Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7061/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi Fəxrəddin qızının iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış barışıq sazişinin alimentə aid hissəsinin məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-01773 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ay 300 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Onun şikayətləri əsasında cavabdeh bəzi ödənişlır etsə də barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəməmişdir, uşaqla görüşəndə uşağı ona uyğun olmayan yerlərə apardığından onların ünsiyyətinə icazə verməmiş, Maraqlı şəxs məhkəmədə iddia qaldıraraq uşaqla görüşməsi barədə iddia tələbi təmin edilmişdir. O, məhkəmə qətnaməsinə və barışıq sazişinə əməl edərək uşağın atası ilə ünsiyyətdə olmasına şərait yaratmış, lakin Maraqlı şəxs tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 355-25.2.maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi icraat qaydasında verilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: MŞB/8/2024-01773 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 3-cü və 4-cü hissələrinə əsasən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 300 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini könüllü şəkildə əmək haqqı və başqa gəlirlərindən tutulub Ərizəçi adına açdırdığı bank kartına bağlı hesabı və razılıq ərizəsini işlədiyi müəssisənin (hərbi hissənin) mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öhdəlik götürür. Ərizəçi alimentin hesabına köçürülməsi üçün adına hesab açdırmağa və həmin hesab nömrəsini Maraqlı şəxs təqdim etməyə dair öz üzərinə öhdəlik götürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin iş materialları ilə barışıq sazişinin təsdiq olunması xahiş edilmiş bəndinin könüllü qaydada tam icra edildiyi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış MŞB/8/2024-01773 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentə dair hissədə təsdiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01773 saylı barışıq sazişinin alimentə dair 3-cü və 4cü hissəsi aşağıdakı məzmunda təsdiq edilsin:
3. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü ildən hesablanmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini könüllü şəkildə əmək haqqı və başqa gəlirlərindən tutulub Ərizəçi adına açdırdığı bank kartına ödənilməsi məqsədi ilə bu sazişi, Ərizəçi bank kartına bağlı hesabı və razılıq ərizəsini işlədiyi müəssisənin (hərbi hissənin) mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür.
4. Ərizəçi alimentin hesabına köçürülməsi üçün adına hesab açdırmağa və həmin hesab nömrəsini Maraqlı şəxs təqdim etməyə dair öz üzərinə öhdəlik götürür. 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Leyla Şövkətli-Mənsimli