Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-831/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehdən 10 oktyabr 2018-ci il tarixli, 101840-588585/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 7975.04 (yeddi min doqquz yüz yetmiş beş manat, dörd qəpik), əsas borca hesablanmış faiz borcu 1853.30 (bir min səkkiz yüz əlli üç manat, otuz qəpik), cəmi 9828.34 (doqquz min səkkiz yüz iyirmi səkkiz manat, otuz dörd qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 118,29 (bir yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə X1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə (ümumi sahəsi 132.3 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən (ümumi sahəsi 132.3 kv.m) çıxarılması və həmin mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında 10 oktyabr 2018-ci il tarixli, 101840-588585/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 kiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil (ümumi sahəsi 132.3 kv.m) 10 oktyabr 2018-ci il, 101840-588585/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" ARnın qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/4145/2021 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X3 asitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia əriəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 oktyabr 2018-ci il tarixli, 101840-588585/1 nömrəli “Kredit Müqaviləsi”-nə əsasən bank borcluya 24 ay müddətinə, illik 22% olmaqla 30000 manat kredit vermişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 oktyabr 2018ci il tarixli, 101840-588585/1 nömrəli “İpoteka Müqaviləsi”-nə cavabdehin banka olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 (ümumi sahəsi 132.3 kv.m) İddiaçı ASC-də ipoteka ilə yüklü edilir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə xx.xx.2021-ci il tarixə 7975.04 manat əsas borcu, 1853.3 manat faiz borcu, cəmi 9828.34 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 552 gün təşkil edir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-46-cı məhəllə, M.Hadi küçəsi, ev 70 ünvanında yerləşən 14 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 278807 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1996-cı il tarixdə Axundova (Pənahova) Nailə Sabir qızı ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlığın surətindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh1 banka olan borc məbləğini xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməyi tələb edilmiş, borcu xx.xx.2021-ci il tarixinədək ödəmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh1 banka olan borc məbləğini bildirişi aldığı günün növbəti iş günündən başlayaraq 3 gün müddətindən gec olmayaraq banka ödəməyi tələb edilmiş, ödəmədiyi təqdirdə ünvan 1 nömrəli mənzilin açıq hərracda satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İşin materiallarından görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin ərizə Reyestr Xidmətində qeydə alınmışdır. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132.3 kv.m olan 3 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 170.000 manat, likvid dəyəri isə 144.500 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/2745 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə əsas borc üzrə 7975,04 manat, faiz borcu üzrə 2949,90 manat məbləğində müəyyən olunur. Qeyd edilən ekspertizanın dəyəri 100 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 118,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin 118.29 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və ipotekanın açıq hərracdan satılması və borcun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin redaksiyasına əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının vaxtında icra edilməməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməli, əmlakın ilkin satış qiyməti 144500 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən (ümumi sahəsi 132.3 kv.m) çıxarılması və həmin mənzilin boşaldılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri həmin mənzili tərk etmək öhdəliyi öz üzərinə götürmüşlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri və ipoteka predmetinin qiymətlənlədirilməsinə dair tədqiqatın dəyəri də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış 10 oktyabr 2018-ci il tarixli, 101840-588585/1 “Kredit Müqaviləsi” üzrə əsas borca görə 7975.04 (yeddi min doqquz yüz yetmiş beş manat, dörd qəpik) manat, faiz borcuna görə 1853.30 (bir min səkkiz yüz əlli üç manat, otuz qəpik) manat, cəmi 9828.34 (doqquz min səkkiz yüz iyirmi səkkiz manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 118,29 (bir yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2945-46-cı məhəllə, M.Hadi küçəsi, ev 70, 14 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, 2945-46-cı məhəllə, M.Hadi küçəsi, ev 70, 14 saylı mənzilin ilkin satış qiyməti 144.500 (yüz qırx dörd min beş yüz manat) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzillərin satılmasından əldə edilən vəsaitdən əsas borca görə 7975.04 (yeddi min doqquz yüz yetmiş beş manat, dörd qəpik) manat, faiz borcuna görə 1853.30 (bir min səkkiz yüz əlli üç manat, otuz qəpik) manat, cəmi 9828.34 (doqquz min səkkiz yüz iyirmi səkkiz manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 118,29 (bir yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 mənzili boşaldaraq, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətlənlədirilməsinə dair tədqiqatın dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-831/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-831/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver