Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8608/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X4 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 30 sentyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Maraqlı şəxs ilə 27 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladı var - 23 aprel 2017-ci il təvəllüdlü X8 və 20 iyul 2020-ci il təvəllüdlü X6. Aralarında baş vermiş narazılıqlar nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(007)-182/2019 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Aralarında uşaqla görüş (ünsiyyət hüququnun həyata keçirilməsi) tələbinin həlli məqsədi ilə Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X1 vasitəsi ilə Maraqlı şəxs ilə ərizəçi arasında 30 sentyabr 2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən: 1. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X6 birinci tərəf Ərizəçi ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) ayda 8 dəfə olmaqla həftənin 2-ci günləri (çərşənbə axşamı) axşam saat 18:30dan-19:30-dək və hər həftənin 6-cı günləri (şənbə günü) günorta 16:00-dan axşam 21:00dək (onun ananın iştirakı olmadan) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. 2. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərində götürdüyü öhdəliklərini pozduğu təqdirdə birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişdə göstərilən öhdəliyi icra etmir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, o, ərizənin təmin edilməsinə etiraz etmir. Lakin uşaqlar ataları ilə görüşmək istəmirlər. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs birgə nikahından 23 aprel 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2019cu il tarixli, 2(007)-182/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, bundan sonra tərəflərin birgə münasibətlərindən 20 iyul 2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Hər iki uşaq hazırda maraqlı şəxsin yanındadır. Tərəflər arasında mediasiya prosesi nəticəsində 30 sentyabr 2024-cü il tarixli MŞB/8/2024-02111 saylı Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X2 Ərizəçi ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) ayda 8 dəfə olmaqla həftənin 2-ci günləri (çərşənbə axşamı) axşam saat 18:30-dan-19:30-dək və hər həftənin 6-cı günləri (şənbə günü) günorta 16:00dan axşam 21:00-dək (onun ananın iştirakı olmadan) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs bağlanmış barışıq sazişinin 2-ci bəndində öz üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 30 sentyabr 2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə iclasında maraqlı şəxs uşaqların atası ilə görüşmək istəmədiyini, bu səbəbdən sazişin icra edilmədiyini bildirsə də, qeyd edilən halı sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 30 sentyabr 2024-cü il tarixli MŞB/8/2024-02111 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçidən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 30 sentyabr 2024-cü il tarixli MŞB/8/2024-02111 saylı Barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin:
1. Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X2 Ərizəçi ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) ayda 8 dəfə olmaqla həftənin 2-ci günləri (çərşənbə axşamı) axşam saat 18:30-dan-19:30-dək və hər həftənin 6-cı günləri (şənbə günü) günorta 16:00-dan axşam 21:00-dək (onun ananın iştirakı olmadan) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür.
Qətnamə dərhal icra edilsin. Ərizəçi 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygün Həsənova