Məhkəmə qərarları › İş №2(011)-7776/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7776/2025

09.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7776/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1928-ci il təvəllüdlü X1 xx.xx.1970-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşının anası (iddiaçının qayınanası) xx.xx.1928-ci il təvəllüdlü X4 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o, dəfn olunmuşdur. Vəfat etdiyi vaxtdan hal-hazıradək ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün iddiaçı qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Sual-cavab zamanı o bildirmişdir ki, onun yoldaşı Gülşən Məhərrəmova xx.xx.2025-ci ildə rəhmətə gedib. ünvan 1 ünvanında yerləşən mənzil mərhum yoldaşı Gülşən Məhərrəmovanın adınadır. Yoldaşının vəfatından sonra vərəsəlik işi açılanda məlum olmuşdur ki, yoldaşının anası (ərizəçinin qayınanası) Arifə Məcidovanın ölümü haqqında şəhadətnamə alınmamışdır və buna görə də vərəsəlik qaydasında mənzilin sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də xx.xx.1928-ci il təvəllüdlü X1 xx.xx.1970-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi zəruridir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə verərək, keçiriləcək məhkəmə iclasının iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun baldızı Gülşən xanımın həyat yoldaşıdır. O, həmin evə 1976-cı ildə gəlin köçüb. Onlar qohum olublar. Şahidin atası ilə qayınanası Arifə xanım xala nəvələri olublar. O, qayınanası Arifə xanımın xərçəng xəstəsi olduğunu bilirdi. O, Arifə xanımın xx.xx.1970ci il tarixdə səhər 9 radələrində də rəhmətə getdiyinin bilib. O, yas mərasimində olub. Yas mərasimi Salyanda olub, Arifə xanım orada torpağa tapşırılıb. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi qızı Gülşənin yoldaşıdır. Arifə Məcidova şahidin bibisi olub. Şahid özünün 14 yaşı olanda bibisi Arifə xanımın (ərizəçinin qayınanasının) xx.xx.1970-ci il tarixdə rəhmətə getdiyini bilib. Bibisi ağır xərçəng xəstəsi idi. O, yas mərasimində olub. Yas mərasimi Salyanda baş tutmuşdur, bibisi orada torpağa tapşırılıb Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nəzirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Salyan rayonu Salyan Bələdiyyəsi tərəfindən verilmiş 632 nömrəli arayışdan görünür ki, X4 xx.xx.1970-ci il tarixdə Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi qayınanası X1 xx.xx.1970-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə (o cümlədən qəbirin fotoşəkili ilə) sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1928-ci il təvəllüdlü X1 xx.xx.1970-ci il tarixdə Salyan şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1928-ci il təvəllüdlü X1 xx.xx.1970-ci il tarixdə Salyan rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar