Məhkəmə qərarları › İş №2(011)-7266/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7266/2022

24.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7266/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən mənzili (bundan sonra – Mənzil) Kamil Savalanova lizinqə verilmişdir. Mənzilin aylıq ödənişlərində gecikmə yarandığından tərələr arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə Mənzil maraqlı şəxsin istifadəsində qalmaqla, xx.xx.2022-ci il tarixinə qədər borcun ödənilməsi üçün 8032 ilkin ödəniş edildikdən sonra, qalıq borc 41354 manat müəyyən edilir və illik 27% lizinq mükafatı olmaqla, xx.xx.2022-ci ilədək tam ödənilməsinə möhlət verilir. Cavabdeh tərəfindən ilkin ödəniş ödənilməmişdir.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. Ərizəçi maraqlı şəxslə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi ərizəsində qeyd etmişdır ki, maraqlı şəxslə ərizəçi arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli, D099 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yararmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün maraqlı şəxs tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyası nəticəsində maraqlı şəxslə 07 oktyabr 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Tərəflər razılaşırlar ki, 27 dekabr 2021-ci il tarixli, D099 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 8032 manat ilkin ödəniş edildikdən sonra 41354 manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla 27 dekabr 2022-ci il tarixə qədər vaxt verilir. Sazişdə qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçinin nümayəndəsi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, borcu ödəməkdən imtina etmir, maddi imkanı ilə əlaqədar birdəfəyə ödəməyə imkanı çatmır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəllləsi:

9. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

10. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

18. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

19. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

21. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır.

23. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq ilkin olaraq ödənilməli olan pulun vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.

24. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

25. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə maraqlı şəxs aralarında əvvəllər bağladıqları Mənzilə dair lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə bağlı mövcud olmuş mübahisəni həll edərək xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin şərtlərində Kamil Salmanov xx.xx.2022-ci il tarixinə qədər 8032 manat ödəməklə, qalıq qalan 41354 manat borcunu xx.xx.2022-ci il tarixədək tam olaraq ödənilməsi nəzərdə tutulmuşdur.

26. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun bağlanmış və tərəflər həmin saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuş, ərizəçiyə ilkin olaraq xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 8032 manat pulu ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

27. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun tərtib edildiyindən, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixli Barışıq sazişi ilə müəyyən edilmiş 49386 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar