Məhkəmə qərarları › İş №2(011)-7342/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7342/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7342/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 aprel 1955-ci ildə anadan olmuş X1 05 sentyabr 2021-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X4 05 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Lakin onlar ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi ölüm haqqında şəhadətnamə verilməsinə dair Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və ona imtina məktubu verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, vəfat edən şəxs onun əmisinin arvadıdır. O, xərçəng xəstəliyindən əziyyət çəkmiş, öz qızının evində vəfat etmişdir. Koronavirusla əlaqədar mərhumun yas mərasimi keçirilməmişdir. O, Sumqayıt şəhərində dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X6 öz izahatında bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Uzun müddət xəstə olmuşdur. Mərhum Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 14 sentyabr 2021-ci il tarixli 3195-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan 6 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli məktubda ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 iyun 2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, X2 ölüm haqqında şəhadətnamə verilə bilmədiyi qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 03 aprel 1955-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonunda anadan olmuşdur. O, Ərizəçi anası olmuşdur. Təcili və X3 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X4 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, Sumqayıt Şəhər Qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi anasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 aprel 1955-ci il tarixdə anadan olmuş X1 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 aprel 1955-ci il tarixdə anadan olmuş X1 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar