Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7765/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuş X5 26 sentyabr 2025-ci il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X9 ilə birgə rəsmi nikahdan 05 fevral 1995-ci il tarixdə oğlu X7 anadan olmuşdur. Həqiqi hərbi xidmətini xüsusi rejimli hərbi hissədə çəkmiş , fiziki cəhətdən tam yetkin , praqmatik dünya görüşlü savadlı, siqaret və narkotikdən qətiyyən istifadə etməyən , sağlam həyat tərzinə xüsusi əhəmiyyət verən oğlunu , 21 avqust 2020-ci ildə , özünün sevib-seçdiyi, X4 ilə evlənmişdir. Onların birgə rəsmi nikahlarından 21 iyun 2023-cü il tarixdə X10 anadan olub. Oğlu və gəlini iddiaçı ilə eyni mənzildə deyil, Bakı şəhəri, Xətai rayonu, K.Əhmədli küçəsi,, 3-cü döngə, “ Rəvan Market “ ərzaq dükanın yanında , nömrəsiz fərdi evdə kirayədə yaşayırdılar. Oğlunun sağlamlıq durumunda hər hansı bir probleminin olması özünə bu ya digər tərzdə bürüzə verilməmiş və heç vaxt tibbi müalicəyə cəlb olunmamışdır. 26 sentyabr 2025-ci il tarixdə ,saat təxminən 03: 00 radələrində oğlunun yaşam dürumu qəflətən pisləşmiş, ona ev şəraitində tibbi yardım göstərilməsi mümkünsüz olması səbəbindən gəlini təcili tibbi yardıma çağırış zəngi etdikdən sonra, 03: 30 radəsində, ünvan 1 ünvanına gəlmiş , oğlunu müayinə edərək “ həkimə qədər ölüm “ diaqnozunu şərh edib uyğun qeydiyyat aparmışdır. Hadisə yerinə gəlmiş Xətai RPİ-nin 37-ci PB-nin əməkdaşı, polis mayoru Elxan Əliyevin göstərişi ilə mərhum oğlunun nəşi qeyd edilən bölməyə aparılmışdır. Həmin tibbi qeydiyyat əsasında ərizəsinə əlavə etdiyi təcili tibbi yardıma dair arayış əldə edildikdən sonra, mərhum oğlunun nəşi islam dinin adəti üzrə dəfn olunmaq üçün Beyləqan şəhərində yerləşən, doğma babası,nənəsi və digər yaxın qohumlarının məzarları olan şəhər qəbirstanlığında 26 sentyabr 2025-ci il saat təxminən 11:30 radələrində dəfn edilmiş və bu barədə qəbirstanlıq müdiriyyəti tərəfindən uyğun qeydiyyat aparılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, mərhum oğlu xx.xx.1995-ci il tarixdə anadan olan X7 ailəli olmuş, bir oğlu vardır. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə qəflətən vəfat etmiş,heç bir xəstəliyi olmamışdır, Beyləqan rayonunda dəfn olunmuşdur. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata adı qrafasında X9, ana adı qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 dəyişdirilərək, Əliyevdən Cəbrayıllı olaraq dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. İş materiallarında olan, Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Beyləqan rayon X2 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "Respublika Təcili Və X3 Mərkəzi" X11 tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 03:30-da “Respublika Təcili və X3 Mərkəzi” X11n Mərkəzi Çağrı Xidmətinə “103”, ünvan 2 ünvandan Vüqar Əliyev adına “ürək” səbəbi ilə çağırış daxil olmuşdur, çağırışı Xətai TTTYS bölməsinin həkimi Gülnarə İsmayılova icra edərək, ünvanda Vüqar Əliyevə (30 yaş) məxsus meyit ilə rastlaşmış, “R.98 Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuşdur, meyit 37-ci Polis Bölməsinin mayoru Elxan Əliyevə təhvil verilmiş və hadisə barədə 37-ci Polis Bölməsinin kapitanı Məmmədov məlumatlandırılmışdır. İş materiallarında olan, fotoşəkillərdən görünür ki, mərhumun dəfn mərasimi keçirilmişdir. İş materiallarında olan, ********** saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, mərhum onun oğludur, qonşu binada öz ailəsi ilə yaşamışdır, heç bir xəstəliyi olmamışdır, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə qəflətən vəfat etmiş, Beyləqan rayonunda dəfn olunmuşdur, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, mərhum onun həm qohumu, həm qonşusu olmuşdur, heç bir xəstəliyi olmamışdır, Bakı şəhərində yaşadığı evdə qəflətən vəfat etmiş, Beyləqan rayonunda dəfn olunmuşdur, dəfndə iştirak etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1995-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7765/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7765/2025
28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver