Məhkəmə qərarları › İş №2(011)-7610/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7610/2022

25.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7610/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi, nikahın pozulması və aliment” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2022-ci il tarixli, MŞB/5-03420 saylı barışıq sazişinin təsdiq edilməsi, yəni tərəflər arasında olan nikahın pozulması, 2022-ci ilin dekabr ayından etibarən X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay stabil olaraq 600 manat məbləğində pulun tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir. İş materiallarından göründüyü kimi ərizə xüsusi icraat qaydasında verilmişdir. Lakin xüsusi icraat qaydasında məhkəməyə müraciət edilsə də, ərizəçi ərizənin nəticə hissəsində iddia icraatı qaydasında baxılmalı olan tələblə xüsusi icraat qaydasında baxılmalı olan tələbləri birləşdirmişdir. Belə ki, ərizəçi onunla maraqlı şəxs arasında olan nikaha xitam verilməsi və maraqlı şəxsdən aliment tutulması barədə qətnamə çıxarılmasını və maraqlı şəxslə onun arasında mediasiya prosesində imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə nikahın pozulması, aliment tələbi ilə bağlı işlər iddia icraatı qaydasında, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi isə yalnız xüsusi icraat qaydasında baxılaraq məhkəmə qətnaməsi çıxarılmaqla nəticələnir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə görə, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qanunvericiliyin tələbinə əsasən, alimentin ödənilməsi barədə tərəflər arasında saziş olmadıqda valideynlər alimentlə bağlı iddia qaldırmaq hüququna malikdir. Hazırkı iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmışdır və həmin saziş qüvvədədir. Əgər tərəflər arasında olan barışıq sazişi könüllü icra edilmirsə, sazişin könüllü icra edilməməsi barədə sübutlar əlavə olunaraq barışıq sazişinin təsdiq edilməsi ilə bağlı yalnız xüsusi icraat qaydasında məhkəməyə müraciət oluna bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, ərizəçi tərəfindən ərizə tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia icraatı və xüsusi icraat qaydasında baxılmalı olan tələblər birləşdirilərək verildiyindən və tələblər qeyri-müəyyən olduğundan ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi, nikahın pozulması və aliment” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar