Məhkəmə qərarları › İş №2(011)-768/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-768/2022

14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-768/2022 14.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı Şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi 23.12.1944-cü il tarixdə anadan olmuş X3 27.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair 38-ci il təvəllüdlü X1 27.03.2003-cü ildə Bakı şəhəri, Xətai ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X9 23.12.1944-cü il tarixdə Füzuli şəhərində anadan olmuşdur. O, 27.09.2021-ci il tarixdə qəflətən yaşadığımız ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Sumqayıt şəhərində dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Xətai Rayon Qeydiyyat şöbəsinə müraciət etmişəm, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anam X3 adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 02262635 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 23.12.1944-cü il tarixində Füzuli rayonunun Veysəlli kəndində anadan olmuşdur. iş materiallarında olan AЗ seriyalı ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə anadan olmuşdur, atası X4r, anası isə X5r. İş materiallarında olan Təcili və X7 Stansiyası 17 saylı bölməsinin 27.09.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 20:40-da Abşeron, ünvan 3 ünvanında X6 məxsus qadın meyidi aşkar edilmişdir. İş materiallarında olan 1 ədəd fotoşəkildən görünür ki, X9 dəfn edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Şəhər Poliklinikasının 29.11.2021-ci il tarixli 455 nömrəli məktubundan görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən Abşeron Rayonu, ünvan 4 ünvanında vəfat etmiş 1944-cü il təvəllüdlü X6 ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 03.11.2021-ci il tarixli, 3665-05/15 nömrəli məktubundan görünür ki, X3 ölümünün şöbə tərəfindən qeydə alınması mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısıdır, mərhum X9 isə onun nənəsi idi. Nənəsi sentyabr ayının 27-si rəhmətə gedib. Bu hadisədən 1 həftə əvvəl o, “Covid 19” virusuna yoluxmuşdur. Bundan 4 gün sonra nənəsində də xəstəliyin əlamətlərini aşkar etdilər. X12 insult xəstəsi olduğuna görə onun müalicəsini evdə həyata keçirirdilər. 4-5 gün sonra vəziyyəti pisləşdi, təcili tibbi yardım çağırdılar, lakin həkimlər onlara bildirdilər ki, artıq mərhuma kömək etmək mümkün deyil və 27.09.2021-ci il tarixində nənəsi X9 vəfat etdi. Onu “nasosnıda” olan qəbiristanlığında dəfn ediblər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə 23.12.1944-cü il X827.09.2021-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə sonuncuların ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23.12.1944-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonunun Veysəlli kəndində anadan olmuş X3 27.09.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar