Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8912/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulması və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 31 may 2023-cü il tarixdə 16 saylı Mediasiya Təşkilatında mediator X4 iştirakı ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş övladları 26 avqust 2015-ci il təvəllüdlü X1 üçün 2023-cü ilin iyun ayından etibarən hər ayın 01-05 arası ərizəçiyə (adına açılmış hesaba) hər ay 150 manat alimentin ödənilməsi barədə barışıq sazişi imzalanmışdır. 31 may 2023-cii il tarixli Barışıq Sazişinin imzalanmasından 4 ay müddət keçməsinə baxmayaraq Tağıyev X5 Sazişində qeyd olunan öhdəliyini yerinə yetirmir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, iddia tələbində 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulmasını xahiş etsə də rüsum ödəməmişdir. Odur ki, həmin məbləğin dövlət büdcəsinə ödənilməsini istəyir. Həmçinin, maraqlı şəxs iyun və iyul ayları üzrə alimenti ödəmiş, avqust ayından bəri ödəniş etməmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etdi. O, verdiyi izahatda bildirdi ki, mövsümi işdə çalışdığı üçün ödəniş edə bilməmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs birgə nikah münasibətlərindən 26 avqust 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 31 may 2023-cü il tarixli, MBŞ/16-00993 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs birgə nikahdan anadan olmuş 26 avqust 2015-ci il təvəllüdlü X2 üçün 2023-cü ilin iyun ayından etibarən hər ayın 01-05 arası Ərizəçi (adına açılmış hesaba) hər ay 150 manat aliment ödəməyə razı olmuşdur. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 31 may 2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs iyun və iyul aylarında sazişə əsasən aliment ödənişini həyata keçirmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 31 may 2023-cü il tarixli, MBŞ/16-00993 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 31 may 2023-cü il tarixli, MBŞ/16-00993 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Maraqlı şəxs birgə nikahdan anadan olmuş 26 avqust 2015-ci il təvəllüdlü X2 üçün 2023-cü ilin iyun ayından etibarən hər ayın 01-05 arası Ərizəçi (adına açılmış hesaba) hər ay 150 manat aliment ödəyəcək.
Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygün Həsənova