Məhkəmə qərarları › İş №2(011)-7722/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7722/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7722/2023 12.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 Saylı Bakı “ASAN Xidmət”Mərkəzinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:

1. İşin ərizədə göstərilən faktiki hallarına görə, ərizəçinin əri X7 xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasının Zəngibasar rayonu Sarıcalar kəndində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

2. X7 xx.xx.2022-ci il tarixdə Zeytun sovxozu y/s qəbirstanlığında dəfn olunmuşdur.

3. Ölüm haqqında şəhadətnamənin alınması üçün 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hal-hazırda vərəsəliyin müəyyənləşdirilməsi üçün X4 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır.

Ərizəçinin tələbi:

4. xx.xx.1950-ci il tarixdə doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir, ərinin ölüm haqqında şəhadətnaməsini almaq istəyir, lakin ala bilmir. Həyat yoldaşı hər zaman özəl xəstəxanalarda müalicə alıb, bu səbəbdən də dövlət xəstəxanasında xəstəliyi ilə bağlı qeydiyyatı olmayıb. Əri ölən gün qardaşı və qızı da orada olub.

7. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum onun qardaşıdır. Ona qardaşının vəziyyətinin pis olması barədə məlumat verildikdən sonra o, qardaşıgilə getmişdir. Qardaşıgilə çatandan biraz sonra qardaşı vəfat etmişdir. Daha sonra isə təcili tibbi yardım çağırmışdırlar. Dəfn mərasimində iştirak etmişdir.

9. X2 izahat verərək bildirmişdir ki, atası ilə qonşuluqda yaşayır. Son zamanlar atası xəstə olduğu üçün tez-tez onlara gedirdi. X11 da atasıgillə yaşayır. Atası rəhmətə gedən gün bacısının oğlu ona zəng vuraraq babasının vəziyyətinin pis olduğunu bildirmişdir. Artıq o, evə çatanda atası ölmüşdü, bundan sonra təcili tibbi yatdım çağırmış və təcili tibbi yardım da ölüm faktını təsdiq etmişdir. Dəfn mərasimində iştirak etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 208 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışa əsasən X8 həqiqətən də General Şıxlinski küçəsi, döngə 2, ev 1 ünvanında yerləşən mənzilində yaşayır, qeydiyyatdadır.

11. Təcili və təxirəsalınmaz X6 tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, xx.xx.2022-ci il tarixdə, saat 20:20 vaxtında çağırışa əsasən həkim Eyvazov.E ünvan 1 ünvanında yaşayan xəstə X4 yanına gəlmiş, kişi cinsli meyit,həkimə qədər ölüm diaqnozu qoyulmuşdur.

12. 7 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 897 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən, Ərizəçi həyat yoldaşının ölüm arayışının verilməsi üçün 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin mərhumun poliklinikaya hər hansı xəstəliklə bağlı müraciəti və ambulator kartı olmadığından poliklinikanın ölüm haqqında tibii şəhadətnamə verməsi mümkün olmamışdır.

13. Hövsan Bələdiyyəsi tərəfindən verilmiş 1364 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışa əsasən, mərhum X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Zeytun sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur.

14. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-1069/2023 nömrəli məktuba əsasən, Ərizəçi tərəfindən ərinin ölümünü təsdiq edən tibbi sənəd təqdim olunmadığından ərizəsinin təmin edilməsi şöbə tərəfindən mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğu və müvafiq qeydiyyat şöbəsinin X4 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X4 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edilmiş, o cümlədən X4 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.

21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən X4 xx.xx.2022-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydəalınma üçün əsasdır.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.1950-ci ildə anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.

3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar