Məhkəmə qərarları › İş №2(011)-7376/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7376/2023

03.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7376/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “aliment borcunun ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “aliment borcunun ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs2 ilə aralarında 25 may 2023-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahlarından anadan olmuş övladları 20 aprel 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2011-ci il təvəllüdlü X1 üçün 01 may 2023-ci il tarixindən (hər ayın 01-10dək) başlayaraq hər ay hər uşaq üçün 300 (üç yüz) manat, ümumi olaraq 600 (altı yüz) manat alimenti ödəməyi üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Maraqlı şəxs2 ilə 20 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış 1779 nömrəli akt ilə nikaha daxil olmuşdur. Daha sonra cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahlarından 20 aprel 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. 03 oktyabr 2022-ci ildə 2(011)-4031 saylı mülki işə baxılmış və nikahları pozulmuşdur. Bir ildən artıqdır ki, maraqlı şəxs övladlarına heç bir maddi yardım göstərmir. Uşağlara tək baxmaq ərizəçi üçün çox çətindir. Belə ki, cavabdehlə 25 may 2023-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahlarından doğulmuş övladları 20 aprel 2008-ci il təvəllüdlü X2 və 27 dekabr 2011-ci il təvəllüdlü X1 üçün 01 may 2023-ci il tarixindən (hər ayın 01-10-dək) başlayaraq hər ay hər uşaq üçün 300 manat, ümumi olaraq 600 manat alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin aralarında qeyd olunan məzmunda barışıq sazişi olmasına baxmayaraq cavabdeh barışıq sazişindən irəli gələn öhdəliyini yerinə yetirmir. Nəticədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti keçmişdir. Ona görə də, hazırda mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə vermək məcburiyyətində qalmışdır. Beləliklə, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 və Bakı 16 saylı Mediasiya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs2 birgə nikah münasibətlərindən 20 aprel 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 25 may 2023-cü il tarixli, MBŞ/16-001016 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Ərizəçi və Maraqlı şəxs2 uşaların saxlanması üçün hər ay hər uşağa görə 300 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin ananın xeyrinə tutulması barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 25 may 2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs2 tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 25 may 2023-cü il tarixli, MBŞ/16-001016 nömrəli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs2 və Ərizəçi arasında bağlanmış 25 may 2023-cü il tarixli, MBŞ/16- 001016 nömrəli Barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflərin birgə nikahdan doğulmuş 20 aprel 2008-ci il təvəllüdlü X2 və 27 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs2 Ərizəçi hər ay hər uşaq üçün 300 manat, ümumi olaraq 600 manat məbləğində alimenti ödəməyi öz öhdəsinə götürür.

2. Alimentin hesablanması 01 may 2023-cü il tarixindən başlanacaqdır.

3. Aliment hər ayın 1-dən 10-dək tərəfin təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəkdir.

Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar