Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7434/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs2 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışı sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi ilə Maraqlı şəxs2 rəsmi nikahda olmuş, birgə nikahlarından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X5 nikah pozulduqdan sonra ərizəçinin yanında saxlanmış və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 108 manat məbləğində aliment tutulmuşdur. Daha sonra ərizəçi aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-8762/2017 nömrəli qətnaməsi ilə hər ay yetkinlik yaşına çatmayan X1 üçün nəzərdə tutulmuş aliment məbləği artırılaraq 137 manat məbləğində müəyyən edilmişdir. Övladının yaşı artdıqca xərcləri artır, cavabdehdən tutulan alimentin miqdarı uşağın saxlanması üçün kifayət etmir. xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs2 birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimenti ödəməyi və sözügedən saziş imzalanadək alimentə görə yaranmış olan 920 manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında qeyd edilən məzmuna uyğun olaraq barışıq sazişi olmasına baxmayaraq Maraqlı şəxs2 barışıq sazişindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi Maraqlı şəxs2 arasında bağlanmış 5 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Barışıq sazişi”nin 2-ci maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, ikinci tərəf birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü övladları X5 üçün alimentin artırılaraq 193 manat olmasına razıdır və bu saziş imzalanan tarixə qədər 920 manat aliment borcunun olmasını, 2022-ci ilin noyabr ayından etibarən (hər ayın 01-10 tarixləri arasında) hər ay Ərizəçi 193 manat alimet ödəməyi və bu saziş imzalanan tarixə (xx.xx.2022) olan 920 manat aliment borcunu xx.xx.2023-cü il tarixə qədər Ərizəçi ödəməyi öhdəsinə götürməyə razılaşmışdırlar. Aliment bank hesabına ödəniləcək. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs2 birgə övladları olan xx.xx.2013-cü il təvəllüdlü övladları X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Ərizəçi 2022-ci ilin noyabr ayından etibarən (hər ayın 01-10 tarixləri arasında) hər ay Ərizəçi 193 manat aliment ödəməli və saziş imzalanan tarixə olan 920 manat aliment borcunun xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs2 saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə uşağın saxlanılması üçün müəyyən edilmiş məbləğdə alimenti və 920 manat məbləğində aliment borcunu ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs2 barışıq sazişi üzrə alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixdə 5 saylı mediasiya təşkilatında bağlanmış “Barışıq sazi”şi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Maraqlı şəxs2 birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü övladları X1 üçün alimentin artırılaraq 193 manat olmasına razıdır və bu saziş imzalanan tarixə qədər 920 manat aliment borcunun olmasını qəbul edir.
2. Maraqlı şəxs2 birgə nikah dövründə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5 üçün yetkinlik yaşına çatana kimi 2022-ci ilin noyabr ayından etibarən (hər ayın 01-10 tarixləri arasında) hər ay Ərizəçi (adına açılmış bank hesabına) 193 manat aliment ödəyəcək.
3. Maraqlı şəxs2, bu saziş imzalanan tarixə olan 920 manat aliment borcunu xx.xx.2023-cü il tarixə qədər Ərizəçi ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva