Məhkəmə qərarları › İş №2(011)-7033/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7033/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7033/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi oğlunun iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1934-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2nun xx.xx.1992-ci il tarixdə RF Moskva şəhərində ölməsinə və xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1nun xx.xx.2013-cü il tarixdə RF Moskva şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən XX.XX.1934-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2nun xx.xx.1992-ci ildə Rusiya Federasiyası Moskva şəhərində ölməsi və xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1934-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.1992-ci il tarixdə RF Moskva şəhərində vəfat etmişdir. Onun vəfatından sonra mərhum Bakı şəhərinə gətirilərək Bakı şəhər Yasamal rayonu Dağüstü 1 qəbrstanlığında dəfn olunmuşdur. X1 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2013-cü il tarixdə RF Moskva şəhərində vəfat etmişdir. Onun vəfatından sonra mərhum Bakı şəhərinə gətirilərək Bakı şəhər Yasamal rayonu Dağüstü 1 qəbrstanlığında dəfn olunmuşdur. Hal-hazırda atasının evinə vərəsəliyin müəyyənləşdirilməsi üçün atasının və qardaşının ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. X2 ölüm haqqında şəhadətnamə alınması üçün Xətai rayon Qeydyyat şöbəsinə müraciət etmiş, lakin atasının ölümünü təstiq edən sənəd olmadığı üçün mərhum X2nun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. X1 ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum X1nun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğunu və müraciətlərin sayının artımını nəzərə alaraq, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflərindən X3 ölümün qeydə alınması mümkün olmadığından ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflərindən X4 ölümün qeydə alınması mümkün olmadığından ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X15 şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 6 nömrəli şəhər poliklinikası tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Xətai rayon 6 nömrəli şəhər poliklinikasının rəhbərliyi "Ölüm haqqında tibbi şəhadətnamə" nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 52 nömrəli əmrinə əsasən hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1975-ci il təvəllüdlü X8 6 nömrəli şəhər poliklinikasına xəstəliklə əlaqədar heç bir müraciəti olmaması səbəbindən məhruma tərəfindən ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 1099 nömrəli arayışdan görünür ki, X8 və X3 qəbirdaşlarına əsasən Bakı şəhəri, X16 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşlar. İş materiallarında olan, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X15 şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 6 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə verilən məktubdan görünür ki, xx.xx.1992-ci il tarixində vəfat edən X3 ölüm haqqında şəhadətnamənin verilməmə səbəbi kimi poliklinikaya heç bir müraciətin daxil olmaması göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhumla Sovetskidə qonşu olmuşlar. X7 1992-ci ildə, oğlu X8 isə 2013-cü ildə Moskva şəhərində ölmüşlər. Hər ikisi Qurd qapısında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum X7 ilə ataları yaxın olub. X7 1992-ci ild , oğlu X8 isə 2013-cü ildə Moskva şəhərində ölmüşlər. Mərhunların dəfn mərasimində iştirak etmiş, hər ikisi Qurd qapısında dəfn olunub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahid ifadələri və işin digər materialları ilə XX.XX.1934-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2nun xx.xx.1992-ci ildə Rusiya Federasiyası Moskva şəhərində ölməsi və xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində ölməsi faktları tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. XX.XX.1934-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.1992-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində ölməsi və xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar