Məhkəmə qərarları › İş №2(011)-6749/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6749/2022

17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6749/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 24 iyun 1986-cı il təvəllüdlü X5 28 sentyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 24 iyun 1986-cı il təvəllüdlü həyat yoldaşı X8 28 sentyabr 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Ərizəçi həyat yoldaşının vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X3 Stansiyasını çağırmışdır. Lakin onlar gəldikdə ərizəçinin həyat yoldaşı artıq vəfat etmişdir. Yaxın qohumlarının iştirakı ilə mərhum X1 rayonu, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, o, mərhumun bacısının əridir. Mərhumun 28 sentyabr 2022-ci il tarixdə halı qəfil pisləşmiş və vəfat etmişdir. Mərhum Yasamal qəbiristanlığında dəfn olunmuş, “Zəhra” mərasim evində onun 3 və 40 mərasimləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 öz izahatında bildirdi ki, o mərhumun atasıdır. Onun oğlu hər hansı xəstəlikdən əziyyət çəkməmişdir. 28 sentyabr 2022-ci il tarixdə oğlunun halı qəfil pisləşmiş, o, çatana qədər oğlu artıq vəfat etmişdir. Mərhum Yasamal qəbiristanlığında dəfn olunmuş, “Zəhra” mərasim evində onun 3 və 40 mərasimləri keçirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X8 24 iyun 1986-cı il tarixdə anadan olmuşdur. O, ərizəçinin həyat yoldaşı olmuşdur. Təcili və X3 stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X8 28 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. O, eyni tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi həyat yoldaşının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 iyun 1986-cı il tarixdə anadan olmuş X5 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 iyun 1986-cı il tarixdə anadan olmuş X5 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar