Məhkəmə qərarları › İş №2(011)-8020/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8020/2025

06.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8020/2025 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əmrin hissəvi qaydada ləğvi və sair” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı “əmrin hissəvi qaydada ləğvi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin ixtisarla bağlı əmrinin iddiaçı barəsində olan hissəsinin ləğv edilərək, iddiaçının Bakı Regional Qaz İstismar departamentinin və Bakı Regional Qazın Satışı Departamentinin bazasında hüquqi şəxş statusuna malik olmayan təşkilat kimi Bakı Regional Qaz İstismar İdarəsində əvvəlki vəzifə (peşə) və növbəli iş rejimli işlə təmin olunmağına və bütün bu qanunsuzluqlar - son 11 ildə artıq 4-cü dəfə işdən azad olunma – iddiaçının bir müharibə əlilil kimi şərəf və ləyaqətinə toxunduğu ücün cavabdehdən iddiaçıya dəyən maddi və mənəvi ziyana görə 10.000 (on min) manat, məcburi iş buraxma dövrünün əmək haqqını (əmək haqqı kartına köçürülən net məbləğdə) və həmin dövrdə Cavabdeh İB-nin işçilərinə və müharibə iştirakçılarına verdiyi mükafat, “bayram pulu” (Silahlı Qüvvələr Günü, Zəfər Bayramı, Yeni İl, Novruz Bayramı, Qurban Bayramı və s.) kimi ödənilən bütün ödənişlərin Cavabdeh İB-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq, 2- ci qrup əlil olmuşdur. 1996-cı il tarixdən Cavabdeh İB-nin Bakı şəhəri Nəsimi rayon qaz istismarı İdarəsinin qəza-dispeçer xidmətində işləməyə başlamışdır. İndiyədək müdiriyyət tərəfindən ona qarşı heç bir intizam tədbiri tətbiq edilməmişdir. İlk dəfə 27 aprel 2014-cü il tarixdə Cavabdeh İB tərəfindən struktur dəyişikliyi adı altında ixtisara salındıqdan sonra Xətai rayon Məhkəməsinin (iş № 2(103)-6479/2014) qətnaməsinə əsasən, 2016-cı ildə öz iş yerinə və əvvəlki növbəli iş yerinə qayıtmışdır. Cavabdeh İB-nin rəhbərliyi ikinci dəfə 2019-cu ildə əlilliyi səbəb gətirərək onu növbəli iş rejimindən çıxarıb 8 saatlıq iş rejiminə keçirdiyindən məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin (iş № 2(011 )-7286/2019) qətnaməsindən sonra 2021-ci ildə yenidən öz yerinə və növbəli iş rejiminə dönmüşdür. Növbəti dəfə 2023cü ildə Cavabdeh İB-nin rəhbərliyi tərəfindən bu dəfə də yenidən əlilliyi səbəb gətirələk işdən azad olandan sonra Xətai Rayon Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin yekun qərarı ilə (iş № 2(011 )-7897/2023) xx.xx.2025-ci il tarixdən əvvəlki işinə bərpa olunaraq, növbəli iş rejiminə qaytarıldıqdan sonra üstündən 6 (altı) ay keçməmiş Cavabdeh İB-nin strukturuna daxil olan və onun çalışdığı Bakı Regional Qaz istismar Departamentinin və Bakı Regional Qazın Satışı Departamentinin bazasında hüquqi şəxş statusuna malik olmayan təşkilat kimi Bakı Regional Qaz İstismar İdarəsinin yaranması ilə əlaqədar onun tutduğu vəzifənin guya ləğv olunduğu səbəbindən yenidən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə ona 25 avqust 2025-ci il tarixli 14-2- 2/3-11-16710/2025 saylı bildiriş təqdim edilmişdir. “Guya”sözünü isə ona görə yazmışdır ki, hal-hazırda eyni vəzifəni və eyni işi görən 4 nəfər çilingər eyni iş başındadırlar. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü (“Əlillərin əmək hüququnun həyata keçirilməsi”) maddəsinə əsasən, “əlillərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi bərpa proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir. Həkim-əmək ekspert komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxsin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir”. Həmin Qanunun 25-ci (“Əlillərin məşğulluğunun təmin edilməsi”) maddəsində isə bildirilir ki, “əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, ilin yekunlarına görə mənfəətlərindən Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər. Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq kvota müəyyənləşdirilmiş bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir”. Adı çəkilən Qanunun 26-cı (“ İşəgötürənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi”) maddəsinə əsasən, “müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini (bağlaşmasını) ləğv edərkən əlilləri sosial müdafiə fonduna həmin işçinin on illik əmək haqqı məbləğində vəsait köçürməlidirlər. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu (“Əlillərin əmək şəraiti”) maddəsinə əsasən, “müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər üçün fərdi bərpa proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır. Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz. Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin. İşə qəbul zamanı əlillər üçün sınaq müəyyən edilmir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi bərabər olduqda əlillərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır”. Cavabdeh İB onu ölkəmizdə analoqu olmayan son 11 ildə artıq 4-cü dəfə işdən çıxarmaqla onu bir şəxsiyyət kimi,- sağlamlığını vətənin müdafiəsində itirmiş müharibə əlili kimi alçaltmaq, onu illər boyu məhkəmələrdə süründürmək, ailəsini normal dolanışıqdan və müalicə olunmaqdan məhrum etmək, kollektiv arasında iddiaçının gözdən salınmağı məqsədi ilə barəsində həqiqətə uyğun olmayan və yalan, yəni onun demaqoq və təhlükəli şəxs olmağına məlumatların yayması ona mənəvi ziyan vurulduğunun bariz nümunəsidir. Eyni zamand, qanunvericilik ştatların ixtisarına baxmayaraq 2-ci qrup Qarabağ əlili kimi onun ixtisar olunmağına yol vermir və onun ən azı başqa işlə təmin olunmağını tələb edir. Hazırkı halda isə onun 4 işçi yoldaşının öz işlərində qalması, onun isə işdən çıxarılmağı Cavabdeh İB-nin ona olan qərəzli münasibətindən irəli gəlir. Beləliklə də, Cavabdeh İB-nin ixtisara dair əmrinin iddiaçı barəsində hissəsi ləğv edilməli və iddiaçı üstünlük hüququ olan şəxs kimi işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (“Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri”) maddəsinin 2-ci bəndinə əsasən, “bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. İxtisar barədə əmrin surətinin iddiaçıya verilməsindən imtina edilmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Ramazan oğlu iddia ərizəsinə uyğun izahat verərək, qarabağ əlilləri və veteranlar birliyinin idarə heyətinin üzvü olduğu və işçilərin hüquqlarını müdafiə etdiyi üçün onun qərəzli olaraq işdən çıxarıldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddiaçının işlədiyi ərazi üzrə çilingər vəzifəsində ştat vahidlərinin ixtisar olunduğunu və bu səbəbdən iddiaçının ixtisara düşərək, əmək müqaviləsinə xitam verildiyini qeyd etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı Əmək kitabçasından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(011)-7897/2023 saylı icra sənədinə əsasən çilingər peşəsinə bərpa edilib. 07 oktyabr 2025-ci il tarixli 14-2-2/3-3233/2025 saylı əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən (ştatların ixtisar edilməsi) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İB-nin strukturun təkmilləşdirilməsi haqqında 13 fevral 2025-ci il tarixli 14- 2/3-1İ-41/2025 saylı əmri ilə SOCAR-ın Cavabdeh İB-yi hüquqi şəxs statusuna malik olmayan Metrologiya Departamenti, Təmir-tikinti İdarəsi və Anbar təsərüüfatı ləğv edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 07 oktyabr 2025-ci il tarixli 14-2-2/3-1K-3233/2025 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə 07 oktyabr 2025-ci il tarixində xitam verilmişdir. 25 avqust 2025-ci il tarixli 14-2-2/3-11/16710/2025 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 6 təqvim həftəsi əvvəldən əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq göndərilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin fəhlələrinin 2025-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən dəyişiklik cədvəlllərindən görünür ki, İddiaçı işlədiyi Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinin ştat vahidləri üzrə dəyişiklik qeydə alınmamışdır. Dövlət Sosial Mudafiə Fondu tərəfindən verilmiş 016658 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7897/2023 saylı 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxmaya görə 11 sentyabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlərin (mükafat kimi ödəniləcək pul vəsaitləri (Nefçilər günü, Zəfər Bayramı münasibətilə və sair) ödənilməsi qət edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit edilmişdir. Həmin maddəyə görə:

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 78-ci maddəsi işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsini müəyyən etmişdir. Belə ki, 78.1-ci maddəyə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, “SOCAR”-ın 13 fevral 2025-ci il tarixli 14-2/3-1İ-41/2025 nömrəli əmri strukturun təkmilləşdirilməsi haqqında “SOCAR”-ın prezidenti tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı 25 avqust 2025-ci il tarixli bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Cavabdeh İB-yi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftədən sonra ləğv ediləcəkdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 07 oktyabr 2025-ci il tarixli 14-2-2/3-1K-3233/2025 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidinin ixtisarı ilə ləğv edilmişdir. Mülki iş materiallarından müəyyən olunur ki, Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin fəhlələrinin 2025-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən dəyişiklik cədvəlllərindən görünür ki, İddiaçı işlədiyi Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinin ştat vahidləri üzrə dəyişiklik qeydə alınmamışdır.

Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı işlədiyi Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinin ştat vahidlərinin sayının dəyişməsi cavabdeh tərəfindən təqdim edilmiş yeni ştat cədvəli ilə müəyyən edilmədiyindən, həmin əsasla cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan, həmçinin İddiaçı müharibə əlili kimi ixtisar halında belə işdə saxlanmasına üstünlük hüququ olduğu halda başqa işlə təmin edilmədiyindən iddia tələbi bu hissədə əsaslıdır, odur ki, iddia bu hissədə təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 07 oktyabr 2025-ci il tarixli 14-2-2/3-1K-3233/2025 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və müharibə iştirakçılarına bayramlarla (Silahlı Qüvvələr Günü, Zəfər Bayramı, Yeni İl, Novruz Bayramı, Qurban Bayramı və s.) əlaqədar verilən bütün müavinətlər ödənilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehin qanunsuz hərəkətlərindən mənəvi sarsıntı keçirdiyi aşkar olsa da, iddiaçı 10000 manat məbləğində mənəvi zərərə məruz qaldığını sübutlarla təsdiq etmədiyindən həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh İB-dən mənəvi zərərə görə 500 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq ödənilməli olan 50 manat; mediasiya təşkilatına ödənilməli olan 61 manat. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 50 manat dövlət rüsumu tutularaq, Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq,

Q ə t e t d i:

İddiaçı Cavabdeh İB-nə qarşı “əmrin hissəvi qaydada ləğvi və sair” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh İB-nin 07 oktyabr 2025ci il tarixli 14-2-2/3-1K-3233/2025 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 07 oktyabr 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və müharibə iştirakçılarına bayramlarla (Silahlı Qüvvələr Günü, Zəfər Bayramı, Yeni İl, Novruz Bayramı, Qurban Bayramı və s.) əlaqədar verilən bütün müavinətlər ödənilsin. Mənəvi ziyana görə kompensasiya qismində Cavabdeh İB-dən 500 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Cavabdeh İB-dən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsində ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar