Məhkəmə qərarları › İş №2(011)-813/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-813/2022

23.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-813/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi X8 Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X10 Bakı Şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi 10.11.2021-ci il tarixində ünvan 1 ünvanında vəfat etmiş 11.09.1974-cü il təvəllüdlü mərhum oğlu X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Oğlu X4 də həmin ünvanda yaşayırdı. Məhrum oğlu X4 alkoqolizm xəstəliyindən əziyyət çəkirdi və 10.11.2021-ci il tarixində yaşadıqları ünvanda vəfat etmişdir. Həmin vaxt ərizəçi növbətçi həkimi çağırdı, lakin həkim gələnədək mərhum oğlu X4 artıq keçinmişdir. Növbətçi həkim bu halla bağlı ölüm barədə arayış verdi. Həmin arayışı ərizəçi qeydiyyatda olduğu Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə ölüm haqqında tibbi şahədətnamənin verilməsi üçün təqdim etdi, lakin sənədi verməkdən imtina edildi. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 15738629 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 11.09.1974-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 286723 nömrəli “Doğum haqqında şahədətnamə”nin surətindən görünür ki, X5 11.09.1974-cü il tarixində Bakı şəhərində anadan olmuşdur, anası X10, atası isə X6. İş materiallarında olan Təcili və X7 Stansiyası 2 saylı bölməsinin 10.11.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 09:2-də ünvan 1 ünvanında X2 məxsus kişi meyidi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin 08 nömrəli, 25.01.2022-ci il tarixli arayışından görünür ki, mərhum X4 10.11.2021-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbəsinin Rus qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikasının 13.11.2021-ci il tarixli 447 nömrəli məktubundan görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş, 11.09.1974-cü il təvəllüdlü X4 və ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 16.11.2021-ci il tarixli, 3791-05/11 nömrəli məktubundan görünür ki, X1 ölümünün şöbə tərəfindən qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşudur. Mərhum X1 həyatının son günlərində artıq iflic olmuşdur. Gəzə bilmirdi, yerə yıxılırdı, onlar qaldırırdılar, paltarların geyindirirdilər. Mərhum artıq danışa da bilmirdi. Sonuncu dəfə vəziyyəti 10.11.2021-ci il tarixində pisləşmişdir. Həkim çağırsalar da, mərhum o, gələnədək rəhmətə getmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X9 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçi X8 bacısının yoldaşıdır. Mərhum X4 10.11.2021-ci il tarixində vəfat edib. Ölümünə 10 gün qalmış onun vəziyyəti pisləşmişdi. Həmin müddətdə 4 dəfə təcili yardım çağırmışdırlar. O, işki asudəcəsi idi, dəfələrlə narkoloji dispanserdə müalicə alırdı. Sonuncu dəfə vəziyyəti pisləşdiyi zaman həkim evə gələnədək o, rəhmətə getmişdi. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə 11.09.1974-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X1 10.11.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə sonuncuların ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11.09.1974-cü il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X1 10.11.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar