomobilin gətirilməsi üçün onun tərəfindən ödənilən pulun qaytarılması, ikinci hissəsinə isə Şahid1 adlı şəxsin sifariş verdiyi avtomobilə görə iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti (6000 ABŞ dolları) ilə bağlı tələb aiddir.

35. Məhkəmə özünə xarici ölkədən avtomobil gətirilməsi ilə bağlı iddiaçı ilə Cavabdeh1 arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, bu hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777-ci maddəsi təşkil edir. Həmin maddədə tapşırıq müqaviləsinə verilən anlayışın dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün 3 şərt tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi – bu şərt həm də müqavilənin qüvvəyə minməsini təsdiq edir; 2) əqdlərin, işlərin və digər xidmətlərin vəkalət verənin tapşırığı əsasında vəkalət alan tərəfindən vicdanla icra edilməsi və 3) əqdlərin, işlərin və digər xidmətlərin icra edilməsi zamanı konkret nəticənin əldə edilməsinə təminat verilməməsi.

36. Yuxarıda qeyd edilən işin hallarından da göründüyü kimi, iddiaçı özünə avtomobil almaq üçün Cavabdeh1 tapşırıq vermiş, o, iddiaçının şifahi tapşırığı əsasında ona xarici ölkədən avtomobilin alınması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Yəni, Cavabdeh1 iddiaçının tapşırığını qəbul etmiş və tərəflər arasında tapşırıq müqaviləsi bağlanmışdır. Tapşırığın qəbul edilməsinin və müqavilənin bağlanmasının digər bir təsdiqi isə iddiaçı tərəfindən avtomobilin alınması məqsədilə Cavabdeh1 “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi və üzərində “MEHMAN AGHAKİSHİ” adı qeyd edilən **********219247 nömrəli kart hesabına iddiaçı tərəfindən 3770 manat pulun göndərilməsi, eləcə də, şahid Bəhman Qoşqarovun məhkəmə iclasında verdiyi izahatla təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısından müəyyən edilir ki, Cavabdeh1 “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə avtomobil şəkilləri göndərmiş və sonuncu ilə iddiaçı arasında bununla bağlı danışıqlar olmuşdur.

37. İddiaçı ilə Cavabdeh1 arasında tapşırıq müqaviləsinin bağlanması üçün tələb edilən digər iki şərtin də mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, avtomobilin alınması ilə bağlı əqd bağlamaq tapşırığını cavabdehə iddiaçı vermişdir. İşin bu halı həm iddiaçının bildirdikləri, həm də məhkəməyə təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısında iddiaçı ilə Cavabdeh1 danışıqlarından bəlli olur. Tapşırıq müqaviləsinin formasına gəldikdə isə bu müqavilə həm şifahi, həm də yazılı formada bağlanması qanunla müəyyən edilmişdir (MM-nin 777.2-ci maddəsi).

38. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, lakin cavabdeh tapşırığı yerinə yetirməyərək öhdəliyini tapşırıq müqaviləsinin mahiyyətinə uyğun olaraq icra etməmişdir. Mülki Məcəllənin 778-ci maddəsi tələb edir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın vicdanla icra edilməsi şərti vəkalət verənin sifarşi (tapşırığı) əsasında vəkalət alan tərəfindən aldığı tapşırığın icra edilməsi üçün ondan asılı olan bütün mümkün zəruri hərəkətləri icra etməsində ifadə olunur. Lakin işin məhkəmədə araşdırılması zamanı müəyən edilmişdir ki, Cavabdeh1 iddiaçının tapşırığını müqavilənin mahiyyətindən irəli gələn şərtlərə uyğun dərəcədə icra etməmiş, iddiaçının sifariş verdiyi avtomobili Gürcüstan Rüspublikasına gətirsə da, onu Bakı şəhərində iddiaçıya təhvil verərəcəyi halda, bunu etməmişdir.

39. Mülki Məcəllənin 779.1-ci maddəsində isə vəkalət alanın vəkalət verənə tapşırığın icrası nəticəsində vurduğu zərər görə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Burada vəkalət alanın məsuliyyətinin yaranmasının əsas meyarı onun tətəfindən tapşırığın kifayət qədər vicdanla icra edə bilməməsi ilə bağlıdır. Zərərin qəsdən və ya ehtiyatsızlıq üzündən dəyməsinin isə əhəmiyyəti yoxdur. Qeyd edilən müddəadan da görünür ki, qanun tapşırığın vicdanla icra edilə bilməməsini sübut etmə yükünü vəkalət alanın üzərinə qoymuşdur. Lakin cavabdeh dəfələrlə çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və göstərilən hallarla bağlı sübutlarını məhkəməyə tədim etməmişdir.

40. Məhkəmə araşdırması zamanı isə tapşırığın icra edilməməsi nəticəsində iddiaçıya zərər dəyməsi iş materiallarında olan sübutlar, habelə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə aparılan yazışmalardan görünür ki, Cavabdeh1 iddiaçıya göndərdiyi və üzərində “MEHMAN AGHAKİSHİ” adı qeyd edilən 4189 8000 8021 9247 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 3770 manat pul göndərilmişdir. Göndərilən həmin pul vəsatinin iddiaçı üçün xarici ölkədən avtomobil alınaraq gətirilməsi ilə bağlı tapşırıq yox, başqa bir əsasla göndərilməsi barədə Cavabdeh1 tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, digər Cavabdeh2 məhkəmə iclasında qardaşı Ailmlə iddiaçı arasındakı münasibətin sonuncuya avtomobil gətirilməsi ilə bağlı olduğunu, habelə şahid Bəhman Qoşqarov da iddiaçıya avtomobil gətirməsi üçün Gürcüstan Respublikasında Cavabdeh1 7000 ABŞ dolları məblığində pul verdiyini bildirmişlər.

41. Beləliklə, iddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə şərh edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 xarici ölkədən avtomobil alaraq gətirməklə bağlı iddiaçının tapşırığını icra etməməsi nəticəsində ona 3770 manatın ABŞ dollarına məzənnəsində 2217,65 ABŞ dolları (3770 manat : 1,7 ABŞ dolları = 2217,65 ABŞ dolları) və 7000 ABŞ dolları olmaqla, cəmi 9217,65 ABŞ dolları məbləğində zərər vurmuşdur.

42. İddia tələbinin ikinci hissəsinə gəldikə isə, işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən Alim Nəiyevə göndərilməsi üçün qardaşı – digər Cavabdeh2 6000 ABŞ dolları məbləğində pul verilmiş, sonuncu tərəfindən həmin pulun 5799,59 ABŞ dolları (34,59 ABŞ dolları komissiya tutulmaqla) Cavabdeh1 göndərilmişdir. Həmçinin, həm Cavabdeh2, həm şahid Ayaz Bayramovun həm də iddiaçının dediklərindən bəlli olur ki, 6000 ABŞ dolları “Toyota Highlander” markalı avtomobilin alınması üçün göndərilmiş pulun 6000 ABŞ dolları hissəsini Cavabdeh1 xərcləməsinin əvəzi olaraq sonuncunun təklifi ilə verilmişdir. Həmin avtomobil iddiaçının komandiri Şahid1 Allahverdiyev tərəfindən iddiaçının vasitəçiliyi ilə sifariş edilmişdir.

43. İddiaçı tərəfindən 6000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı tərəflər arasında yaranmış mülki hüquq münasibətinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin pul vəsaiti Cavabdeh1 borc məqsədilə verilmişdir. Belə ki, məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, həmin pul sonradan hissə-hissə qaytarılacağı şərtilə, iddiaçı tərəfindən qardaşına borc kimi verilmişdir. Hətta, Cavabdeh2 bildirmişdir ki, Alimlə danışdıqdan sonra ounun pul istəməsi təklifini iddiaçıya bildirdikdə, sonuncu əvvəlcə bunu rədd etsə də, sonradan razılaşmışdır. Bundan başqa, məhkəmə iclasında iddiaçı bildimişdir ki, Cavabdeh1 göndərdiyi 1500 ABŞ dolları 6000 ABŞ dolları pul vəsaitinin bir hissəsi kimi verilmiş puldur. İşin bu halı bir daha təsdiq edir ki, 6000 ABŞ dolları pul vəsaitini Alim Nəiyev iddiaçıdan borc vəsaiti olaraq almışdır.

44. Borc müqaviləsinin anlayışı verilmiş MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüquqnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüquqnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər. Həmçinin, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği, habelə onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Yəni, borcun məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

45. Lakin məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında iddia tələbinin ikinci hissəsi ilə bağlı pulun borc verilməsi ilə bağlı hüquq münasibəti formalaşsa da, qanunla müəyyən edilmiş forma tələbinə uyğu etibarlı borc müqaviləsi bağlanmamışdır. Başqa sözlə, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 6000 ABŞ dolları məbləğində pulun verilməsi faktı özlüyündə baş versə də, fakt etibarlı borc müqaviləsi statusuna gətirən hüquqi nəticə mövcud olmamışdır. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

46. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

47. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında da formaladırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.

48. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh1 göndərmək üçün Cavabdeh2a verdiyi 6000 ABŞ dolları məbləğində pul vəsaitinə münasibətdə cavabdehlər (Cavabdeh1 5800 ABŞ dollarına münasibətdə, Cavabdeh2 isə 200 ABŞ dollarına münasibətdə) heç bir hüquqi əsas olmadan varlanmışlar. Lakin sonradan Cavabdeh1 tərəfindən ona çatan 5800 ABŞ dolları məbləğində pulun 1500 ABŞ dolları iddiaçıya qaytarılmışdır. Odur ki, iddia tələbinin ikinci hissəsi ilə bağlı iddiaçı tərəfindən verilmiş 6000 ABŞ dolları pulun 4300 ABŞ dolları (5800 ABŞ dolları (Alimə çatan) - 1500 ABŞ dolları (Aim tərəfindən qaytarılan) = 4300 ABŞ dolları) Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır.

49. 200 ABŞ dollarına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin pulun Cavabdeh2 tərəfindən götürülməsi işin mübahisəsiz halıdır. Cavabdeh2 həmin pulu götürməsini Cavabdeh1 ona dediyini bildirsə də (Azimə borclu olan başqa bir şəxsdən Alimin 200 ABŞ dolları almasının əvəzi olaraq), bu dəlilini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əqdin etibarsızlığının nəticələrinə uyğun olaraq 200 ABŞ dolları pul Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalıdır.

50. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənatə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh1 iddiaçının xeyinə 3770 manat (özünə avtomobilin gətirilməsi üçün kart hesabına ödənilən vəsait), 7000 ABŞ dolları (özünə avtomobilin gətirilməsi üçün Bəhman Qoşqarov vasitəsi ilə göndəilmiş) və 4300 ABŞ dolları (borc müqaviləsinin etibarsızlığı nəticəsində, ödənilmiş 1500 ABŞ dolları və Cavabdeh2 tutulan 200 ABŞ dolları nəzərə alınmaqla, yəni 6000 – 1500 -200 = 4300) olmaqla, cəmi 11300 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh1, 200 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh2 tutulmalıdır.

51. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbi 165 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir.

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 3770 manat və 11064,36 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. 200 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsummunun 150 manat hissəsi Cavabdeh1, 15 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar