Məhkəmə qərarları › İş №2(011)-6595/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6595/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6595/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:

1. İşin ərizəsində göstərilən faktiki hallarına görə, ərizəçinin əri X5 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 Ağsu rayonunun Kalva kəndində kənd qəbiristanlığında dəfn olunmuşdur.

2. Ərizəçi X1nun ölümündən sonra onun ölüm haqqında şəhadətnaməsini almamışdır. Hal-hazırda X1nun adına olan işlərlə əlaqədar ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır.

3. Ölüm haqqında şəhadətnamənin alınması üçün 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadğı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir.

Ərizəçinin tələbi:

4. xx.xx.1961-ci il tarixdə doğulmuş əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, ərinin ölüm kağızını istəyir. Ərinin ölüm haqqında şəhadətnaməsi bəzi sənədləşmə işlərində lazım olduğu üçün onun əldə edilməsi lazımdır. Əri xəstə idi, daha sonra xəstəxanaya yerləşdirilmiş və orada vəfat etmişdir.

7. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Şahid3 məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum onun atasıdır, 22 may 2023-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt o evdə olmamış, daha sonra gəlmiş və dəfn mərasimində iştirak etmişdir.

9. Şahid1 Vaqif qızı izahat verərək bildirdi ki, mərhum onun atasıdır, o, 22 may 2023cü il tarixdə vəfat etmişdir. X5 5-6 ay içində xəstələndi, daha sonra vəfat etdi. Dəfn mərasimində iştirak etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. Vİ-ЖГ № 283306 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi X5 ilə xx.xx.1988-ci il tarixində nikah münasibətlərinə dail olmuşdurlar və bu barədə 42 nömrəli akt qeydi aparılmışdır;

11. Vİ-РУ № 330522 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, Şahid3 atası X5, anası Ərizəçidır;

12. xx.xx.2021-ci il tarixli 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının X12 tərəfindən verilmiş MRT müayinənin protokolu.

13. X6 verilmiş xx.xx.2021-xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarış.

14. 7 saylı Təcili və təxirəsalınmaz X7 tərəfindın verilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vəsiqəsi.

15. xx.xx.2022-ci il tarixdə Ərizəçi X1tərəfindən Nizami rayon 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminə ünvanlanmış ərizə ilə, Şahid3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş atasının- X3 vəfat etməsi barədə ölüm arayışının verilməsini xahiş etmişdir.

16. 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Şahid3 ərizəsinə verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, X3 ambulator kartı 32 saylı BŞX-da olmamış, 7 saylı Təcili və təxirəsalınmaz X7 tərəfindın verilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vəsiqəsində ölüm faktı qeyd olunmamışdır. Mərhum haqqında yeganə sənəd xx.xx.2021xx.xx.2021-ci il tarixli X8 verilmiş epikrizdən ibarətdir. Təqdim olunan sənədlər ölüm arayışının verilməsinə əsas olmadığından forma 106 (ölüm haqqında şəhadətnamə) verilməsindən imtina edilmiş. Məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 Saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05-1114/15 saylı məktuba əsasən, ölümü təsdiq edən sənədlərin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün olmamışdır.

18. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-34-19/2-3-694/2023 nömrəli Arayışa əsasən, 07 fevral 1961-cü il təvəllüdlü Ağsu rayonunun Kalva kəndində anadan olmuş X5 22 may 2022-ci il tarixdə Bakı şəhərində vefat etmiş, mərhumun cənazəsi anadan olduğu Ağsu rayonunun Kalva kəndinə gətirilərək, kənd qəbristanlığında öz valdeyinlərinin və doğmalarının yanında dəfn olunmuşdur.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

22. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

24. Belə ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X3 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X3 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.

25. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X3 xx.xx.2022-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmə xərcləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.1961-ci ildə anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.

3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar