Məhkəmə qərarları › İş №2(011)-7646/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7646/2024

23.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7646/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 2 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış 02 iyun 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizənin təmin edilməsi, Maraqlı şəxs ilə aralarında 02 iyun 2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2.1-ci bəndinə əsasən: Maraqlı şəxs tərəfindən 07 noyabr 2015-ci il təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X5 18 yaşına çatana qədər onların saxlanılmasına görə Ərizəçi xeyrinə hər uşaq üçün 100 manat olmaqla hər ay ümumilikdə cəmi 200 manat sabit pul məbləğində alimentin ödəməsi öhdəliyinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 12 mart 2015-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” X3 631 saylı nikahın bağlanması haqqında akt qeydi ilə rəsmi nikaha daxil olmaqla ailə hayatı qurmuşdur. Maraqlı şəxs ilə birgə nikahlarından 07 noyabr 2015-ci il təvəllüdlü X6 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-727/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Maraqlı şəxs ilə birgə nikahlarından doğuılmuş 07 noyabr 2015-ci il təvəllüdlü X6 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 ərizəçinin yanında saxlanılmışdır. 02 iyun 2022-ci il tarixdə Bakı 2 saylı mediasiya təşklatında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə bağlanmışdır. 02 iyun 2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya təşkilatında maraqlı şəxslə aralarında uşaqların saxlanılması üçün aliment öhdəliyinə dair barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1-ci maddəsinə əsasən Maraqlı şəxs 07 noyabr 2015-ci il təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X1 üçün bir uşaq üçün 100 manat olmaqla hər ay ümumilikdə 200 manat ərizəçiyə aliment ödəməli idi. Lakin Maraqlı şəxs Bakı 2 saylı mediasiya təşklatında bağlanmış 02 iyun 2022-ci il tarixli barışıq sazişinin 2.1-ci maddəsində nəzrdə tutulmuş bir uşaq üçün 100 manat olmaqla hər ay 200 manat aliment ödəməsinə dair üzərinə götürdüyü öhdəliyini icra etmir. Ona görə də həmin sazişin 2.5-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, maraqlı şəxs aliment ödənişini 2023-cü ilin mart ayına qədər icra etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, hazırda heç bir yerdə işləmədiyi və gəliri olmadığı üçün alimenti ödəyə bilmir. 2023-cü ilin mart ayına qədər ödəniş etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs birgə nikah münasibətlərindən 07 noyabr 2015-ci il təvəllüdlü X6 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 02 iyun 2022-ci il tarixli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs, birgə nikahdan anadan olmuş 07 noyabr 2015-ci il təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X2 üçün uşaqlar 18 yaşına çatana qədər Ərizəçi xeyrinə hər ay sabit məbləğdə hər uşaq üçün 100 manat, ümumilikdə 200 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs bağlanmış barışıq sazişinin 2.1-ci bəndində (aliment) öz üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 02 iyun 2022-ci il tarixində barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə iclasında verilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş aliment öhdəliyini sonuncu dəfə 2023-cü ilin fevral ayında icra etmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 02 iyun 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, alimentin tutulması vaxtı 2023-cü ilin mart ayından hesablanmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, maraqlı şəxdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 02 iyun 2022-ci il tarixli Barışıq sazişinin 2.1-ci bəndi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Maraqlı şəxs birgə nikahdan anadan olmuş 07 noyabr 2015-ci il təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X2 üçün Ərizəçi hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment ödəyəcək.

2. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs 2023-cü ilin fevral ayına qədər alimenti ödəməsi nəzərə alınaraq, alimentin tutulma müddəti 01 mart 2023-cü il tarixdən etibarən hesablansın.

Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar