Məhkəmə qərarları › İş №2(011)-9348/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9348/2023

21.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9348/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2023-cü il tarixində 10 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında “uşaqlarla ünsiyyət tələbinə dair” mediasiya işi üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbi üzrə barışıq sazişinin məcburi icra olunmaı barədə qərardad çıxararaq, həmin qərardadın Xətai rayon İcra şöbəsinə göndərilməsini, ödənilmiş 150 manat mediasiya xərci və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2023-cü il tarixində 10 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında “uşaqlarla ünsiyyət tələbinə dair” mediyasiya işi üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbi üzrə barışıq sazişi (bundan sonra Saziş) bağlanmışdır. Həmin Sazişin 1ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, ata Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə həftənin şənbə günü saat 09:00-21:00 aralığında, bazar günü 09:00-17:00 aralığında, bayram günləri hesab olunan günlərdən bir gün sonra, atanın doğlum günü (31 iyul) saat 09:00-21:00 aralığında görüş təşkil olunsun. Həmin Sazişin 2-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, ata birgə nikahdan olan övladları xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə həftənin bütün günləri saat 13:00-21:00 aralığında telefon danışı aparsın. Hazırda Maraqlı şəxs bağlanmış Sazişin könüllü icrasından boyun qaçıraraq ata Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə görüş və ünsiyyət saxlamasından imtina edir. Bu səbəbdən 14 sentyabr 2023-cü il tarixində 10 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında “uşaqlarla ünsiyyət tələbinə dair” Barışıq Sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, barışıq sazişini məcburən imzalamışdır. Belə ki, həmin Sazişin 1-ci bəndinə əsasən Ərizəçi övladları xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə həftənin şənbə günü saat 09:00-21:00 aralığında, bazar günü 09:00-17:00 aralığında, bayram günləri hesab olunan günlərdən bir gün sonra, atanın doğlum günü (31 iyul) saat 09:00-21:00 aralığında görüşü qeydedilmişdir. Halbuki həmin vaxtın müəyyən edilməsi məktəbli olan uşaqların mənafeyinə uyğun deyil, uşaqlar məktəbə, hazırlığa gedir. Uşaqların bu müddətdə atası ilə qalması ana kimi onun hüquqlarını məhdudlaşdıraraq, onun valideyn kimi azyaşlı uşaqların məktəbə hazırlığı, gigiyenası və sair məsələlərlə məşğul olmaq imkanını məhdudlaşdırır. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər razılığa gəlmişlər ki, ata Ərizəçi birgə nikahdan xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə həftənin şənbə günü saat 09:00-21:00 aralığında, bazar günü 09:00-17:00 aralığında, bayram günləri hesab olunan günlərdən bir gün sonra, atanın doğlum günü (31 iyul) saat 09:00-21:00 aralığında görüş təşkil olunsun, ata birgə nikahdan olan övladları xx.xx.2016cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə həftənin bütün günləri saat 13:00-21:00 aralığında telefon danışığı aparsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin “uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ” başlıqlı 50-ci maddəsinə görə isə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli «Yohansen Norveçə qarşı» qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində “uşaqlarla ünsiyyət tələbinə dair” 14 sentyabr 2023-cü il tarixli Barışıq sazişi bağlanmış, lakin hazırda tərəflər arasında həmin barışıq sazişinin icrasında mübahisə mövcuddur. Belə ki, həmin Sazişin 1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, ata Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulan X4 ilə həftənin şənbə günü saat 09:00-21:00 aralığında, bazar günü 09:00-17:00 aralığında, bayram günləri hesab olunan günlərdən bir gün sonra, atanın doğum günü (31 iyul) saat 09:00-21:00 aralığında görüşün təşkil olunması qeyd edilsə də, Maraqlı şəxs həmin sazişi imzalamağa məcbur edildiyini bildirərək, sazişdə müəyyən edilmuş vaxtın uşaqların mənafeyinə zidd oduğunu və onun ana kimi hüquqlarını və vəzifələrinin icrasını məhdudlaşdırdığını bildirmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin predmeti uşaqlarla ünsiyyətin müəyyən edilməsi olduğundan, sazişdə müəyyən olunmuş şərtlər uşaqların mənafeyinə zidd olduğundan və digər valideynin hüquqlarını və vəzifələrinin icrasını məhdudlaşdırdığından, tərəflər arasında sazişin şərtləri ilə bağlı mübahisə mövcud olduğundan, ailə qanunvericiliyinin imperativ tələbinə görə uşaqların mənafeyinə uyğun olan uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının müvafiq rəyi alınmaqla məhkəmə qaydasında həll olunan tələb olduğundan, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 sentyabr 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, uşaqla ünsiyyət hüququ pozulan valideynə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 sentyabr 2023-cü il tarixli Barışıq sazişin təsdiq edilməsindən imtina edilsin. Uşaqla ünsiyyət hüququ pozulan valideynə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar