Məhkəmə qərarları › İş №2(011)-826/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-826/2024

23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-826/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlakla bağlı sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlakla bağlı sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbində göstərmişdir ki, xx.xx.2018-ci il tarixində X4 rəhbərlik etdiyi Cavabdeh MTK-nın Bakı şəhəri Nərimanov rayonu Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi “Grand Narimanoff” yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 55,0 kv.m olan 3 saylı mənzilə dair iddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh de-fakto mənzili iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh de-yure onun sənədləşməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iddiaçı mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək üçün qeydiyyat orqanına xx.xx.2018-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu təqdim etməlidir. Bu baxımdan xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışları da kooperativ tərəfindən təsdiq olunmalıdır. Lakin iddiaçı kooperativin idarəçiliyində iştirak edən şəxslərə müraciət etdikdə cavabdeh ona rədd cavabı vermişdir. İddiaçı bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində (təkrar müraciət) Cavabdeh MTK-nın sədri Nizami Quliyevə də rəsmi olaraq müraciət etmişdir. Lakin bu günə qədər iddiaçının müraciəti ilə bağlı heç bir cavab verilməmişdir. İddiaçı faktiki istifadəsində olan mənzilin sənədləşməsini həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək daşınmaz əmlaka dair hüquqlarının qeydiyyatdan keçirilməsi üçün cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə həmin sənədlərin ona verilməsini tələb etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa edilmiş “Grand Narimanoff” yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 55,0 kv.m olan 3 saylı mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması (çıxarışın verilməsi üçün tələb olunan) xx.xx.2018-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun Cavabdeh MTK tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tabeliyindəki müvafiq ərazi idarəsinə təqdim olunması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 iyul 2018-ci il tarixli Müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Cavabdeh MTK Cahangir Zeynalov 18, mənzil 7 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 1 otaqlı, 25.0 m2 əlavə etməklə tam təmirli, bir ədəd yerli sakinlər üçün nəzərdə tutulmuş iki otaqlı 55.0 m2 mənzilin “mülkiyyətçi” nin mülkiyyətinə verilməsi, “mülkiyyətçi” nin isə söküləcək mənzilin Cavabdeh MTK-nın istifadə və sahibliyinə verməsidir. Həmin müqavilənin 2.2-ci bəndində tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir ki, onlara aşağıdakılar aiddir: - Yaşayış üçün təhlükəli və ətraf mühitə hormoniyasını itirmiş olan mövcud binadakı mənzildən “mülkiyyətçi” nin müvəqqəti yaşayış yerinə köçürülməsi Cavabdeh MTK tərəfindən həyata keçirilməsini təmin etmək; - Müqavilənin 2.1.2 bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə “Mülkiyyəçi”yə ödənilməsini təmin etmək; - Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi” yə mənzili təmir edib təhvil vermək; - Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş görülməyən işləri tamamlamaq; - Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; - Bina tikilib təmir edildikdən sonra “Mülkiyyətçi”dən mənzilin təhvil alınmasını tələb etmək. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli arayışın surətindən görünür ki, Cahangir Zeynalov 20 ünvanında yerləşən D Bloku 2-ci mərtəbə 3 saylı 55.0 kv/m olan mənzil İddiaçı məxsusdur. Sayğac kodu **********1 olan 3 saylı mənzilə yəni İddiaçı məxsusdur. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli mənzil və mənzil açarlarının təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı mənzili tam hazır olduğunu və açarları təhvil aldığını öz imzası ilə təsdiq etmiş, Cavabdeh MTK-nın Bakı şəhəri, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 3 saylı 2-ci mərtəbə 55.0 kv.m olan mənzilin açarlarını təhvil götürmüşdür. İş materiallarında olan 36 saylı MKİS-i tərəfindən verilmiş 151087 nömrəli arayışdan görünür ki, İddiaçı C.Zeynalov küçəsi, 18 nömrəli evin, 3 nömrəli mənzilində pasport qeydiyyatındadır, Füzuli rayonu məcburi köçkünü kimi məskunlaşmışdır. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, C.Zeynalov küçəsi, ev 18 mənzil 3 ünvanında qaz sayğacı üzrə istehlakçı İddiaçıdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli 3-36-3/2-149/2024 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, F.Əsədov və C.Zeynalov küçəsində yerləşən “Grand Narimanoff” yaşayış kompleksinin D binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 55.0 kv.metr olan 3 saylı mənzilində müvəqqəti məskunlaşan Füzuli rayonundan məcburi köçkün İddiaçı məcburi köçkün kimi öz doğma yurduna köçürülüb-köçürülməməsi və yaxud gələcəkdə köçürülməsinin nəzərdə tutulubtutulmaması bərədə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət fcmitəsinə daxil olmuş sorğuya, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Füzuli rayonunun Qorqan kəndindən məcburi köçkün İddiaçı ailə üzvləri ilə birgə Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsində yerləşən 18/6 ünvanında müvəqqəti məskunlaşmışdır. Ərazi Pilot Layihəyə düşməsi səbəbindən İddiaçı ilə söküntü aparan Cavabdeh MTK şirkət arasında (müvafiq müqavilə bağlanaraq) kirayə pulu ödəməklə köçürülmüşdür. Söküntüsü aparılan həmin ərazidə 11 mərtəbəli yeni bina inşa edilmişdir. Müraciətlə bağlı İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman, inşa olunmuş yeni 11 mərtəbəli binanın 2 otaqlı mənzilində ailə üzviəri ilə birgə bir neçə il öncə yenidən yaşayan İddiaçı yaşadıqları hazırkı yeni mənzilin onlara məxsus olduğunu və Böyük Qayıdışla bağlı öz doğma yurduna qayıtmaq niyətində olmadığını bildirmişdir. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahılar üzrə sözügedən ailənin də adları məskunlşadıqları ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcə də erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Füzuli şəhərinin yenidən zərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülmüşdür. Böyük Qayıdışla bağlı Füzuli rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna (razılığı əsasında) köçürülməsinə qanunda nəzərdə tutulmuş (müvafiq) qaydada baxılacaqdır. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı Fizuli rayonu məcburi köçkünü kimi, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi X1 və X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi, ev 18 ünvanında yerləşən mənzilə köçmüş və orada yaşamışdır. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsi ünvanında “Pilot” layihəsi olan binanın inşa edilməsi üçün, Hüseynova Nəzakət və Hüseynov Taryelə məxsus evlərin sökülməsi barədə razılıq əldə edilmişdir. Həmçinin İddiaçı oğiumın həmin evdə məcburi köçkün olaraq yaşadığı üçün cavabdeh “Lider-N" MTK tərəfindən İddiaçı, müvəqqəti olaraq yaşaması üçün, yəni Fizuli rayonu işğaldan azad edilənədək yaşaması üçün, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa edilən “Grand Narimanoff’ yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində, ümumi sahəsi 55.0 kv.m olan 3 saylı mənzilin istifadəsinə veriləcəyi barədə razılıq əldə edilmişdir. İddiaçı Cavabdeh MTK-nın şərti ilə razılaşmış və Fizuli rayonu işğaldan azad edildikdən sonra mənzildən çıxacağını bildirmiş, beləliklə tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmışdır. Lakin, iddiaçı hal-hazırda əsassız olaraq sözügedən mənzilə dair mülkiyyət hüququnun əldə etmək qərarına gəlmişdir, halbuki artıq Fizuli rayonu işğaldan azad edilmiş və hal-hazırda həmin əraziyə məcburi köçkünlərin köçürülmələri, onların mənzil ilə təmin edilməsi planları nəzərdə tutulur. Göründüyü kimi, İddiaçı Fizuli rayonu azad edildikdən sonra təftişə düşmüş, bu səbəbdən tez bir zamanda sözügedən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması niyyətindədir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun tanınması tamamilə absurddur, ona görə ki, iddiaçı nə sökülən evin mülkiyyətçisi olmuşdur (yəni sökülmüş evin əvəzindən onun mülkiyyətinə mənzil verilsin), nə də ki cavabdeh tərəfindən onun istifadəsinə verilən mənzilə dair pul vəsaiti ödəyib, həmin mənzili əldə etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət 1'roqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Göründüyü kimi, Cavabdeh MTK cənab Prezidentin həmin Sərəncamının tələblərinə riayət edərək, İddiaçı məcburi köçkün olması səbəbindən, sözügedən mənzili onun müvəqqəti olaraq yaşaması üçün istifadəsinə vermişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak ilə bağlı sənədlərin verilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MTK ilə X5 arasında bağlanmış 31 may 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx/xx/1997 tarixdə verilmiş 30/4217 qeydə alma nömrəsi ilə 366 nömrəli kitabın 52767-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən “Mülkiyyətçi”yə X2 paylı mülkiyyət hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı mənzilin (faktiki 44 kv.m) sahəsinə 25% əlavə etməklə tam təmirli bir ədəd 55.0 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (Maddə 139.1) Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. (Maddə 139-1.1.6) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. (maddə 144-1.5) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, bununla da iddiaçının istifadəsində olan mənzilin sökülməsinin əvəzinə Cavabdeh MTK “Grand Narimanoff’ yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində, ümumi sahəsi 55.0 kv.m olan 3 saylı mənzil iddiaçının mülkiyyətinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli mənzil və mənzil açarlarının təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı mənzili tam hazır olduğunu və açarları təhvil aldığını öz imzası ilə təsdiq etmiş, Cavabdeh MTK-nın Bakı şəhəri, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 3 saylı 2-ci mərtəbə 55.0 kv.m olan mənzilin açarlarını təhvil götürmüşdür. İddiaçı bundan sonra cavabdehə mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək üçün qeydiyyat orqanına xx.xx.2018-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu təqdim edilməsi ilə bağlı müraciət etsə də, bu günədək həmin sənədlər iddiaçıya təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, həmin mənzilin iddiaçıya müvəqqəti olaraq verildiyini bildirsə də, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan hal öz əksini tapmamışdır. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq, mənzilə dair təsdiq olunmuş sənədləri iddiaçıya təhvil verməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 iyul 2018-ci il tarixli müqaviləni, həmin müqavilə ilə bağlı maliyyə arayışı, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu İddiaçı verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 iyul 2018-ci il tarixli müqaviləni, həmin müqavilə ilə bağlı maliyyə arayışı, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar