Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-680/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Nağızadə Gülnaz Nasir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı Xətai rayonu, X3, ev 146 ünvanında ayrılmış torpaq sahəsində inşa etdiyi evdə 2006-cı ildən bu günə kimi ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev 18 ildir ki, onun daimi istifadəsindədir. Cavabdeh 2018 ci ildə onun torpaq sahəsində yerləşən mətbəxinə birləşik kürsülü, ikimərtəbəli ev tikərək onun mətbəxini təhlükə altında qoymuşdur. Eyni zamanda həmin ev Dövlət Neft Şirkəti (SOCAR) məxsus istismarda olan iki ədəd 600 diametrli (yüksək təzyiqli) boru kəmərinin yanında yerləşir və evin yaxınlığında istismarda olan dəmir yolu xətti vardır. Cavabdehin qanunsuz inşa etdiyi evinin qabaq hissəsindəki eyvan və arxa hissəsində olan pəncərələr iddiaçının istifadəsində olan torpaq sahəsinə baxır, bu səbəbdən mülkiyyətində olan evdən, torpaq sahəsindən istifadəyə maneələr yaranır, həmçinin, onun sərbəst yaşamaq hüququ məhdudlaşdırılır. Bundan başqa, sözügedən evin çardağının suyu yağış yağarkən iddiaçının hasarına tökülür.
2. Həmçinin, Cavabdeh onun həyətinə gedən yolun hər iki tərəfini qanunsuz zəbt edərək ağac və kol-kos əkmiş, küçənin darlaşmasına və yolun hərəkət hissəsinə ciddi şəkildə maneə yaratmışdır. Ağac və kol-kosu sulayarkən ona məxsus olan həyətin hasarını nəmləndirmiş, suvağının və boyasının qopub tökülməsi ilə ona maddi ziyan vurmuşdur. Dəfələrlə etdiyi xəbərdarlıqlara isə cavabdeh məhəl qoymamışdır.
İddiaçının tələbi:
3. İddiaçı xüsusi mülkiyyətində olan Bakı Şəhəri, Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxinə bitişik Cavabdeh tərəfindən qanunsuz tikilmiş evin sökülməsi, evinə və torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı 7 yanvar 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxinə bitişik, cavabdehin qanunsuz tikdiyi evin qabaq hissəsindəki eyvanın onun torpaq sahəsinə baxan hissəsinin hörülərək bağlanması, arxa hissəsində yerləşən və iddiaçının torpaq sahəsinə açılan 4 ədəd pəncərənin sökülərək yerinin hörülərək bağlanması, dam hissəsindən yağış suyunun axıdılması üçün həyətinin hasarı üzərinə çəkilmiş borunun götürülərək kanalizasiya xəttinə birləşdirilməsi və həyətyanı torpaq sahəsinə gələn yolun sağ və sol tərəfində cavabdeh tərəfindən əkilmiş ağac və kolların başqa yerə köçürülməsi və həmin yolun əvvəlki asfalt örtüyünün bərpa olunmasının Cavabdeh həvalə olunması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, 4 ədəd pəncərənin açıldığı torpaq sahəsinin faktiki istifadəsində olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndə (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3098450Vəkil öz izahatında bildirmişdir ki, əvvəlki mərhələdə yaranmış yağış suyunun axıdılması ilə bağlı mübahisə artıq həll olunmuşdur, mövcud deyil və tərəflər arasında həmin məsələ ilə bağlı hər hansı anlaşılmazlıq və ya narazılıq qalmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********32-10301 reyestr nömrəli Texniki Pasport.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən, Bakı Şəhəri, Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 234000 manat məbləğindədir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, X3, ev 146 ünvanlı, ümumi sahəsi 73 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
11. 16 dekabr 2024-cü il tarixinə aid yerli baxış protokoluna əsasən, Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında saat 15:00-da baxış keçirilmiş, Müvafiq mənzillərə gediş yolunda yolun hər iki kənarın bəzək ağaclarının olması, həyətdəki mətbəxin cavabdehin mülkiyyətində olan mənzilin divarına bitişik yerləşdiyi, həyətin qonşu həyətlə ortaq olan divarında suyun axması nəticəsində nəm izləri aşkar edilmişdir. Hər iki mənzilin həyətinin ortaq divarının üzərində su axıdılması üçün borunun olduğu, iddiaçıya məxsus həyətin üstündəki damda deşiklərin olduğu, cavabdehin məzilinin iddiaçının mülkiyyətində olan həyətin divarına bitişik tikildiyi, cavabdehin mənzilinin arxa tərəfində 4 pəncərə olduğu, cavabdehin mülkiyyətində olan mənzilin zirzəmisinin pəncərələrinin hörülərək bağlandığı, cavabdehin həyətində qonşu divarın yaxınlığında bəzək ağacları, gülləri müəyyən edilib. Cavabdehin mənzilinin ön eyvanında baxdıqda iddiaçıya məxsus həyətin bir hissəsinin göründüyü, cavabdehin mənzilinə baxış keçirildikdə arxa tərəfdə olan 4 pəncərədən birinin yüksəkdə olduğu müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16/2-10/1609/2025 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən evin torpaq sahəsinin sərhəddində inşa edilmiş hasar tikilisinin üzərinə Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılımış su novalçalarının birləşmə hissələrindən su axdığı müəyyən edilmişdir.
13. Fotoşəkillər, disklər və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi;
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
18. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
19. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
23. İddiaçı məhkəmədən mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxinə bitişik, cavabdehin qanunsuz tikdiyi evin qabaq hissəsindəki eyvanın onun torpaq sahəsinə baxan hissəsinin hörülərək bağlanması, arxa hissəsində yerləşən və iddiaçının torpaq sahəsinə açılan 4 ədəd pəncərənin sökülərək yerinin hörülərək bağlanması, dam hissəsindən yağış suyunun axıdılması üçün həyətinin hasarı üzərinə çəkilmiş borunun götürülərək kanalizasiya xəttinə birləşdirilməsi və həyətyanı torpaq sahəsinə gələn yolun sağ və sol tərəfində cavabdeh tərəfindən əkilmiş ağac və kolların başqa yerə köçürülməsi və həmin yolun əvvəlki asfalt örtüyünün bərpa olunmasının Cavabdeh həvalə olunması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən də göründüyü kimi tələb mülkiyyət hüququ ilə bağlı olub bir neçə hissədən ibarətir.
24. Məhkəmə iddia tələbini cavabdehin dam hissəsindən yağış suyunun axıdılması üçün həyətinin hasarı üzərinə çəkilmiş borunun götürülərək kanalizasiya xəttinə birləşdirilməsi hissəsində əsaslı hesab edir.
25. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, X3, ev 146 ünvanlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. (§10) Həmçinin, Cavabdeh iddiaçının qonşusudur.
26. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (§15)
27. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış zamanı həyətin qonşu həyətlə ortaq olan divarında suyun axması nəticəsində nəm izləri aşkar edilmişdir. (§11) Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16/2-10/1609/2025 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən evin torpaq sahəsinin sərhəddində inşa edilmiş hasar tikilisinin üzərinə Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılımış su novalçalarının birləşmə hissələrindən su axdığı müəyyən edilmişdir. (§12) Buna görə də məhkəmə hesab edir ki, ddia tələbi hasarın üzərinə çəkilmiş borunun götürülərək kanalizasiya xəttinə birləşdirilməsi hissəsində təmin edilməlidir.
28. Məhkəmə hesab edir k, iddia tələbi Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxinə bitişik cavabdehin tikdiyi evin qabaq hissəsindəki eyvanın onun torpaq sahəsinə baxan hissəsinin hörülərək bağlanması, arxa hissəsində yerləşən və iddiaçının torpaq sahəsinə açılan 4 ədəd pəncərənin sökülərək yerinin hörülərək bağlanması və həyətyanı torpaq sahəsinə gələn yolun sağ və sol tərəfində cavabdeh tərəfindən əkilmiş ağac və kolların başqa yerə köçürülməsi və həmin yolun əvvəlki asfalt örtüyünün bərpa olunmasının Cavabdeh həvalə olunması hissəsində təmin edilməməlidir.
29. Belə ki, məhəkəm araşdırması zamanı cavabdehin evinin ikinci mərtəbəsindəki 4 pəncərəsinin açıldığı torpağın iddiaçının mülkiyyətində deyil, yalnız fatiki sahibliyində olması müəyyən edilmidir. Eyni zamanda, məhkəmə tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış zamanı cavabdehin mənzilinin arxa tərəfində 4 pəncərə olduğu, həmin pəncərələrdən birinin yüksəkdə olduğu, cavabdehin mülkiyyətində olan mənzilin zirzəmisinin pəncərələrinin hörülərək bağlandığı və cavabdehin mənzilinin ön eyvanından boylanaraq baxdıqda iddiaçıya məxsus həyətin böyük bir hissəsinin çardaqla bağlandığı, ümumiyyətlə görünmədiyi digər bir hissəsinin isə göründüyü müəyyən edilmişdir. (§11)
30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171-ci maddəsinin tələblərinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmçinin, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. (§15) Məhkəmə hesab edir ki, hazırki mübahisədə cavabdeh tərəfindən iddiaçının öz mənzilindən istifadə etməsində maneçilik yaranmır və ya hüququ əhəmiyyətli dərəcədə pozulmur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
31. Həyətyanı torpaq sahəsinə gələn yolun sağ və sol tərəfində cavabdeh tərəfindən əkildiyi iddia olunan ağac və kolların iddiaçının mülkiyyətinə giriş-çıxış zonasından, yəni qapı və darvazısının qarşısında əkilmiş olmaması, ümumi istifadə üçün nəzərdə tutulmuş yolda olması müəyyən edilmişdir. İddiaçı həmin ağacların və kolların onun hansı hərəkət azadlığına, mülkiyyətindən istifadəsinə mane olması hallarını sübuta yetirə bilməmiş, hər hansı ağlabatan və mötəbər sübut, izah verməmişdir. Məhəkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir.
32. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinə aid mətbəxə bitişik olaraq həyətin hasarı üzərinə çəkilmiş və yağış suyunun dam hissəsindən axıdılmasını təmin edən boru iddiaçı Cavabdeh tərəfindən götürülərək kanalizasiya xəttinə birləşdirilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respblikası “Rüsum haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər rüsumdan azaddırlar. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyi üçün və iddiaçı dövlət rüsumundan azad olduğu üçün ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə alınmalıdır.
34. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də aiddir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh aid edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Bakı şəhəri Xətai rayonu, X3, ev 146 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxinə bitişik fərdi yaşayış evinin dam hisəsindən yağış suyunun axıdılması üçün həyətin hasarı üzərinə çəkilmiş boru iddiaçı Cavabdeh tərəfindən götürülərək kanalizasiya xəttinə birləşdirilsin.
3. İddia qalan hissədə təmin edilməsin.
4. İddia verilərkən ödənilməmiş dövlət rüsumu olaraq 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
5. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova