Məhkəmə qərarları › İş №2(011)-796/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-796/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-796/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış obyektlərinin boşaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehin qanunsuz olaraq zəbt etdiyi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 126 kv.m. olan 1 saylı və 154 kv.m. olan 2 saylı qeyriyaşayış obyektlərinin ona məxsus əşyalarla birlikdə boşaldılması, obyektin boş vəziyyətdə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə "xxxx" MMM arasında 14.01.2005-ci il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 2 ədəd fərdi müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" MMM ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 1-ci martəbəsində yerləşən 3 otaqdan ibarət 1 nömrəli mənzili və habelə həmin binanın 1-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 2 nömrəli mənzilin tikintisini (bundan sonra – birlikdə Qeyri-yaşayış sahələri) iddiaçının sifarişi əsasında öz üzərinə götürmüşdür. "xxxx" MTK-nın 04.11.2021-ci il tarixdə verdiyi Arayışa əsasən qeyd edilən ünvanda yerləşən binanın 1 və 2 saylı qeyri-yaşayış sahələrinin sahibi iddiaçıdır. Qeyri-yaşayış sahələri cavabdehə icarəyə verilmiş və hazırda onun istifadəsindədir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, göstərilən qeyri-yaşayış obyektləri ona məxsusdur. Hər iki qeyri yaşayış obyektləri yan-yana olmaqla reallıqda bir obyektdən ibarətdir. Əvvəllər tanımadığı, sonradan icarəçi kimi tanış olduğu Cavabdeh tərəfindən məktəbəqədər baxça kimi 2019-cu ilin fevral ayından faktiki icarədədir. Cavabdehi onunla tanış edən oğlu olduğundan icarə məsələlərini də oğluna həvalə etmişdir. İlkin zamanlarda cavabdehlə münasibətlər normal olsa da, sonradan pisləşmişdir. Dəfələrlə faktiki münasibətlərin hüquqi müstəvidə, yəni icarə müqaviləsi ilə rəsmiləşdirilməsinə cəhd göstərilsədə və belə davam etdirilməsinin qeyri qanuni olmasına dair etirazlar, şifahi bildirişlər verilməsinə baxmayaraq müxtəlif vasitələrlə cavabdeh bundan imtina etmişdir. Belə olan halda cavabdehdən icarə haqqları istənildikdə nəinki icarə haqqı, ümumiyyətlə obyektin boşaldılmasından imtina etməklə Konstitusiya ilə qorunan hüquqlarını kobud şəkildə pozmaqla ona maddi və mənəvi zərər vurmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzürlü olması barədə sübutlarını təqdim etmədiklərindən, Azırbaycan Respublikas MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Qeyri-yaşayış sahəsinin bağçaya icarəyə verildiyini bilirdi. O, orada qonşuluqda kirayədə yaşayır. Bağçanı İnarə adında xanım idarə edir. İddiaçının bir neçə dəfə ora gəldiyini, əsəbləşdiyini, icarə haqqını istədiyini, bununla bağlı mübahisələr olduğunu eşidirdi. İddiaçı deyirdi ki, ya icarə haqqını verin, ya da obyekti boşaldın. Məhkəmə iclasında şahid X1 bildirdi ki, iddiaçının oğludur. 2-19-cu ilin yanvar ayında Qabil adlı şəxsin vasitəsilə cavabdeh həyat yoldaşı ilə Qeyri-yaşayış sahəsini icarəyə götürüb bağça kimi işlətdilər. İcarə haqqını da Qabil alıb gətirirdi. Pandemiya vaxtı çətinlik çəkdikləri üçün icarə haqqını almadıar. Lakin gizlin işlədirdilər. 2021-ci ilin sentyabr ayından bu günədək pul vermədilər. Nə icarə haqqı vermirlər, nə də obyektdən çıxmırlar. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin, şahidlərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz halıdır ki, Qeyri-yaşayış sahələrinin sahibi hazırda iddiaçıdır. Belə ki, 14.01.2005-ci il tarixli müqavilələr əsasında həmin Qeyri-yaşayış sahələri iddiaçının sifarişi əsasında inşa edilərək onun sahibliyinə verilmiş ("xxxx" MTK-nın 04.11.2021-ci il tarixdə verdiyi Arayışı) və iddiaçı Qeyri-yaşayış sahəsinə sahibllik və istifadə hüququ əldə etmişdir. Bu həm də o deməkdir ki, iddiaçının Qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna gözləntisi vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə 27.09.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır hüquqi cəhətdən təmin edilmiş imkanıdır (MM-nin 152.2-ci və 152.3-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (MM, maddə 158.1.2). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2-ci maddə) Qeyd edilən müddəalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia cavabdehin Qeyri-yaşayış sahəsidən çıxarılması və iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir. Qeyri-yaşayış sahəsiin qanuni sahibinin iddiaçı olması işin yuxarıda qeyd edilən mübahisəsiz halları ilə müəyyən edilir. Qeyri-yaşayış sahəsiin cavabdehin sahiubliyində olması iş materiallarında olan sübutlarla təsdiqini tapır. Belə ki, iddiaçı iddia ərizəsində Qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməsi və cavabdeh tərəfindən həmin sahənin uşaq bağçaı kimi istifadə edilməsini həm iddia ərizəsində, həm də məhkəmə iclasında bildirmişdir. Həmçinin, iş üzrə ifadə vermiş şahidlər də, Qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən uşaq bağçası kimi istifadə edilməsini məhkəmə iclasında bildirmişlər. Qeyd edilən sübutlar Qeyri-yaşayış sahəsinin cavabdehin istifadə və sahibliyində olması barədə nəticəyə gəlməyə əsas verir. Qeyri-yaşayış sahəsinin cavabdehin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, bu hal şahidlərinin ifadələri ilə öz təsdiqini tapır. Məhkəmə iclasında ifadə vermiş şahid Ənvər Hüseynov bildirdi ki, bir neçə dəfə iddiaçı ilə cavabdeh arasında mübahisələrin olmasını eşitmiş, iddiaçı cavabdehdən Qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Digər şahid cavabdeh Sahib Məmmədov isə məhkəmə iclasında bildirdi ki, cavabdeh 2021-ci ilin sentyabr ayından nə icarə haqqını ödəmir, nə də Qeyri-yaşayış sahəsini boşaltmır. Cavabdeh isə məhkəmə iclasları barədə bildirişləri alsa da (hətta. 24.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına səhhəti ilə bağlı gələ bilməməsi barədə teleqram və elektron qaydada məlumat da göndərmişdir), məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazını təqdim etməmiş, Qeyri-yaşayış sahəsinin onun qanunsuz sahibliyində olmasını təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında Qeyri-yaşayış sahəsini boşaltmağı (icarə haqqını ödəmədiyi üçün) cavabdehdən dəfələrlə tələb etməsini bildirmişdir. Bu halda məhkəmə, Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsini əsas götürərək (digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər), Qeyri-yaşayış sahəsinin həqiqətən də cavabdehin qanunsuz sahibliyində olması halını qəbul edir. Göründüyü kimi, şərh edilən hallar MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasına əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən Qeyri-yaşayış sahəsinin əşyalarla birlikdə boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (MM-nin 164.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nin 165.1-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Qeyriyaşayış sahəsinin qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin isə Qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları mövcud olmadığından o, Qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən,. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 126 kv.m. olan 1 saylı və 154 kv.m. olan 2 saylı qeyri-yaşayış sahələri ona məxsus əşyalarla birlikdə Cavabdeh tərəfindən boşaldılsın və ünvan 1 ünvanında yerləşən 1 saylı binanın sahəsi 126 kv.m. olan 1 saylı və 154 kv.m. olan 2 saylı qeyri-yaşayış sahələri boş vəziyyətdə İddiaçı oğuna təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsmumu Cavabdeh tutularaq İddiaçı oğuna verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar