Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7243/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçi Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. Bakı 5 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən tərəflər nikahın məhkəmə qaydasında pozulması, 18 fevral 2014-cü il təvəllüdlü X3 anasının himayəsində saxlanılması barədə razılığa gəlmişlər və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat aliment ödəməyi Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs bu günədək barışıq sazişi ilə müəyyən edilmiş aliment məbləğini ödəmir.
Ərizəçinin tələbi:
2. Bakı 5 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək mediasiyada barışıq sazişini könüllü olaraq bağladığını və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən maraqlı Maraqlı şəxs mediasiya prosesində barışıq sazişini könüllü olaraq bağladığını və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. Bakı 5 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən tərəflər mübahisə ilə bağlı məsələnin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlirlər, o cümlədən, Məmmədov X5 Lalə Rüstəm qızı ilə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X4 Ərizəçi himayəsində qalması və X1 üçün hər ay 200 (iki yüz) manat məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür.
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4625/2022 №-li qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 379 saylı nikah pozulmuşdur.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
11. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
12. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs X2 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
Məhkəmə xərcləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Nikahın məhkəmə qaydasında pozulması.
2. xx.xx.2014-cü il təvəllüdlü övladları X3 anası (Ərizəçi) ilə qalması (himayəsində saxlanılsın).
3. Uşağın (X4) saxlanması üçün hər ay 200 (iki yüz) manat (məbləğində aliment) atası Maraqlı şəxs öz üzərinə götürür.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova