Məhkəmə qərarları › İş №2(011)-660/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-660/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-660/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X1 rayonu, Zabrat qəsəbəsi 1, ünvan 1 ünvanında qeydiyyatda olmuş, lakin ünvan 2 ünvanında yaşamışdır. Atası uzun zamandır ürək-damar xəstəliklərindən əziyyət çəkmişdir. Bu səbəbdən müntəzəm olaraq Sabunçu rayon Tibb Mərkəzində müayinələrdən keçmiş və ambulator şəraitdə müalicə almışdır. Həmçinin mərhum atası 2015-ci il tarixinədək Sabunçu rayonu 21 saylı şəhər Poliklinikasında müntəzəm müayinələrdən keçmişdir. Bu tarixdən sonra müxtəlif özəl xəstəxanalara müraciət etmiş və müvafiq müayinə və müalicələrdən keçmişdir. 2022-ci il tarixində isə Sabunçu rayonu 21 nömrəli şəhər Poliklinikasına təkrar müayinə üçün müraciət etdiyində, ona faktiki yaşadığı Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsi ünvanı üzrə 22 nömrəli şəhər Poliklinikaya müraciət etməsi bildirilmişdir. Müvafiq qeydlər tibb müəssisəsi tərəfindən verilmiş tibbi kartda öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixində atası koma vəziyyətinə düşmüş və üç gün Sabunçu rayon Tibb Mərkəzinin reanimasiya şöbəsində qalmışdır. Tibbi müdaxilələrdən sonra vəziyyəti yaxşılaşdığı üçün evə buraxılmışdır. xx.xx.2024-cü il tarixində evdə vəziyyəti ağırlaşmış, qonşuların köməyi ilə Sabunçu rayon Tibb Mərkəzinə aparılmış və xəstəxanada stasionar şəraitdə üç gün müalicə alaraq evə buraxılmışdır. Vəfat etməzdən bir gün öncə, xx.xx.2024-cü il tarixində qan təzyiqi qalxdığı üçün sözügedən xəstəxananın qəbul şöbəsinə getmiş və həkimlər tərəfindən tibbi müdaxilə edilərək, vəziyyəti stabilləşdirilmiş və evə buraxılmışdır. Lakin xx.xx.2024-cü il tarixində gecə saat 00:40 radələrində mərhumun evdə yenidən vəziyyəti ağırlaşmış və iddiaçı tərəfindən təcili olaraq Sabunçu rayon Tibb Mərkəzinə çatdırılsa da, həkim personalı tərəfindən arabada reanimasiya şöbəsinə aparıldıqda, tibbi müdaxilə üçün şərait yaranmadan gecə saat 01:00 radələrində vəfat etmişdir. Bundan sonra xəstəxanada polis əməkdaşlarının iştirakı ilə ölüm aktlaşdırılmışdır. Bundan sonra ölüm haqqında şəhadətnamə alınması üçün ərizəçi ASAN Xidmət mərkəzinə müraciət etmək üçün xəstəxanadan ölüm haqqında şəhadətnamə tələb etsə də, xəstəxana bu sənədin mərhumun qeydiyyatda olduğu Poliklinikanın verməli olduğunu bildirmişdir. Qeydiyyatda olduğu 21 nömrəli Şəhər Poliklinikası isə mərhumun artıq iki ildir ki, müayinələrə gəlmədiyini, hal-hazırda yaşadığı ünvan üzrə 22 nömrəli Şəhər Poliklinikasına müraciət etməyini bildirərək, şəhadətnaməni verməkdən imtina etmişlər. Bununla əlaqədar ərizəçi 22 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş və ordan bildirmişlər ki, mərhum sözügedən Poliklinikaya heç vaxt müraciət etməmiş və ölüm faktının xəstəxanada olduğunu əsas gətirərək, olar da müvafiq sənədi verməkdən imtina etmişlər. Müvafiq imtina sənədi ərizəyə əlavə edilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, atası X2 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi bununla yanaşı məhkəməyə ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin ona dəfn pulunun alınması üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Vİ- ЖГ seriyalı, 308932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası isə Tehran Tağıyevadır. İş materiallarında olan AA0667619 seriyalı, 23ZP6TH fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 14 yanvar 1950-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş 09 sentyabr 2024-cü il tarixli 3-16-5/7-971/24 nömrəli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X6 21 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi verilmiş 09 sentyabr 2024-cü il tarixli, 352 nömrəli arayışın surətindən görünür ki, Zabrat qəsəbəsi, N.ünvan 3 ünvanında yaşamış 1950-ci il təvəllüdlü X2 2015-ci ildən sonra poliklinikaya müraciəti olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. İş materiallarında olan Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş 19 sentyabr 2024-cü il tarixli 166 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi mərhum atası X4 23 avqust 2024-cü il tarixində vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Məhkəmə hesab edir ki, 14 yanvar 1950-ci il təvəllüdlü X2 23 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 14 yanvar 1950-ci il təvəllüdlü X2 23 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar