Məhkəmə qərarları › İş №2(011)-7462/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7462/2021

30.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7462/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən binanın 137,19 kv.m-dən ibarət olan 53 saylı mənzilinin miras əmlak qismində qəbul edilmiş hesab olunmaqla onun qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi miras əmlakın qəbul olunmuş hesab olunması və vərəsəlik hüququnun tanınması barədədir, cavabdeh olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 göstərilmişdir, iddiaçı özünün və cavabdehlərin qeydiyyat ünvanı kimi ünvan 2, mübahisəli mənzil Nəsimi rayonu ərazisində yerləşir. Göründüyü kimi, hazırkı iddia tələbi miras əmlakın qəbul olunmuş hesab olunması və vərəsəlik hüququnun tanınması barədədir , və belə iddialar qanunvericiliyə uyğun olaraq, daşınmaz əmlakın olduğu yerin məhkəməsinə verilməli olduğu halda, iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir, həmçinin tələblər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yönəlməklə, "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmiş, hansı cavabdehin hansı tələbi yerinə yetirməli olduğu iddiaçı tərəfindən aydın göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə əməl olunmadan verildiyindən və cavabdehlərin hər birinə yönələn tələbin nədən ibarət olması göstərilmədiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 və 309-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “miras əmlakın qəbul olunmuş hesab olunması və vərəsəlik hüququnun tanınması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar