Məhkəmə qərarları › İş №2(011)-654/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-654/2022

25.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-654/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin direktoru Turan Haşımovanın İddiaçı işdən azad edilməsi haqqında 25.10.2021-ci il tarixli 10/2021 nömrəli əmrinin ləğv edilməvi və ödənilməmiş 750 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun ilə Cavabdeh MMC arasında bağlanmış 17.05.2021-ci il tarixli əmək müqaviləsinə əsasən o, cəmiyyətə işə qəbul edilmiş və həmin tarixdən də işə başlamışdır. İddiaçı qeyd olunan tarixdən fasiləsiz olaraq işdəsə də bir müddət sonra iş yerinin rəhbərliyi ona heç bir əsas gətirmədən işdən xaric olunacağı barədə məlumat vermişdir və o, 30.08.2021-ci il tarixdə öz arzusu işdən azad edilməsi barədə ərizə yazaraq təqdim etmişdir. İddiaçıya işlədiyi dövr üzrə əmək haqqı tam ödənilməmişdir. Daha sonra bu məsələnin araşdırılması üçün AR ƏƏSMN yanında Əmək Müfəttişliyi xidmətinə müraciət etmişdir. Araşdırma nəticəsində cəmiyyət ona əmək haqqını qanunsuz olaraq ödəmədiyinə görə müvafiq qaydada cəzalandırılmışdır. Bunun nəticəsində isə cavabdehin rəhbərliyi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 10/2021 saylı əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən və bu məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Həmçinin müəssisə tərəfindən iddiaçıya 3 aylıq, yəni avqust, sentyabr və oktyabr ayları üzrə əmək haqqı ödənilməmişdir. İddiaçı işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir, lakin o, işdən azad olunması ilə bağlı avqust ayının sonunda ərizə verdikdən sonra işə gəlməmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdə xitam verilməli idi. Lakin cavabdeh tərəf həmin tarixdə deyil, sonrakı tarixdə əmək müqaviləsinə yuxarıda qeyd olunan əsasla qanunsuz olaraq xitam vermişdir. Həmçinin, elektron hökumət portalına daxil edilən “əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, xitam əmri sistemə səhv qeyd edilmişdir. Belə ki, 10/2021 saylı əmrin tarixi yazılı əmrdə 25.10.2021-ci il tarixi kimi qeyd edilsə də, elektron bildirişdə 26.10.2021-ci il tarixi qeyd edilmişdir. Bundan əlavə ona nə əmək kitabçası, nə də son haqq-hesab verilməmişdir. Ümumiyyətlə, şirkətdə heç iddiaçının adına əmək kitabçası açılmamış, qanuna zidd olaraq əmək haqqı nağd qaydada ödənilmişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Belə ki, hal-hazırda o, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyinə görə heç bir yerdə işə düzələ bilmir. Odur ki, cavabdeh tərəfindən qanunsuz əmrin, işə bərpa edilmədən, ləğv olunmasını və ona ödənilmiş 750 manat məbləğində əmək haqının alınaraq ona ödənilməsini xahiş edir. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sentyabr, oktyabr ayları üzrə əmək haqqının ödənilməsi hissəsində etiraz etdi və iddianın qismən təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı 2021-ci ilin may ayından oktyabr ayınadək Cavabdeh MMC-nin işçisi olub. İddiaçıya işlədiyi dövrə görə, yəni may, iyun, iyul aylarına görə əmək haqqı ödənilib. Lakin avqust ayına görə əmək haqqı və son haqqhesab üzrə ödəniş aparılmamışdır. Sentyabr və oktyabr aylarında İddiaçı hər hansı iş görmədiyinə görə ona əmək haqqı ödənilməyib və cavabdeh bu hissədə də iddianı qəbul etmir. İddiaçı hər hansı bir üzrlü səbəbi olmadan sentyabr və oktyabr aylarında iş yerinə gəlməmiş və əmək müqaviləsi üzrə vəzifələrini icra etməmişdir. İddiaçı avqust ayında da əmək intizamını pozmuşdur. Bu da onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin ç) bəndinə əsasən xitam verilməsi üçün əsas olmuşdur. İddiaçı özü də 2021-ci ilin sentyabr və oktyabr aylarında işə gəlmədiyini boynuna alır. Cavabdeh olan cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı son haqq-hesabın ödənilməsi ilə bağlı məktub göndərilmişdir, lakin o, ofisə gəlməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış 31.08.2021ci il tarixli ərizəsinin surətindən görünür ki, o, 31.08.2021-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bənsinə əsasən (işçı özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 26.10.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, İddiaçı 07.01.2020-ci il tarixdən 20.05.2020-ci il tarixinədək "xxxx" MMC-nin nəzdində “Black Gube” Fitness Mərkəzində çalışmışdır. Bir işçi kimi Aleksandra Romanovna məsuliyyəti, intizami və işgüzarlığı ilə özünü doğrultmuşdur. İşlədiyi qısa müddət ərzində Aleksandra Romanovna yaradıcılığı və etikası ilə kollektivin sevgisini qazanmağı bacarmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 25.10.2021-ci il tarixli 10/2021 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 26.10.2021-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi və 72cimaddəsinin a) bəndi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İntizam Komissiyasının 19.10.2021-ci il tarixli 01/21 nömrəli Protokolunun surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə və 72 maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İntizam Komissiyasının yaradılması haqqında 12.10.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC-nin işçilərinin əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı daxili İntizam Komissiyası yaradılmışdır. İntizam Komissiyasının tərkibinə X2 və X7 daxil edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 14.10.2021-ci il tarixli 14.10.2021-ci il tarixli 09/21 nömrəli əmrinin surətindən görünür ki, işçilərin əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı intizam komissiyasının yaradılması və tərkibi X2 və X3 ibarət olması əmr edilmişdir. İş materiallarında olan istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması barədə arayışdan görünür ki, İddiaçı istifadə edilməyən 15 məzuniyyət gününə görə 298,12 manat məbləğində kompensasiya hesablanmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 17.05.2021-ci il tarixində işə qəbul edilmiş, işlədiyi dövr müddətində ümumi 579,37 manat (may ayı üzrə 108,87, iyun ayı üzrə 235,25 manat, iyul ayı üzrə 235,25 manat) əmək haqqı ödənilmişdir. Avqust ayı üzrə 298,13 manat borc qalıb. Sentyabr və oktyabr aylarında faktiki işə çıxmadığı üçün və əmək funksiyasını yerinə yetirmədiyi üçün əmək haqqı hesablanmayıb. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 17.05.2021c il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, işçi Cavabdeh MMC-yə müsabiqədən kənar qaydada əsas iş yeri olaraq “qrafik dizayner” vəzifəsinə təyin edilmişdir. İşçi 17.05.2021-ci il tarixdən işə başlayıb. İşçi hər ay 250 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan “İnzibati Tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh MMC-də çalışan İddiaçı əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verilərək ödənilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Heydərov Fuada ünvanlanmış 25.09.2021-ci il tarixli izahatında qeyd edilmişdir ki, yay aylarında şirkətin maddi çətinlikləri olduğuna görə İddiaçı əmək haqqının bir neçə müddət gecikəyəcəyini bildirdi. O, buna çox aqressiv, hədə qorxu və şantaj ilə yanaşdığına görə onlar onu işdən azad etmək məcburiyyətində qalmışdırlar. O, onlar ilə görüşərək heç bir problem olmadığını bildirdi. Lakin 02.09.2021-ci il tarixində yalan böhtan ərizə yazaraq Əmək Müfəttişliyinə cəmiyyəti şikayət etdi. Halbuki, onun buna bu tarixdə şikayət etməyə heç bir hüququ çatmırdı. Bir daha qeyd etmişdirlər ki, tutduğu vəzifəsini icra etmədiyinə görə avqust ayına görə əmək haqqı ona ödənilməmişdir. Bütün bunlara baxmayaraq onlar işçinin işdən edildiyini bildirdikdən sonra dəfələrlə onu ofisə dəvət etmişdirlər ki, o sənədləri imzalasın və əmək kitabçasını götürsün. Məhkəmə iddiaçının təqdim etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmalarla bağlı qeyd edir ki, həmin yazışmaların həqiqiliyini müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-cü hissəsində müəyyən edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının tələblərini nəzərə alaraq və mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin həqiqi hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin ç) bəndinə əsasən xitam verilməsi qanunsuzdur. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci ilin avqust ayında əldə edilmiş razılaşmaya əsasən işçi İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Buna baxmayaraq, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməmişdir. Bu hallar Cavabdeh MMC-nın direktoru Həşimova Turanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Heydərov Fuada ünvanlandığı 25.09.2021-ci il tarixli izahatında müəyyən edilir. Cavabdeh tərəf işçi İddiaçı tərəfindən tutduğu vəzifəsindən öz xahiş ilə azad edilməsi ilə bağlı ərizənin verilmədiyini və 2021-ci ilin sentyabr və noyabr aylarında heç bir üzrlü səbəb olmadan işə gəlmədiyini bildirsə də, məhkəmə yuxarıda qeyd edilən halı nəzərə alaraq, bu dəlilin həqiqətə uyğun olmadığı qənaətinə gəlir və işəgötürən tərəfindən, işçi müvafiq icra hakimiyyəti orqanına şikayət etdikdən sonra, onunla bağlanılmış əmək müqaviləsinə 2 ay sonra xitam verilməsini qanunla ona verilmiş hüquqlardan sui-istifadə kimi qiymətləndirir. Odur ki, iddia Cavabdeh MMC-nin direktoru Turan Haşımovanın İddiaçı işdən azad edilməsi haqqında 25.10.2021-ci il tarixli 10/2021 nömrəli əmrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın ödənilməmiş 750 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 2021-ci ilin sentyabr və oktyabr aylarında hər hansı əmək münasibətlərinin mövcud olmadığı, işçi işə gəlməyərək əmək funksiyalarını yerinə yetirmədiyi tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Belə ki, iddiaçı özü izahat vermişdir ki, tərəflər 2021-ci ilin avqust ayında əmək müqaviləsinə xitam verilməsi barədə razılaşmışdırlar və iddiaçı bu səbəblə növbəti aylarda işə gəlməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2021-ci ilin avqust ayı üzrə ödənilməmiş əmək haqqı, yəni 298,13 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. İddia 2021-ci ilin sentyabr və oktyabr ayları üzrə əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərini pozmaqla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər (tərəflər arasında bağlanılmış əmək müqaviləsinin işçı tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması əsası ilə işdən azad edilməsi onun daha sonra işlə təmin edilməsi üçün çətinliklər yaradıb, iddiaçı hələ də yeni işə düzələ bilməyib) keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 17.05.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında "xxxx" MMC-nin 25.10.2021-ci il tarixli 10/2021 nömrəli əmri ləğv edilsin. 2021-ci ilin avqust ayı üzrə 250 (iki yüz əlli) manat məbləğndə iödənilməmiş əmək haqqı "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş) yüz manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar