Məhkəmə qərarları › İş №2(011)-7348/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7348/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7348/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin vəkili X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 Cavabdeh Füzuli oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X2 Cavabdeh Füzuli oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.09.2011-cü tarixli 131 kredit müqaviləsinə əsasən cavabdehdən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 51414,24 əsas borc, 22298,65 faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 faiz borcu, 19666,01 manat cərimə borcu olmaqla, cəmi 100.775,94 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2011-cü tarixli 131 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 15% olmaqla, 130.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 13.09.2011-cü tarixli 131/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, kredit və faizləri vaxtında ödəməmişdir. 13.09.2011-cü tarixli 131 kredit müqaviləsi üzrə 29.07.2019-cu il tarixə cavabdehin bank qarşısında 51414,24 əsas borc, 22298,65 faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 faiz borcu, 19666,01 manat cərimə borcu olmaqla, cəmi 100.775,94 manat məbləğində borc öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X4 iddia tələbini qəbul etməyərək, cavabdeh tərəfindən borcun ödənildiyini və banka heç bir borcunun qalmadığını, qeyd olunan mənzilin ipoteka ilə yüklü edilmədiyini göstərdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin və iddia ərizəsinə etitazın dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2011-cü tarixli 131 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana 60 ay müddətinə illik 15% olmaqla 130000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2011-cü tarixli 131/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı otaraq cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 13.09.2011-cü tarixli 131 saylı kredit müqaviləsi üzrə 29.07.2019-cu il tarixə borcu 51414,24 əsas borc, 22298,65 faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 faiz borcu, 19666,01 manat cərimə borcu olmaqla, cəmi 100.775,94 manat təşkil edir. "xxxx" ASC-nin X8 Z.B.Quliyeva tərəfindən verilmiş 26.02.2015-cü tarixli arayışdan görünür ki, Cavabdeh Füzuli oğlunun "xxxx" ASC-dən 13.09.2011-ci il tarixli götürdüyü 130.000 manat məbləğində ipoteka krediti bağlandığı və hal-hazırda banka heç bir borcunun olmadığı göstərilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-cü tarixli 9/1859 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 13.09.2011-ci il tarixli 131 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh iddiaçı “ZaminBank" ASC-ə 13.09.2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 69.739,11 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə - 51393,45 manat; faiz borcu üzrə - 18345,66 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 13.09.2011-cü tarixli 131 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə 29.07.2019-cu il tarixə 51393,45 əsas borc, 18345,66 faiz borcu və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına dair hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 19666,01 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 19666,01 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 1666,01 manat məbləğinədək azaldılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.11.2021-cü tarixli **********71 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahəsindən ibarət 3 otaqlı 2 saylı (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-cu məhəllə, 10B saylı evin 2 saylı mənzilinə dair ipotekanın dövlət qeydiyyatının aparılması və qeyd olunan əmlakın "xxxx" ASC-ni xeyrinə ipoteka ilə yüklü edilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 78 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 23,40 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. 30.04.2021-ci il tarixli, 9/1859 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 145 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 78 faiz həcmində təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyərinin 78 faiz hissəsi cavabdehə, 22 faiz hissəsi iddiaçıya aid edilməklə onlardan tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13.09.2011-cü tarixli 131 saylı kredit müqaviləsi üzrə 51393,45 manat əsas borc, 18345,66 manat faiz borcu, 1666,01 manat məbləğındə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 7397,04 manat olmaqla, cəmi 78.802,16 (yetmiş səkkiz min üç yüz doxsan yeddi manat 01 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 23,40 (iyirmi üç manat 40 qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində” təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 113 (bir yüz on üç) manat hissəsi Cavabdeh, 32 (otuz iki) manat hissəsi iddiaçı "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar