Məhkəmə qərarları › İş №2(011)-7112/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7112/2025

27.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7112/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində keçirilmiş attestasiya komissiyasının qərarı və onun əsasında tutduğu vəzifəyə uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin etibarsız hesab edilməsi, iddiaçının əvvəlki növbəli çilingər vəzifəsinə bərpa olunması və növbəli çilingər vəzifə maaşı ilə hazırkı vəzifə maaşı arasındakı fərqin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının qərarına əsaslanan işəgötürənin təkidi ilə tutduğu vəzifəyə uyğun olmadığına görə əmək şəraitinin dəyişdirilməsinə verdiyi razılığın başqa işə keçirilmə ərizəsi kimi qeydiyyata alınaraq bir işdən azad edib başqa işə qəbul etmə kimi rəsmiləşməyə əsas verən 18 iyun 2025-ci il tarixli Bakı Regional Qaz İstismar Departamentindən işdən azad olunmaq və 19 iyun 2025 il tarixli Bakı Regional Qaz İstismarı İdarəsinə yenidən işə qəbul edilmək ücün iddiaçının adından yazılan ərizələrin etibarsız hesab edilməsi, iddiaçının barəsində keçirilmiş attestasiya komissiyasının qərarı və ona əsaslanaraq aparılan əməliyyatlar Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz hesab edilməsi və Cavabdeh İB-nin tabeçiliyindəki hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı İdarəsi ilə bağlanmış müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, növbəli iş rejimində çilingər vəzifəsinə bərpa olunması, Cavabdeh İB ilə bağlanmış müddətsiz əmək müqaviləsinin bərpa edilməsi və növbəli iş rejimində vəzifəyə bərpa olunmaqla hazırkı vəzifə maaşı arasındakı fərqin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən hüquqi şəxs olmayan Bakı Regional Qaz İstismarı İdarəsində (Babək prospekti) növbəli çilingər vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir dəfə attestasiya olunmuşdur. 2025-ci il fevral, aprel aylarında müəssisə rəhbərliyi tərəfindən “imtahan” adı ilə iki dəfə peşə bacarığı yoxlanılmışdır. 2025-ci il iyun ayında rəhbərlik tərəfindən növbəti attestasiya keçirilmişdir. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılaraq müddətsiz bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin müvafiq maddəsi ilə ləğv edilmiş, daha sonra rəhbərlik tərəfindən təklif olunan Cavabdeh İB Bakı Regional Qaz İstismarı İdarəsi Binəqədi 1 rayonu üzrə sayğac əməliyyatları xidməti, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi üzrə bir il bir gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Belə ki, müəssisə tərəfindən attestasiya komissiyasının yaradılması, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri kobud dərəcədə pozulmuşdur. Müəssisə rəhbərliyi attestasiya keçiriləcəyi haqda məlumatı 1 ay qalmışdan gec olmayaraq verilməsi tələbini pozmuşdur. Lakin bu işi nə mövcud həmkarlar təşkilatı, nə də ki işə götürən təşkil etməmişdir. Attestasiya komissiyası iş stajı və lazımi praktiki təcrübəsi olan işçi olaraq onu tutduğu vəzifədə qalmağının mümkünlüyü barədə səhv qərara gəlmişdir. Dəfələrlə müraciət etsə də, attestasiya vərəqəsi ona təqdim edilməmiş, yalnız “Whatsapp” vasitəsi ilə attestasiyadan keçib-keçmədiyi barədə məlumatlandırılmışdır. Lakin keçirilmiş attestasiya zamanı bu tələb gözlənilməmişdir. Belə ki, attestasiya iki ayrı-ayrı otaqlarda keçirilirdi. Hər otaqda üç nəfər komissiya üzvünün iştirakı ilə ayrı-ayrı işçi attestasiya olunurdu. Bununlada Əmək Məcəlləsinin 65-ci maddəsinin 4-cü bəndinin tələbi kobud şəkildə pozulmuşdur. Eyni zamanda iddiaçı vəsatət verərək, iddia müddəti ötürüldüyü halda, həmin halın üzrlü sayılmasını və prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, attestasiya qanunvericiliyin tələbinə uyğun qaydada keçirilməyib, attestasiyanın keçiriləcəyi barədə əvvəlcədən məlumat verilməmişdir. Ona bildirdilər ki, ərizə yazaraq öz xahişi ilə başqa yerə müvəqqəti işə düzəlsin, daha sonra yenidən işə qayıdacaq. Hazırda işlədiyi iş yerindəki vəzifə maaşı ilə, əvvəlki iş yerindəki vəzifə maaşı eyni olsa da, əvvəlki iş yerlərində bayram günlərinə və geca saatlarında işə görə əmək haqqına əlavələr hesablanırdı. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı keçirilmiş attestasiya nəticəsində deyil, struktur dəyişikliyinə görə işdən çıxmışdır. Ümumiyyətlə, heç bir attestasiya keçirilməmişdir. İddiaçı özü ərizə ilə Bakı Regional Qaz İstismarı İdarəsinə müraciət etmiş və növbəti gün də sima imza vasitəsi ilə yeni əmək müqaviləsi bağlanmışdır. Sübutların tədqiqi: İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı başqa işəgötürənlə əmək münasibətlərinə daxil olduğu üçün xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh İB-nin baş direktorunun xx.xx.2025-ci il tarixli, 14-2-2/3-1K-/2025 saylı əmrin surətindən görünür ki, Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin rəisinin xx.xx.2025-ci il tarixli 14-2-2-4/3-1K-474/2025 saylı əmrinin surətindən görünür ki, İmanov X1” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi 1 rayonu üzrə Sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi 1 rayonu üzrə Sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi üzrə Cavabdeh İB ilə İddiaçı arasında əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh İB-nin baş direktoru tərəfindən təsdiq edilmiş Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin fəhlələrinin 2025-ci il üçün əvvəlki ştat cədvəlindən görünür ki, Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi şatatı olmuşdur. 5-ci ixtisas dərəcəli həmin vəzifənin saatlıq tarif maaşı 4,33 manat olaraq müəyyən edilmişdir. Cavabdeh İB-nin baş direktoru tərəfindən dəyişikliklərlə birlikdə təsdiq edilmiş Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin fəhlələrinin 2025-ci il üçün ştat cədvəlindən görünür ki, idarənin yeni strukturu təsdiq edilmişdir. Yeni strukturda Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi 1 rayonu üzrə Sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi ştatı yaradılmış, həmin vəzifənin ixtisas dərəcəsi 5, saatlıq tarif maaşı isə 4,33 manat olaraq müəyyən edilmişdir. Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi ştatı ləğv edilmişdir. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış müraciətlərə cavablardan görünür ki, Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentlərinin bazasında Bakı Regional Qaz İstismarı İdarəsi yaradılmışdır. İşçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün qiymətləndirmə həyata keçirilmiş, həmin qiymətləndirmə attestasiya xarakteri daşımamışdır. Qiymətləndirmə nəticəsinə uyğun iddiaçıya yeni strukturda Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi 1 rayonu üzrə Sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi təklif olunmuş və iddiaçı öz təşəbbüsü ilə vəzifəni qəbul edərək əmək müqaviləsi bağlamışdır. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/6-01545 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı attestasiya komissiyasının qərarının mübahisələndirilməsi tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. İşin müəyyən edilən halları: İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi əsasında Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsindən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixli əmrlə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi 1 rayonu üzrə Sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismarı Departamenti ləğv edilmiş, əvəzində Bakı Regional Qaz İstismarı İdarəsi yaradılmışdır. Bakı Regional Qaz İstismarı İdarəsinin yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, yeni strukturda Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi ləğv edilmişdir. Hazırda iddiaçı barəsində keçirilmiş attestasiya kommisayasının qərarını və işdən çıxma ərizəsini mübahisələndirərək, əvvəlki işinə bərpa olunması barədə tələb irəli sürmüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11, 1-ci hissəsinin “a” və “b” bəndləri. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 78, 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Cavabdeh yeni idarəetmə modelinə keçməsi ilə əlaqədar olaraq onun regional qaz istismar idarələrinin strukturu yenidən təsdiq edilmişdir. Bakı Regional Qaz istismarı İdarəsinin 2025-ci il üçün təsdiq edilmiş fəhlələrinin ştat cədvəlinə əsasən iddiaçının əvvəl işləmiş olduğu Bakı Regional Qaz İstismarı Departamenti və onun Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi ləğv edilmişdir. Həmçinin iddiaçı attestasiya komissiyasının qərarını mübahisələndirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən hər hansı attestasiya keçirilməmişdir. İşəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün attestasiya yox, qiymətləndirmə həyata keçirilmişdir. Həmin qiymətləndirmə attestasiya xarakteri daşımır, yalnızca biliyinə və ixtisasına uyğun işçilərin peşəkarlıq səviyyəsini müəyyənləşdirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, attestasiya kommisyasının qərarı mövcud olmadığından, onun mübahisələndirilməsi ilə bağlı iddiaçının tələbi də əsassız hesab olunur. Çünki mövcud olmayan qərarın mübahisələndirilməsi üçün hüquqi və faktiki əsas yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Qiymətləndirmə işəgötürənin mülahizəsindən asılı olduğundan və keçirilmə qaydaları qanunvericiliklə tənzimlənmədiyindən həmin qiymətləndirmə hazırkı məhkəmə araşdırmasının premeti ola bilməz. Bununla yanaşı qeyd edir ki, iddiaçı Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsindən öz ərizəsinə əsasən azad olunmuşdur. İddiaçı həmin əmrin verilməsi üçün əsas ollmuş xx.xx.2025-ci il tarixli ərizənin etibarsız hesab olunmasını iddia etsə də, ərizənin etibarsızlığına dəlalət edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əkisnə məhkəmə ararşdırması vaxtı, xx.xx.2025ci il tarixli ərizə verilərkən iddiaçının iradəsinə qanunazidd təsirlərin olmadığı müəyyən edilmişdir və iddiaçı öz iradəsinə uyğun həmin ərizəni işəgötürənə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinin və onun əsasında verilmiş Cavabdeh İB-nin baş direktorun xx.xx.2025-ci il tarixli, 14-2-2/3-1K-/2025 saylı əmrinin etibarsız sayılması üçün əsas olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddiaçı yeni təklif olunan işin əmək haqqı məbləğinin az olmasını bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının azad olunduğu Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsi ilə Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi 1 rayonu üzrə Sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinin ixtisas dərəcəsi və saatlıq əmək haqqı tarifi eyni olmuşdur. Belə ki, hər iki vəzifə 5-ci ixtisas dərəcəli olmuş və saatlıq əmək haqqı tarifi 4,33 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının əvvəlki vəzifəsi ilə yeni vəzifəsi eynilik təşkil etmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, Bakı Regional Qaz İstismarı Departamentinin ləğv olunması və yeni strukdurda Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinin mövcud olmaması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, işə bərpa ilə bağlı yuxarıda qeyd olunan tələblər əsassız sayıldığından, digər tələblər də bu əsas tələblərdən qaynaqlandığı üçün iddiaçının “müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi” və “vəzifə maaşı arasındakı fərqin ödənilməsi” tələbləri prosessual qənaət prinsipinə uyğun olaraq əlavə araşdırma aparmadan əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmədiyindən iddia müddətinin bərpası ilə bağlı məsələyə qiymət verilməsinə zərurət qalmır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar