Məhkəmə qərarları › İş №2(011)-7812/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7812/2023

16.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7812/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23-cü maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göründüyü kimi hazırki ərizə üzrə ərizəçi ilə maraqlı şəxs arasında barışıq sazişi mediasiya prosesi nəticəsində deyil, notarial qaydada bağlanmış və təsdiq edilmişdir. Belə olan halda ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Hazırki ərizəyə iddia icraatı qaydasında baxılmalıdır. Bu isə Azərbaycan Respublikası MPM-nin iddia ərizəsinin forma və məzmununa dair tələblərin pozulması kimi qiymətləndirilməli və ərizə AR MPM-nin 152-ci maddəsinə əsasən, geri qaytarılmalıdır.

5. Bunlarla yanaşı, hazırki ərizə üzrə ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş və ya bunu təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Barışıq sazişinin təsdiq edilməsi tələbi- qiymətləndirilməyən iddia kateqoriyasına aid edilməklə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödənilməlidir.

6. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən və qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən ərizəçinin hazırki ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar