Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8570/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Ərizəçi Maraqlı şəxs ilə birgə nikah dövründə əldə edilmiş və 2(011)-5248/2021 saylı xx.xx.2021-ci il tarixli Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən bölünmüş və paylar müəyyən edilmiş əmlaklarla bağlı 2 saylı mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə Barışıq sazişi bağlanmışdır.
2. Barışıq sazişi Maraqlı şəxs və iddiaçı tərəfindən qismən icra edilmişdir. Maraqlı şəxs mediasiya sazişinin 1-ci bəndində qeyd edilən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən hissədəki payını iddiaçının adına özgəninkiləşdirməli olduğu halda bu günə kimi sazişi həmin hissədə könüllü icra etməkdən imtina etmişdir.
İddiaçının tələbi:
3. Ərizəçi xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinə əsasən Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən hissədəki payını onun adına özgəninkiləşdirməli olduğu hissədə təsdiq olunması, məhkəmə rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumuda həmçinin Maraqlı şəxs tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixdə ərizəçi dəqiqləşmə barədə ərizə verərək xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinə əsasən Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən hissədəki payını onun adına özəlləşdirilməli olduğu hissədə təsdiq olunması, məhkəmə rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumuda həmçinin Maraqlı şəxs tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək ərizəçinin xx.xx.2024-cü il tarixli ərizəsi ilə razı olduğunu, barışıq sazişinin mediasiya məmurunun iştirakı ilə keçirilmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesində səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan məhkəmə prosesini keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə idiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.
7. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş MŞB/2-00414/2024 saylı, xx.xx.2024-cü il tarixli “Barışıq sazişi”nin 1-ci bəndinə əsasən 2-ci tərəf Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzilindən ½ hissədəki payını 1-ci tərəf Ərizəçi adına Daşınmaz Əmlakın Dövlət Reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürür.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 5, ev 43C, mənzil 34 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi,311/M6/m6) ½ hissədə Ərizəçi, ½ hissədə isə Maraqlı şəxs məxsusdur.
10. Bakı Şəhəri Xətai Rayn İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
11. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək hesab edir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar mövcuddur.
16. Belə ki, ərizəçinin təsdiq edilməsini xahiş etdiyi xx.xx.2024-cü il tarixli MŞB/2- 00414/2024 saylı mediasiya sazişin 1-ci bəndində qeyd edilən əmlakın ünvanı, dgər müəyyənedici əlamətləri qeyri-dəqiq, qeyri-müəyyəndir. Məhkəmə Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binanln hansı blokunda, mərtəbəsində, neçə nömrəli 3 otaqlı 100 kv.m sahəsi olan hansı mənzildən hansı hissədəki payını ərizəçinin adına özəlləşdirilməli olduğunu müəyyən edə bilmədiyində, yəni barışıq sazişinin həmin bəndi qeyri-dəqiq olduğundan ərizəni təmin etməyi mümkün hesab etmir.
17. Eyni zamanda, ərizəçi tərəfindən barışıq sazişinin təsdiq edilməsi tələb olunan maddəsi üzrə tərəflər arasında hazırda məhkəmə mübahisəsi mövcuddur və bu səbəb məhkəmə tərəfindən barışıq sazişinin məhkəmə qaydasında mübahisələndirilən maddəsinin təsdiq edilməsi hüquqdan sui istifadə hallarına səbəb olacağından məhkəmə barışıq sazişinin təsdiq edilməsini hüquqa zidd hesab edir.
18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. Ərizə rədd edilsin.
2. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova