Məhkəmə qərarları › İş №2(011)-6436/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6436/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6436/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X7 nümayəndəsi X2 iştrakı ilə, İddiaçı cavabdehlər ”Sahil D Kompani” MMC-yə və X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Sahil D Kompani” MMC-yə qarşı “əmlakın təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzilin ona təhvil verilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzil Cavabdeh MMC ilə aralarında bağlanmış 13.07.2009-cu il tarixli müqaviləyə əsasən ona satılmışdır. Mənzilin dəyəri tam ödənilmiş və maliyyə arayışı verilmişdir. Lakin bügunə kimi həmin mənzil ona təhvil verilməmişdir. Cavabdehə pretenziya məktubunun göndərilmiş, bugünə kimi həmin məktuba cavab verilməmişdir. Cavabdeh ”Sahil D Kompani” MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələblərinin əsasını təşkil edən Cavabdeh MMC-nin direktoru X9 və İddiaçı arasında mübahisəli mənzilə dair bağlandığı iddia edilən 13.07.2009-cu il tarixli müqavilə etibarsız əqddir. Bu səbəbdən hazırda İddiaçı irəli sürdüyü tələblər Vəfa İsgəndərovanın hüquq və maraqlarına toxunduğuna görə, o, hazırki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmalı, onun iddia ərizəsi isə icraata qəbul edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı iddia edilən 13.07.2009-cu il tarixdə müqavilə bağlanmadığı üçün, həmin müqavilə etibarsız müqavilədir. Belə ki, ünvan 2 ünvanda inşa edilmiş 1 №-li yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 37 №-li mənzilə dair Cavabdeh MMC və Vəfa İsgəndərova arasında 26.09.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mübahisəli mənzil Vəfa İsgəndərovaya təhvil verilməli, sonuncu isə mənzilin razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyəri Vəfa İsgəndərova tərəfindən MMC-yə ödənilmiş, MMC isə mənzili Vəfa İsgəndərovaya təhvil vermişdir. Mübahisəli mənzilə dair 26.09.2017-ci il tarixli müqavilənin bağlanmasında səlahiyyətli şəxslər (Cavabdeh MMC və Vəfa İsgəndərova) iştirak etmiş, onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmuşdur. Beləliklə də, Vəfa İsgəndərova mübahisəli mənzilin mülkiyyətçisi hesab edilmişdir. Çünki, müqavilə bağlandığı (26.09.2017-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mübahisəli mənzil Vəfa İsgəndərovaya satıldıqdan sonra sonuncu mənzili təmir etdirmiş və mənzildə yaşamağa başlamışdır. Vəfa İsgəndərovanın mənzil üzərində mülkiyyət hüququ 20.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydə alınmış və bu barədə onun adına çıxarış verilmişdir. Bu çıxarış halhazırda da qüvvədədir. Mübahisəli mənzilə dair Vəfa İsgəndərovanın adına çıxarış verilməzdən əvvəl Vəfa İSgəndərovanın Reyestr Xidmətinə təqdim etdiyi sənədlərin həqiqiliyi yoxlanılmış, H.Məmmədovun mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının dayandırılması və ya imtina edilməsi üçün hər-hansı hal müəyyən edilməmişdir. Bundan sonra Vəfa İsgəndərovanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli mənzillə bağlı İddiaçı istinad etdiyi 13.07.2007-ci il tarixli müqavilədə və maliyyə arayışında Cavabdeh MMCnin adından həmin sənədləri imzalayan şəxs kimi MMC-nin əvvəlki direktoru X4 adı qeyd olunmuşdur. Lakin, 13.07.2007-ci il tarixli müqavilədə və maliyyə arayışındakı imzalar Məzahir Cəfərova məxsus deyil. Həmin imzalar başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Mübahisəli mənzilə dair Cavabdeh MMC və iddiaçı Samirə Cəfərova arasında hər-hansı müqavilə bağlanmamışdır. Sözügedən müqavilə və maliyyə arayışı etibarsızdır. 13.07.2009-cu il tarixdən 05.08.2021-ci il tarixədək (hazırki iddia irəli sürülənədək) mübahisəli mənzilin ona təhvil verilməməsini iddia edən İddiaçı bununla bağlı hər-hansı tələb irəli sürməməsi, hüquq mühafizə orqanlarına müraciət etməməsi də onu təsdiq edir ki, İddiaçı təqdim etdiyi müqavilə və maliyyə arayışı saxta sənədlərdir. Belə olan halda hesab edir ki, 37 №-li mənzillə bağlı İddiaçı irəli sürdüyü tələblər əsassızdır və təmin edilməməlidir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesi dövründə məlum olmuşdur ki, Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 1 saylı ış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzil cavabdeh "xxxx" MMC tərəfindən 26.09.2017-ci il tarixdə X1. Bu barədə ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20.10.2020-ci il tarixli çıxarış alınmışdır. Lakin onunla bağlanmış 13.07.2009-cu il tarixli müqavilədən və maliyyə arayışından göründüyü kimi, həmin həmin mənzil ilk növbədə ona satılmışdır. Sonradan həmin mənzil barəsində bağlanan müqavilələrin heç bir hüquqi qüvvəsi olmamaqla, etibarsızdır. Həmçinin, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 1 saylı ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzil barəsində cavabdeh X11 adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin sürətləri tələb edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12.10.2021-ci il tarixli cavab məktubu ilə məhkəməyə göndərilmiş sənədlərin sürətləri əsasında iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh X11 ilə cavabdeh “Sahil-D kompani’’ MMC arasında bağlanmış 26.01.2008-ci il tarixli müqavilə etibarsız əqddir. 1. Müqavilədə tarix, alıcı qrafası. mənzilin nömrəsi, məbləğ və alıcının imzası hissəsi əlyazma ilə qeyd edilmişdir. Lakin satıcı hissəsi kompyuter vasitəsilə yazılmışdır. Bu da onu göstərir ki. həmin müqavilə imzalı və möhürlü hazır formada mövcud otmuş və son zamanlarda yəni, onun müqaviləsindən sonra bağlanmışdır. Belə ki, onunla bağlanmış 13.07.2009-cu il tarixli müqaviləyə diqqət yetirdikdə görünür ki, əlyazma ilə heç bir yazı mövcud deyildir. 2. Cavabdeh X7 adına olan müqavilədə alıcının eyniləşdirilməsi üçün heç bir məlumat, məsələn şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd olunmamışdır. Lakin ona aid müqavilədə şəxsiyyət vəsiqəsinin seriya və nörməsi qeyd olunmuşdur. 3. Cavabdeh X7 müqaviləsində qeyd olunan tarixdə MMC-nin rəhbəri olmuş şəxs C.Məzahir onun iştirakı ilə 30.01.2013-cü il tarixdə keçirilmiş audit yoxlaması zamanı Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzili ona satdığını bildirmişdir. Bu barədə audit rəyi və həmin audit rəyi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən vəkil sorğusu ilə əldə edilmiş 28.09.2021-ci il tarixli ********* nömrəli cavaba məktubu məhkəmə işinə əlavə edilmişdir. Əgər həqiqətən cavabdeh X7 adına belə bir müqavilə mövcud olsa idi, həmin audit rəyində bu barədə məlumat qeyd olunardı. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X7 iş üzrə cavabdeh qismində cəlb olunmasını, cavabdehlər Cavabdeh MMC ilə X10 arasında bağlanmış 26.01.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzil barəsində cavabdeh X11 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsi və mənzilə girişlə bağlı yaradadılacaq maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin məzmununda Cavabdeh MMC ilə Vəfa İsgəndərova arasında müqavilənin bağlanması tarixi səhvən “26.09.2017-ci il” kimi qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi X3 izahatında göstərdi ki, 2007-ci ildə binanın yerləşdiyi ərazidən mənzil almaq qərarına gəlmiş, sözügedən binada mənzillər münasib qiymətə satıldığından, həmin binadan mənzil almışdır. Alqı-satqı müqaviləsini 2008-ci ildə Məzahir Cəfərovla bağlamış və mənzilə görə 125.000 manat civarında ödəniş etmişdir. Daha sonra müqaviləni, maliyyə arayışını və digər sənədləri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə təqdim edərək, mənzilə dair çıxarışı əldə etmişdir. 2018-ci ildə isə Cavabdeh MMC ilə təmir müqaviləsi bağlamış və mənzilin qazlaşdırılması üçün əlavə ödəniş edilmişdir. Hal-hazırda mənzili təmir etmiş və ailəsi ilə həmin mənzildə yaşayır. İddiaçı adlı şəxsi tanımır və heç vaxt görməmişdir. Lakin 2017-ci ildə üç nəfər tanımadığı şəxs ona müraciət edərək, sözügedən mənzilə dair onların da müqaviləsinin olduğunu qeyd edərək, onun müqaviləsinə baxmaq istədiklərini bildirmişlər. Onların müqaviləsində isə mənzilin alış qiyməti 40.000 manat kimi qeyd edilmişdir. Müqavilənin şəklini çəkmək istədikdə, həmin şəxslər buna imkan verməmiş və aralarında mübahisə baş vermişdir. Əgər İddiaçı mənzili almışdırsa, niyə 2009-cu illdən 2017-ci ilədək bir dəfə belə olsun, mənzilə baxmağa gəlməmiş və öz əmlakı ilə maraqlanmamışdır? Halbuki o, həftədə iki dəfə mənzili gəlib yoxlamışdır. 2017-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunmuş və mənzilin sənədlərini təqdim etmişdir. Mənzilin sənədləri ilə bağlı müvafiq ekspertiza təyin olunmuş və sənədlərin düzgün olması təsdiq olunmuşdur. Cavabdeh MMC-nin vəzifəli şəxsləri barədə aparılmış cinayət işi ilə bağlı məlumatı oİmamışdır və bu barədə onu heç kim məlumatlandırmamışdır Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı Cavabdeh MMC-nin direktoru X9 ilə alıcı İddiaçı arasında bağlanmış 13.07.2009cu il tarixli müqavilənin və maliyyə arayışının surətlərindən görünür ki, satıcı ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumu sahəsi 155,6 kv.m. olan 3 otaqlı, 37 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 400 manat olmaqla 62240 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi 62240 manat məbləği satıcıya əvvəlcədən ödəmişdir. Mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və Cavabdeh MMC-yə borcu yoxdur. Maliyyə arayışı MMC-nin direktoru M.Cəfərov və baş mühasibi Ə.Nəcəfova tərəfindən imzalanmışdır. Satıcı Cavabdeh MMC-nin direktoru X9 ilə alıcı X11 arasında bağlanmış 26.01.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, bir tərəfdən satıcı ünvan 4 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumu sahəsi 155,6 kv.m. olan 3 otaqlı, 37 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 800 manat olmaqla 124480 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 40000 manatın satıcıya əvvəlcədən ödəyir. 12.10.2020-ci il tarixli, 105 nömrəli maliyyə arayışının surətindən görünür ki, mənzilin pay dəyəri payçı X11 tərəfindən tam ödənilmişdir və Cavabdeh MMC-yə borcu yoxdur. Maliyyə arayışı MMC-nin direktoru A.Hüseynov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanladığı 28.09.2021-ci il tarixli, ********* saylı məktubundan görünür ki, vəkilin 22.09.2021-ci il tarixli 18012021 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, cinayət işinə əlavə edilmiş 30 yanvar 2013-cü il tarixli akta əlavə edilmiş siyahıdan görünür ki, ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m. sahəsi olan 37 saylı mənzil qrafasının qarşısında İddiaçı adı qeyd edilmişdir. İstintaq zərurəti ilə əlaqədar olaraq qeyd edilən aktı təqdim etmək mümkün deyildir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin 07.01.2020-ci il tarixli, 2(011)-7838/2019 saylı sorğusuna 13.01.2019-cu il tarixli, ********* saylı cavab məktubuna əlavə olunmuş 30.01.2013-cü il tarixli auditor rəyi və auditor rəyinə əlavə edilmiş 1 saylı yaşayış binasında olan mənzillərin siyahısının surətindən görünür ki, məhkəmənin 15.10.2018-ci il tarixli, 2(011)-7487/2018 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, siyahıda 37-ci sırada, ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m. sahəsi olan 37 saylı mənzilin “kimə satılıb” qrafasında İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli ünvan 4 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumu sahəsi 155,6 kv.m. olan 3 otaqlı, 37 saylı mənzilin Cavabdeh MMC-nin direktoru X9 ilə bağlanmış 13.07.2009-cu il tarixli müqavilə əsasında İddiaçı satılması, mübahisəli mənzilə dair Cavabdeh MMC-nin icraçı direktoru X9 ilə X11 arasında bağlanmış 26.01.2008-ci il tarixli müqavilənin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən etibarsız əqd olması, həmin mənzilə dair X8 X5 tərəfindən verilmiş 12.10.2020-ci il tarixli, 105 nömrəli maliyyə arayışının ciddi hesabat blanklarına dair tələblərə cavab verməməsi, "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 310 və 313-cü maddələri ilə aparılan ********* №-li cinayət işinin istintaq materialları ilə də göstərilən mənzilin İddiaçı satılması tam olaraq sübuta yetirilmişdir. Ona görə də, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumu sahəsi 155,6 kv.m. olan 3 otaqlı, 37 saylı mənzilə dair cavabdehlər Cavabdeh MMC ilə X10 arasında arasında bağlanmış 26.01.2008-ci il tarixli müqavilə etibarsız hesab edilsin və cavabdeh X11 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilsin. ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumu sahəsi 155,6 kv.m. olan 3 otaqlı, 37 saylı mənzil cavabdehlər Cavabdeh MMC və X10 tərəfindən İddiaçı təhvil verilsin və mənzilə girişlə bağlı maneələrin yaradadılması cavabdehlərə qadağan edilsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar