Məhkəmə qərarları › İş №2(011)-7510/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7510/2022

15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7510/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 08 dekabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Baş Səhiyyə Mərkəzi Publik şəxs 7 nömrəli Şəhər Poliklinikasının 17 dekabr 2021-ci il tarixli 849 saylı arayışa əsasən ərizəçinin atasına ölüm haqqında arayışın verilməsindən imtina olunmuşdur. Həmçinin Bakı şəhəri Maraqlı şəxs 18 dekabr 2021-ci il tarixli məktubuna əsasən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 08 dekabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X1 şəxsiyyət vəsiqəsi olmadığından ölüm faktının qeydə alınması mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinin 2(011)- 6278/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən X1 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, lakin icra olunanadək ərizəçinin atası rəhmətə getmişdir. O, vəfat edərkən şəxsiyyət vəsiqəsi olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxsnə və Bakı şəhəri Baş Səhiyyə Mərkəzi Publik şəxs 7 nömrəli Şəhər Poliklinikasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, mərhum onun atasıdır. O, serroz xəstəliyindən əziyyət çəkirdi. Atasının şəxsiyyət vəsiqəsi olmadığından vəfat etdikdən sonra ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Atası Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, o, mərhumun qonşusudur. Mərhum keçən ilin 08 dekabr tarixində vəfat etmişdir. O, qonşusunun dəfn mərasimində iştirak etmişdir. Mərhum Buzovna qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 18 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. O, ərizəçinin atası olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)-6278/2021 saylı qətnaməsi ilə X1 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir. Mərhum 08 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. O, 09 dekabr 2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 fevral 1964-cü il tarixdə anadan olmuş X1 08 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 fevral 1964-cü il tarixdə anadan olmuş X1 08 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar