Məhkəmə qərarları › İş №2(011)-690/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-690/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-690/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il tarixdə doğulmuş yoldaşı X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, yoldaşı X6 xx.xx.1956-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur, 1981-ci ildə onunla ailə həyatı qurmuşdur, 7 il əvvəl mərhum ürəyindən əməliyyat olunmuşdur, əməliyyatdan sonra da müalicə almışdır, lakin o, xx.xx.2022-ci il tarixdə qəflətən Bakıda yaşadıqları ünvanda vəfat etmişdir, vəfatından bir gün sonra Bakı şəhəri, Binə qəbirstanlığında dəfn olunmuşdur, bu barədə arayış da verilmişdir, ölüm haqqında şəhadətnamənin alınması üçün özü Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum yoldaşının adına şəhadətnamə verilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə müraciət edərək, mülki işə işin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1969-cu il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, bacısıdır, onun yoldaşı Qiyas xəstə olmuşdur, yeddi il əvvəl ürəyinə görə əməliyyat olunmuşdur, 13 noyabrda gecə zəng gəlmiş, onun vəziyyətinin pisləşdiyini bildirmişlər, gecə getmiş, onun öldüyünü görmüşdür, mərhum səhəri gün Binə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı 13763619 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cı il tarixdə, Masallı rayonunda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-2435/15 saylı məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin 2786 №-li xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:50-də Kənd əhmədli, Rezervuar həyət evi ünvanına çağırış üzrə gedən 7 saylı bölmənin təcili tibbi yardım briqadası xəstə X4 ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan İİ-JQ seriyalı 415292 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X7 01 oktyabr 1981-ci il tarixdə nikah bağlamışdırlar, nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. İş materiallarında olan 6 nömrəli Şəhər poliklinikası tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış 250 №-li xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xəstəliklə əlaqədar poliklinikaya müraciət etmədiyi üçün xx.xx.1956-cı il təvəllüdlü X4 ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmişdir, Ərizəçi mərhumun həyat yoldaşıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar