Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8999/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 06 oktyabr 2023-cü il tarixində Bakı 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış barışıq sazişin təsdiq olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 06 oktyabr 2023-cü il tarixində Bakı 1 saylı Mediasiya Təşkilatı vasitəsilə barışıq sazişi bağlamışdır. Tərəflər barışıq Sazişinə əsasən aşağıdakı şərtlərlə faktiki nikah dövründə əldə edilmiş əmlakların bölgüsünü apardılar: mediasiya (mübahisə) tərəfləri Bakı şəhəri, 5 saylı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmış 10 noyabr 2018-ci il tarixli, 3964 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər. Mediasiya (mübahisə) tərəfləri X3 adlı övladın yetkinlik yaşına çatanadək ananın - yəni Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər. Birinci tərəf (ata) - yəni Maraqlı şəxs X3 adlı övladının yetkinlik yaşınadək ananın - yəni, Ərizəçi himayəsində saxlanılması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə aliment qismində 220 manat (iki yüz iyirmi manat) ödəməyi öhdəsinə götürür. Mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 manat - iki yüz iyirmi manat) hər təqvim ayının 20-ci (iyirminci) gününə qədər ananın - yəni, Ərizəçi göstərdiyi bank hesabına ödəniləcəkdir. Mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 manat - iki yüz iyirmi manat) 2023-cü ilin oktyabr ayının 1-ci (birinci) günündən hesablanmağa başlasın. Barışıq sazişinin 6-cı maddəsinə görə sazişin icrası üzrə müddət 10 (on) gün olaraq müəyyən edilmişdir. Qeyd edir ki, Sazişin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin tərəflərin mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlərin 2, 3, 4 və 5-ci maddələri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır ona görə məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 8-ci maddəsinə görə sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. O, bildirmişdir ki, Maraqlı şəxs barışıq sazişi bağlanılan gündən aliment qismində cəmi 100 manat ödəmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, onun müəyyən problemləri olduğu üçün razılaşdırılmış məbləğdə aliment pulunu ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1) mediasiya (mübahisə) tərəfləri Bakı şəhəri, 5 saylı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmış 10 noyabr 2018-ci il tarixli, 3964 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər, 2) mediasiya (mübahisə) tərəfləri X3 adlı övladın yetkinlik yaşına çatanadək ananın - yeni, Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər, 3) birinci tərəf (ata) - yəni, Maraqlı şəxs X3 adlı övladın yetkinlik yaşınadək ananın yəni, Ərizəçi himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə aliment qismində 220 manat (iki yüz iyirmi manat) ödəməyi öhdəsinə götürür, 4) mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 manat - iki yüz iyirmi manat) hər təqvim ayının 20-ci (iyirminci) gününə qədər ananın - yəni, Ərizəçi göstərdiyi bank hesabına ödəniləcəkdir, 5) mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 manat - iki yüz iyirmi manat) 2023-cü ilin oktyabr ayının 1-ci (birinci) günündən hesablanmağa başlasın İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə olan nikah xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 fevral 2024-cü il tarixdə 172 nömrə ilə qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs övladı xx.xx.2019-cu il təvəllüdlü X1 Ərizəçi himayəsində qalmasına etiraz etmir. O, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü il oktyabr ayının 1-dən ayından etibarən Ərizəçi hər ayın 20ci gününə kimi 220 manat miqdarında pul ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın valideynlərindən hansının yanında qalması və onların saxlanılması üçün valideynlərin birindən digərinin xeyrinə alimentin tutulması barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş alimentin müəyyən edilməsi hissəsində təsdiq edilməlidir və qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında mediator X2 tərəfindən təsdiq edilmiş MŞB/1/2023-00238 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin:
1. “Birinci tərəf” (ata) - yəni, Maraqlı şəxs X3 adlı övladının yetkinlik yaşına çatanadək, ananın – yəni, Ərizəçi himayəsində saxlanılması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə aliment qismində 220 (iki yüz iyirmi) manat ödəməyi öhdəsinə götürür.
2. Mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 (iki yüz iyirmi) manat) hər təqvim ayının 20-ci (iyirminci) gününə qədər ananın - yəni, Ərizəçi göstərdiyi bank hesabına ödəniləcəkdir.
3. Mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 (iki yüz iyirmi) manat) 2023-cü ilin oktyabr ayının 1-ci (birinci) günündən hesablanmağa başlasın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva