Məhkəmə qərarları › İş №2(011)-948/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-948/2025

09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-948/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 01 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X4 01 avqust 2024-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Təcili və X6 çağırılsa da həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və BŞT və TTYS-nm 11 saylı bölməsi tərəfindən tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Abşeron rayonu Məhəmmədi kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhum yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də yaşadığı ərazi üzrə 46 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu barədə 04 noyabr 2024-cü il tarixli imtina məktubu verilmişdir. Nəticədə ərizəçidə ölümü təsdiq edən tibbi sənədlər olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda isə ölüm şəhadətnaməsi olmadığına görə Ərizəçi ölümlə bağlı dəfn müavinətini də ala bilmir. Ərizəçi atası X1 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün AR Ədliyyə Nazirliyi 1 saylı ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. AR ƏN 1 saylı ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsinin təqdim etdiyi 12 noyabr 2024-cü il tarixli imtina məktubunda qeyd olunur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır və ölüm faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi və onun vəkili ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdilər. Maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, mərhum onun bacısının əri olmuşdur. Mərhum xəstə olmuş, 01 avqust 2024-cü ildə vəfat etmişdir. Onun yas mərasimi mərhumun evində təşkil edilmişdir. Mərhum Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 öz izahatında bildirdi ki, mərhum onun qonşusu olmuşdur. Mərhum arvadının vəfatından sonra xəstə olmuşdur və 01 avqust 2024-cü ildə vəfat etmişdir. Onun yas mərasimi yaşadığı evdə təşkil edilmişdir. Mərhum Məmmədli qəbirstanlığında dəfn edilmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. O, ərizəçinin atası olmuşdur. Təcili və X6 Stansiyasının 01 avqust 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 01 avqust 2024-cü il tarixdə X1 yaşadığı ünvanda həkim yanında ölüm baş vermişdir. 46 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, X2 ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 12 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 01 avqust 2024-cü il tarixdə vəfat etmiş və Abşeron rayonu Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il tarixdə anadan olmuş X1 01 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X1 01 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar