Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8044/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunan sənədləri araşdırıb məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. İ. Ərizə ərazi aidiyyəti qaydalarına əməl edilmədən verilmişdir. Buna görə də ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Romanı qəsəbəsi, Köhnə sahə 1 olaraq qeyd edilmişdir. Onun məcburi köçkün olaraq müvəqqəti məskunlaşdığı ünvan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası qeyd edilmişdir. Onun rəsmi pasport qeydiyyatı ünvanı Cəbrayıl rayonunun ərazisindədir. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən olan məlumatlardan görünür ki, Ərizəçi ünvanı Cəbrayıl rayonu, Şahvəlli Ə/D, Göyərçin Veysəlli kəndidir. Məhkəmə hesab edir ki, hazırki tələblərə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. İİ. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət edilibedilməməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə etməli olduğu halda, qeyd edilən sübutları ərizəyə əlavə etmədiyindən, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Halbuki, həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bu səbəbdən də ərizənin icraatı mümkün hesab edilməməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, ərizəçinin qeydiyyata alındığı və ya olduğu yer Bakı şəhəri Xətai rayonunun ərazisində deyil. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından və ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət edilib-edilməməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 37, 151, 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-8044/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8044/2025
21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver