Məhkəmə qərarları › İş №2(011)-6684/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6684/2022

14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6684/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə doğukmuş nəvəsi X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində yalnışlıqla nəvəsinin yaşadığı ünvanda rəhmətə getməsini yazmışdır. İş materiallarından görsənir ki, mərhum X1 xəstəxanasında rəhmətə getmişdir. Texniki səhvi nəzərə alıb xx.xx.2013-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə ölməsinə dair əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və izahat verərək bildirdi ki, nəvəsi xx.xx.2022-ci il tarixdə həyətdə oynayarkən velosipeddən yıxılması nəticəsində xəsarət alıb. Həmin gün TTY çağırılıb və Neyrocərrahiyə xəstəxanasına aparılıb. Lakin aparılan tədbirlərə baxmayaraq xx.xx.2022-ci il tarixdə Neyrocərrahiyə xəstəxanasında vəfat etmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu və müraciətlərin sayının artmasını nəzərə alaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: 6 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin Ərizəçi na ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-2083/15 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə X8 Şəxs tərəfindən verilmiş 1015 saylı X11 Kartından Çıxarışdan (ölüm epikrizi) görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 ölüm səbəbləri baş beyin və beyin kötüyünün sıxılması fonunda kəskin işemiyası, kəskin ürək damar və tənəffüs yetməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2013-cü il təvəllüdlü X4 meyiti xx.xx.2022-ci il tarixdə Birliyin Xətai şöbəsinin meyitxanasında xarici müayinədən keçirilərək, dəfn edilməsi üçün sahiblərinə təhvil verilmişdir. Bakı şəhəri Suraxanı Rayonu, Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli 430 №-li arayışdan görünür ki,X5 ərizəsinə əsasən Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığına müraciət edərək mərhum övladı- X12 xx.xx.2022-ci il tarixdə qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, mərhumun qəbirüstü daşı vardır. Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat Babək 64, m.50 ünvanına X6 adına çağırış olmuş, açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması diaqnozu qoyulub və Neyrocərrahiyə xəstəxanasına aparılmışdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 18916243 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X21, anası Babayeva Asiya qeyd olunub. AZ-İ seriyalı 733252 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, mərhumun anasıdır. xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi velosiped sürmək üçün həyətə düşmüşdür. Sonra uşaqlar onu çağırmış və bildirmişlər ki, Əziz yıxılıb. Gedib görmüşdür ki, sol ayağı ilə sol əli belə şikəst kimidir.Evə gətirdikdən sonra uşaq biraz ağlamışdır. Başına baxanda balaca bir şiş var idi. Ona görə də dəsmala buz goyub başına qoymuşdur. Sonra uşaq ondan soruşub ki,mama mən nəcə yıxıldım? Yıxılmağını xatırlamırdı. Sonra deyib ki, mama mən yatmaq istəyirəm və yatmışdır. Durandan sonra demişdir ki, mama elə bil başım sındı. Spazmolqon dərmanın ¼ hissəsini vermişdir. Həmişə uşağa qarşı çox həssas olmasına baxmayaraq heçnədən şübhələnməmişdir. Uşaq divanda yatmışdır. Yanında oturmuş, sonra bacısının yoldaşı zəng vurub deyib ki, qoy uşaq spirt iyləsin, ona kimi uşağı silkələsə də uşaq durmamışdır. Sonra təcili tibbi yardım çağırmışlar və onlar demişdir ki, gecikdirmisiz uşağın vaxtına 2-3 saat qalıbdır. Təcilli tibbi yardımla aparandan sonra uşaq 5 saat əməliyyat olmuşdur. Xəstaxanada qalırdırlar. Həkim deyirdi onlar əlindən gələni edib. Həkim deyirdi uşaq yaşasa da şikəst ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, mərhumun əmisinin arvadıdır. Hadisə baş verən gün gəlib görmüşdür ki, uşaq yatıb. 2-3 saatda sonra görüblər uşaq ayılmır. Təcili tibbi yardım çağırmışlar. Onlar demişdir ki, uşağı gecikdirmisiz. Xəstəxanada uşaq əməliyyat olundu. xx.xx.2022-ci il tarixdə səhər 11 radələrində onlara uşağın ölməsi barədə məlumat verilmişdir. X23 qəbiristanlığında başdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 meyiti xx.xx.2022-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar