Məhkəmə qərarları › İş №2(011)-8870/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8870/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8870/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 18 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X5 ağır sinir xəstəliyindən əziyyət çəkirdi. Atası 18 oktyabr 2024-cü il tarixdə X9 stansiyasının həkimləri gələnədək vəfat etmişdir. Mərhum atasını Bakı şəhəri Abşeron rayonu Məhəmmədi kəndində yerləşən qəbristanlığında dəfn etmişdir. Atasının ölüm haqqında şıhadətnaməsinin alınması üçün 12 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin atasının həmin poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etmədiyi səbəbindən 12 nömrəli şəhər polikilinikası tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verə bilməməsi barədə 19 oktyabr 2024-cü il tarixli 325 saylı cavab məktubu verilmişdir. Bu faktla bağlı 4 saylı Bakı ”ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək atasının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsinin şöbə rəisi Aygün Eminovanın imzası ilə verilmiş xx.xx.2024-cü il tarixli № 3-16-5/8-15-1 133/2024 saylı cavab məktubuna əsasən atasının ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Bu faktla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu faktı təsdiq etdirməkdə məqsədi atasının əmlakı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ibarətdir. Lakin atasının ölümünü təsdiq edən şəhadətnamə olmadığından ondan qalmış miras əmlakı üzrə heç bir hüquqi hərəkətlər elmək mümkün deyildir. Məhz bu səbəbdən də məhkəməyə müraciət elmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, mərhum onun babası olmuşdur. Babası həm xəstə, həm də yaşlı olmuş, 18 oktyabr 2024-cü ildə vəfat etmişdir. Onun yas mərasimi Sabunçu mərasim evində təşkil edilmişdir. Mərhum Məmmədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, mərhum onun atası olmuşdur. Atası ürək çatışmazlığından 18 oktyabr 2024-cü ildə vəfat etmiş, onun yas mərasimi Sabunçu mərasim evində təşkil edilmişdir. Mərhum Məmmədi qəbirstanlığında dəfn edilmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X5 xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. O, ərizəçinin atası olmuşdur. Təcili və X2 Stansiyasının 18 oktyabr 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 18 oktyabr 2024-cü il tarixdə X1 yaşadığı ünvanda həkimə qədər ölüm – kişi cinsli meyid aşkar edilmişdir. 12 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, X3 ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 24 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1942-ci il tarixdə anadan olmuş X1 18 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1942-ci il tarixdə Füzuli rayonunda anadan olmuş X1 18 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar