Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6937/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi MMC “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış 28 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli, D067 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyası nəticəsində Maraqlı şəxs ilə 28 sentyabr 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, 24 dekabr 2020-ci il tarixli, D067 saylı daxili lizinq müqaviləsi üzrə 15 oktyabr 2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 10.000 dollar ilkin ödəniş edildikdən sonra qalıq borc 79.850 dollar müəyyən olunur və illik 24 faiz lizinq mükafatı olmaqla 12 aylıq ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. Sazişdə qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında Ərizəçi MMC-nin nümayəndəsi X2 ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Göründüyü kimi Ərizəçi MMC və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 29 sentyabr 2022-ci il tarixli, MŞB/9-00382 nömrəli Barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi MMC “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi MMC və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 sentyabr 2022-ci il tarixli, MŞB/9-00382 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi MMC və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 29 sentyabr 2022-ci il tarixli, MŞB/9-00382 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tələbkar 24 dekabr 2020-ci il tarixli, D067 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Tələbkar 24 dekabr 2020-ci il tarixli, D067 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 28 sentyabr 2023-cü il tarixinə qədər möhlət verir. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Tələbkara ödəyir.
2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 30, m. 108 Borclunun istifadəsində qalır.
3. Tərəflər razılaşırlar ki, 24 dekabr 2020-ci il tarixli, D067 saylı daxili lizinq müqaviləsi üzrə 15 oktyabr 2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 10.000 (on min) dollar ilkin ödəniş edildikdən sonra qalıq borc 79.900 (yetmiş doqquz min doqquz yüz) dollar müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla 12 (on iki) aylıq ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir.
4. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 7551 (yeddi min beş yüz əlli bir) dollar müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 28-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.
5. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 28 sentyabr 2023-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.
6. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.
7. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.
8. Bu sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli, D067 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 (beş) iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.
9. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygün Həsənova