Məhkəmə qərarları › İş №2(011)-6626/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6626/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6626/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1978-ci il təvəllüdlü X8 7 may 2022-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1978-ci il təvəllüdlü X10 ərizəçinin atasıdır, o dünyasını dəyişməzdən əvvəl, atasının vəziyyəti pisləşdikdə təcili tibbi yardım çağırmışdır, xəstənin vəziyyəti barədə məlumat vermişdirlər, lakin onlar gəldikdə artıq atası dünyasını dəyişmişdir, buna görə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir, ərizəçinin atası “ağ ciyərin vərəmi” diaqnozu ilə dispenser qeydiyyatına alınmışdır, lakin vəfatının əsaslı səbəbi müəyyən olunmadığından ölüm arayışı verilməsi mümkün olmamışdır, ərizəçinin və onun yaxın qohumlarının iştirakı ilə dəfn keçirilmişdir, onun atası Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn edilmşdir, bu barədə şəkillər də işə əlavə edilib, ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq orqanlara, qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mümkün olmamış, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, yazılı ərizə ilə məhkəməyə müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1950-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi Murad nəvəsidir, Zaur isə kürəkəni olmuşdur, may ayının 7-si kürəkəni vəfat etmişdir, həmin tarixdən sonra səhəri gün gəlmiş, maşının gəldiyini, artıq məscidə aparıldığını görmüşdür, kürəkəni çox xəstə olmuşdur, o, Buzovnadan dəfn edilmişdir, dəfndə iştirak etmişdir, özü oğlu ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1970-ci il təvəllüdlü X12 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi Muradı tanıyır, onun qonşusudur, Zaur da qonşusu olmuşdur, may ayının əvvəlində vəfat etmişdir, onunla qonşuluqda yaşamış, qapı qonşusu olmuşdurlar, düşmənçilikləri olmamışdır, ölümündən sonrakı gün səhər mərhumun ölümünü eşitmişdir, dəfndə iştirak etməmiş, qəbirstanlıqda olmamışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1954-cü il X5 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi Muradı tanıyır, Zaurun oğludur, Murad uşaqdır, məhəllədə böyümüşdür, Zauru tanımışdır, qonşusu olmuşdur, bir həyətdə yaşamışdırlar, o, ayın əvvəli ölmüş, gecə 2-də təcili tibbi yardım maşını gəlmişdir, 4-5 ay əvvəl onun ayağında problem olmuşdur, düşünür ki, onun şəkəri var idi, ailəsi tərəfindən ehsan verilmişdir, dəfndə iştirak etməmişdir. İş materiallarında olan AA3746306 seriyalı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1978-ci ildə anadan olmuşdur, Azərbaycan vətəndaşıdır. İş materiallarında olan AZ-T seriyalı 192173 saylı Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası X10, anası X1r. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 6 saylı bölməsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 6/64 №-li sorğuya cavabdan görünür ki, 07 may 2022-ci il tarixdə, saat 02:09-da Xətai rayonu, S.Əhmədov ünvanına X10 adına çağırış olmuşdur, xəstəyə həkimə qədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05\Q-2088\15 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 1 iyun 2022-ci il tarixli 51 saylı arayışdan görünür ki, X3 rayonu, Buzovna qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1978-ci il təvəllüdlü X10 07 may 2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş, Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1978-ci il təvəllüdlü X8 07 may 2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X8 07 may 2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar