Məhkəmə qərarları › İş №2(011)-90/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-90/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-90/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X2» ASC-nin cavabdehlər Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 11.07.2011-ci il tarixli 24N/11 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 05.11.2018-ci il tarixli 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən 91.294,17 manat əsas borc, 10.744,92 manat faiz olmaqla, cəmi 102.039,09 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilinə (bundan sonra – Mənzil) yönəldilməsi, Mənzilin açıq hərracdan satılması, borcun Mənzilin hərracdan satışı hesabına əldə olunmuş vəsait hesabına Banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 133.000 manat məbləğində müəyyən edilməsi, Mənzilə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin Mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 11.07.2011-ci il tarixdə 24N/11 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 67 000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında 17.12.2013-cü il tarixdə əsas kredit müqaviləsinə Əlavə Sazişə əsasən kreditin müddəti 13.12.2018-ci il tarixədək uzadılmış, kreditin məbləği artırılaraq 1 000 000 manat müəyyən edilmiş və 31.10.2018-ci il tarixdə bağlanmış Əlavə Sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh1 verilmiş kreditin məbləği tarixi və faizi illik maksimum 28% dərəcəsi ilə 13.12.2023-cü il tarixədək 1 000 000 manat məbləğində olmaqla dəyişdirilmişdir. Sonradan 05.11.2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə illik 11 faiz ödəmək şərtilə 117 385 manat məbləğində kredit verilmişdir. Həmçinin, iddiaçı ilə Cavabdeh3 arasında 11.07.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya məxsus Mənzil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü 18.12.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ********** saylı Çıxarış verilmiş, sonradan 31.10.2018-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə tərəflər arasında saziş bağlanmış, ipoteka yüklülüyünün müddəti dəyişdirilərək 13.12.2023-cü ilədək müəyyən edilmiş və bu barədə ********** saylı Çıxarış verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, Bank ilə Cavabdeh1 arasında 11.07.2011-ci il tarixli 24N/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 05.11.2018-ci il tarixli 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə. 05.11.2020-ci il tarixədək, illik 11% ödəmək şərtilə 117.385 AZN məbləğində kredit verilmişdir. (11.07.2011ci il tarixli 24N/11 saylı əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 31.10.2018-ci il tarixli Sazişə əsasən kredit müqaviləsinin müddəti artırılaraq 13.12.2023-cü ilə kimi müəyyən edilmişdir). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank ilə Cavabdeh3 arasında bağlanmış 11.07.2011-ci il tarixli 24Nİ/11 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Mənzili Banka ipotekaya qoyulmuşdur. (11.07.2011-ci il tarixli 24Nİ.11 saylı ipoteka müqaviləsinə edilmiş 31.10.2018-ci il tarixli Sazişə əsasən tərəflər arasında bağlanmış 11.07.2011-ci il tarixli 24Nİ/11 saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit müqaviləsinin müddəti dəyişdirilərək 13.12.2023-cü ilədək müəyyən edilir). İpoteka müqaviləsi 02.11.2018-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №1396894. qeydiyyat №**********). Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq Banka ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddəaləri pozulmuşdur. Borclu Cavabdeh1 01.03.2021-ci il tarixə 05.11.2018-ci il tarixli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 91.294,17 manat, faiz borcu üzrə 10.744,92 manat, cəmi 102.039,09 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmiş və gəlmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 11.07.2011-ci il tarixdə əsas Kredit müqaviləsi və əsas kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 17.12.2013-cü il və 31.10.2018-ci il tarixli Əlavə Sazişlər və həmin müqavilənin təminatı olaraq, Cavabdeh3 məxsus yaşayış sahəsinə dair 11.07.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 isə müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da Cavabdeh1 01.03.2021-ci il tarixə, 05.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 91294,17 manat əsas borcu, 10744,92 manat faiz borcu olmaqla, cəmi 102039,09 manat məbləğində borcunun olması qeyd edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməklə iddia irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, Şəhla Hüseynova kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının 10.03.2022-ci il tarixli, 9/8878 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 05.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 05.11.2020-ci il tarixə Cavabdeh1 iddiaçıya 91119,56 manat əsas, 7592,26 manat məbləğində faiz borcu vardır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun və digər xərclərin ödənilməsi və ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 qızının Fərdi Mənzildən çıxarılmasına dair hissəsələrini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə də əsaslıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 qızının həmin evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissələri də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinə yönəldilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin yaşayış sahəsinin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmeti olan Mənzilin likvid dəyərinin 133 000 manat müəyyən edilməsi hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC-nin 30.07.2021-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus Mənzilin likvid dəyəri 164.000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə həmçinin iddianın bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqının Cavabdeh1 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə ipoteka predmeti olan Mənzilin qiymətləndirilməsinə görə xidmət haqqının tərəflərdən tutulması ilə bağlı qeyd edir ki, həmin xidmət haqqı Cavabdeh1 tərəfindən könüllü olaraq ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 97%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 91119,56 manat əsas, 7592,26 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı olmaqla, cəmi 98711,82 manat pul və iddia ərizəsinin verilməsi üçün 29,10 manat məbləğində dövlət rüsumu, Cavabdeh1 alınaraq «X2» ASC-yə ödənilsin. Tələb Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilin likvid dəyəri 164.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən «X2» ASC-yə olan 98740,92 manat məbləğində pul ödənilsin, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 qızı Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsmunun 0,90 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza xərcinin 194 manat hissəsi Cavabdeh1, 6 manat hissəsi “X2” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar