Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6551/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi cavabdehin əmək haqqının və əlavə gəlirlərinin 40 faizini (aliment) tutularaq ona aid olan bank hesabına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi tələbini əsaslandırdığı halları göstərməmiş, yalnız cavabdehin əmək haqqından və gəlirlərindən alimentin tutulması xahişi ilə kifayətlənmişdir. Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən müddəadan da, göründüyü kimi, mediasiya sesiyası nəticəsində müəyyən bir mübahisənin həlli ilə bağlı tərəflər arasında bağlanmış barışıq sazişi o halda məhkəmə tərəfindən təsdiq edilir ki, sazişin tərəfləri onun şərtlərini pozsun, yəni barışıq sazişini könüllü qaydada icra etməsin, yaxud onu könüllü icra etməkdən imtina etmiş olsun. Lakin ərizəçi barışıq sazişinin qarşı tərəfdən icra olunmaması, yaxud onun barışıq sazişinin icrasından imtina etməsi barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, mediasiya sesiyası nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinin prosessual əsasları Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəslində göstərilmişdir. Məcəllənin 355-23.1 və 355-24-cü maddələrində qeyd edilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3, 34.4 və 34.5-ci maddələrində qeyd edilir ki, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qeyd edilən müddəalardan da göründüyü kimi, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etməlidir. Məhkəmənin bu icraat çərçivəsində səlahiyyət həddi isə barışıq sazişinin qanuni olub-olmamasını yoxlamaqdan, qanuni olduqda onu tam, yaxud qismən təsdiq etməkdən, əks halda isə təsdiq edilməsindən imtina etməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması ilə bağlı icraatın məqsədi tərəflər arasında öz həllini tapmış mübahisənin, onun məzmununu dəyişdirmədən icrasının realizə edilməsindən ibarətdir. Bu icraat daxilində çıxarılmış məhkəmə qərarı mübahisənin özünü deyil, onun icra edilməsi məslələrini tənzimləyir. Odur ki, ərizəçinin xahişi barışıq sazişinin təsdiqi barədə olmalıdır. Ərizəçi isə məhkəmədən alimentin tutulmasını xahiş etmiş, halbuki həmin mübahisəni artıq tərəflər mediasiyaya müraciət edərək həll etmişlər. Bundan başqa, ərizəçi ərizənin qanunla müəyyən edilmiş formasına əməl etməyərək maraqlı şəxsi, onun adını, soyadını, atasının adını, yaşayış yerini ərizədə göstərməmişdir. Mülki Prosessual Məcəlləsinin 49.2.2-ci maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin tələblərinə uyğun verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-6551/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6551/2022
05.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver